Məhkəmə qərarları › İş №e-2(011)-6789/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6789/2023

06.09.2023 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6789/2023 06.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Kreditor Borclu qarşı “məhkəmə əmrinin çıxarılması” barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci ildə doğulmuş Borclu xx.xx.2021-ci il tarixli HAK6002128 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1740 manat məbləğində əsas borc, xx.xx.2021-ci il tarixli HAK6002293 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 930 manat məbləğində əsas borc və 100 manat məbləğində ödənilmiş dölət rüsumunun, cəmi 2770 manat məbləğində pul vəsaitinin alınaraq Kreditor MMC-nin hesabına ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanması əsası ilə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi “iddiaçı Kreditor MMC-nin nümayəndəsi Nümayəndə” tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surəti”ndən görünür ki, Nümayəndə Kreditor MMC tərəfindən xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi ilə işə götürülmüş və həmin əmək müqaviləsinin müddəti xx.xx.2023-cü il tarixində bitmişdir. Nümayəndə tərəfindən hazırkı iddia tələbinə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur ki, həmin tarixdə Nümayəndə ilə Kreditor MMC arasında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə xidməti vəziyyəti göstərilməyən şəxs kimi Nümayəndə Kreditor MMC-nin adından iddia ərizəsini imzalamaq hüququ olmamışdır. Həmçinin işə əlavə edilmiş sənədlərdə Nümayəndə ilə Kreditor MMC arasında bağlanmış əmək müqaviləsinin müddətinin uzadılmasına dair hər hansı sübut öz əksini tapmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandığından ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən, ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bununla belə məhkəmə qeyd edir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268, 278-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin Borclu qarşı borcun ödənilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar