Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6902/2025 17.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə “əmək haqqının ödənilməməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı1 xeyrinə– işdən çıxmasına baxmayaraq cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş son haqq-hesab aparılmadığından, ödənilməmiş əmək haqqı, istifadə edilməyən əmək məzuniyyəti günləri, vurulmuş mənəvi zərər və əmək haqqının gecikdirilməsi nəticəsində yaranmış 2984 manat əsas borc məbləği, gecikməyə görə hesablanmış 3178 manat cərimənin, mediasiya xərci kimi ödənilmiş 61 manat məbləğin, ümumilikdə 6223 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; İddiaçı2 xeyrinə – işdən çıxmasına baxmayaraq cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş son haqq-hesab aparılmadığından, ödənilməmiş əmək haqqı, istifadə edilməyən əmək məzuniyyəti günləri, vurulmuş mənəvi zərər və əmək haqqının gecikdirilməsi nəticəsində yaranmış 4136 manat əsas borc məbləğinin, gecikməyə görə hesablanmış 3878 manat cərimənin ümumilikdə 8014 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, Dövlət Sosial Müdafiə Fonduna qanunla nəzərdə tutulmuş məcburi ödənişləri tam şəkildə həyata keçirilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbinin dəlilləri: İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1 (xx.xx.2024– xx.xx.2025-ci il tarixlərində hüquqşünas vəzifəsində) və İddiaçı2 (xx.xx.2025-xx.xx.2025 tarixlərində biznesin inkişafı üzrə menecer vəzifəsində) Cavabdeh MMC-də əmək müqavilələri əsasında çalışmışdırlar. Buna baxmayaraq, cavabdeh işəgötürən kimi üzərinə düşən qanuni öhdəlikləri kobud şəkildə pozmuşdur. Belə ki, 2025-ci ilin yanvar ayında ödənilməli olan əməkhaqqının bir hissəsi 19 mart tarixində, digər hissəsi isə 25 aprel tarixində ödənilmişdir. Fevral ayı üçün ödənilməli olan əməkhaqqı isə ümumiyyətlə ödənilməmişdir. İddiaçılar bildirir ki, bu vəziyyət onların maddi vəziyyətlərini çətinləşdirmiş və nəticədə, əməkhaqqının gecikməsi və tam ödənilməməsi əmək hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla yanaşı, maddi çətinliklər və digər öhdəliklərin yerinə yetirilməməsi nəticələnmişdir. Belə ki, işçi öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliklərini vaxtında yerinə yetirə bilməmək isə onlar üçün əlavə zərərə gətirib çıxarmışdır. (gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). İddiaçılar qeyd edirlər ki, işdən çıxmalarına baxmayaraq, qanunla nəzərdə tutulmuş son haqq-hesab aparılmamış və əməkhaqqı ilə yanaşı, digər ödənişlər tam şəkildə ödənilməmişdir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Lakin bu günə qədər onlara ödənişin nə vaxt həyata keçiriləcəyi ilə bağlı heç bir məlumat verilməmişdir. Əmək hüquqlarını qorumaq məqsədilə əmək müfəttişliyinə və mediasiya orqanlarına müraciət edilmişdir. Buna baxmayaraq, Əmək Müfəttişliyi tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılması təmin olunmamış, qarşı tərəf nə mediasiyada iştirak etmiş, nə də digər şəkildə bizə məlumat verməmişdir. Həmçinin, ödənilməmiş əmək haqqının, istifadə edilməyən əmək məzuniyyəti günlərinə, vurulmuş mənəvi zərərə və əmək haqqının gecikdirilməsinə görə qanunvericiliklə nəzərdə tutulmuş cərimənin müvafiq qaydada tətbiq edilməsini tələb edirlər. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəyə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bundan əlavə, cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məcburi ödənişlər vaxtında və tam şəkildə köçürülməmişdir. Cavabdehin ödənişləri vaxtında və tam şəkildə köçürməməsi yalnız əmək hüquqlarını pozmaqla kifayətlənmir, həmçinin sosial təminat hüquqlarını da ciddi şəkildə pozur. Bu, işçilərin pensiya təminatı, tibbi sığorta və digər sosial yardım hüquqlarına ziyan vurur. Tərəflərin izahatları: İddiaçı1 məhkəmə iclasında bildirdi ki, Cavabdeh MMC-də xx.xx.2024–xx.xx.2025-ci il tarixlərində hüquqşünas vəzifəsində işləmiş, lakin işlədiyi dövrlərdə əmək haqqı ödənilməmiş, işdən çıxdıqda da ona verilməli olan son haqq hesab aparılmamış, müraciət etdikdə isə ödənişlər ediləcəyi bildirilmişdir, cavabdeh işəgötürən kimi üzərinə düşən qanuni öhdəlikləri kobud şəkildə pozmuşdur. İddiaçı2 məhkəmə iclasında bildirdi ki, Cavabdeh MMC-də xx.xx.2025-xx.xx.2025 tarixlərində biznesin inkişafı üzrə menecer vəzifəsində işləmiş, lakin işlədiyi dövrlərdə əmək haqqı ödənilməmiş, işdən çıxdıqda da ona verilməli olan son haqq hesab aparılmamış, müraciət etdikdə isə ödənişlər ediləcəyi bildirilmişdir, cavabdeh işəgötürən kimi üzərinə düşən qanuni öhdəlikləri kobud şəkildə pozmuşdur. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin o, (nümayəndəsi) məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə 6 ay müddətinə, İnsan resursları üzrə mütəxəssis vəzifəsinə, aylıq əmək haqqı 1126,86 manat əmək müqaviləsi bağlanmışdır, İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə 6 ay müddətinə, hüquqşünas vəzifəsinə, aylıq əmək haqqı 555,43 manat əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, əmək müqaviləsinə dəyişiklik edilərək, İddiaçı1 ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə 6 ay müddətinə, hüquqşünas vəzifəsinə, aylıq əmək haqqı 841,14 manat əmək müqaviləsi bağlanmışdır, İş materiallarında olan Paşa bank tərəfindən verilən İddiaçı2 məxsus çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi heç bir ödəniş olunmamışdır. İş materiallarında olan Paşa bank tərəfindən verilən İddiaçı1 məxsus çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 96 manat, xx.xx.2025-ci il tarixdə 227,27 manat, xx.xx.2025-ci il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 150 manat əməkhaqqı ödənişləri olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/20/2025-00702 saylı Bakı 20 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı2 medisiya sessiyasında iştirak edərək işsizlik arayışına əsasən dövlət rüsumundan azad edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/6-01477 saylı Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı2 medisiya sessiyasında iştirak edərək 60 manat mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan eroom.e-social.gov.az saytından əldə olunmuş İddiaçı1 məxsus fərdi şəxsi hesabdan çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən sosial sığorta haqları ödənilməmişdir. İş materiallarında olan İddiaçı1 məxsus əmək kitabçasından görünür ki, əmək müqaviləsinə Cavabdeh MMC ilə arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. İş materiallarında olan çıxarışdan görünür ki, İddiaçı2 ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, müqavilə xx.xx.2025-ci il tarixdə bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası ƏM-nin 3-cü maddəsinin 1-3-cü və 5-ci hissələrinə əsasən, müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndindən görünür ki, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci bəndindən görünür ki, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən, əmək haqqının verilməsi müddətləri:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndindən görünür ki. işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə daxildir. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Həmin Məcəllənin 290-cı maddəsinə əsasən 1-ci bəndindən görünür ki, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçıların izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı1 ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. İddiaçı2 ilə Cavabdeh MMC arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. İddiaçı2 məxsus Paşa bank tərəfindən verilən çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi heç bir ödəniş olunmamışdır. İddiaçı1 məxsus Paşa bank tərəfindən verilən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 96 manat, xx.xx.2025-ci il tarixdə 227,27 manat, xx.xx.2025-ci il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 150 manat əməkhaqqı ödənişləri olmuşdur. Göründüyü kimi işəgötürən və işçilər arasında əmək müqaviləsi bağlanmış, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, işçilər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmişlər, lakin işəgötürən tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəssinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunan Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Sadalanan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddiaçılar işlədikləri dövr ərzində onlara ödənilməmiş əmək haqlarını cavabdehdən məhkəmə qaydasında tələb etməkdə haqlıdırlar. Məhkəmə həmçinin hesab edir ki, işçilərə əmək haqları hal-hazırki tarixədək ödənilmədiyindən, bu hal işəgötürənin təqsiri ucbatından yarandığından, hər gecikdirilmiş gün üçün işçilərə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulan zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Son haqq-hesab işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verildiyi tarixə qədərki dövrə görə işlənmiş iş günlərinə görə əməkhaqqı, istifadə edilməmiş məzuniyyətin kompensasiyası və qanunda nəzərdə tutulan formada və hallarda ödənilməli müavinətdən ibarət olan vəsaitdir. Əmək müqaviləsinə xitam verilmə səbəbindən asılı olmayaraq işçiyə müvafiq iş ilində istifadə olunmayan məzuniyyətə görə pul əvəzi, yəni kompensasiya verilməlidir. Kompensasiya yalnız istifadə olunmayan əsas məzuniyyətlər üçün ödənilir. Əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödəmələrin tutulması təmin edilməlidir. İşçilərə təyin edilən kompensasiyalar qanunvericiliyə uyğun olaraq əmsallaşdırılıb ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı1 son haqq-hesab olaraq 30 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası Cavabdeh MMCdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Əmək Məcəlləsinin 131-ci maddəsindən görünür ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi, İddiaçı1 xx.xx.2024-cü il tarixdə işə balamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, qanunla nəzərdə tutulan 6 aylıq müddəti keçmiş, 30 günlük istifadə edilməmiş əmək məzuniyyəti qalmışdır. Məhkəmə İddiaçı2 münasibətdə qeyd edir ki, son haqq-hesab olaraq 10 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Əmək Məcəlləsinin 140-cı maddəsinin 2-ci hissəsində qeyd olunmuşdur ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı2 xx.xx.2025-ci il tarixdə işə başlamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsi 3 ay 26 gün qüvvədə olduğundan istifadə edilməmiş əmək məzuniyyəti dövrü 10 gün hesablanmalıdır.(Bir aya düşən məzuniyyət günlərinin sayı: 30 gün/12 ay =2,5; İstifadə edilməmiş məzuniyyət günlərinin sayı: 2,5 * 4 ay ( 3 ay 26 gün≈4 ay)=10 gün) Məhkəmə həmçinin iddia tələbinin mənəvi zərərin ödənilməsinə dai hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddiaçılara dəymiş mənəvi zərərin hər birinə 1000 manat məbləğində müəyyən edilməsini məqbul sayır.Belə ki, işin həqiqi hallarından görünür ki, iddiaçılara işlədiklərinin nəticəsi olaraq əmək müqaviləsində qeyd edilən məbləğdə əmək haqqlarını almamışlar və ya qismən almışlar, buna baxmayaraq onlar əmək fəlaiyyətinə davam etmişlər. Belə olduğu təqdirdə, yəni haqqı ödənilmədən iddiaçıların işləməsi və umduqları məbləğdə əmək haqqını almamaları onlarda motivasiyanın düşməsi, məyusluq hissələri doğurmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məcburi dövlət sosial sığorta haqqı - sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. İş materiallarından görünür ki, işçilərin sosial sığorta haqları Cavabdeh MMC tərəfindən ödənilməmişdir. Buna görə də iddia tələbi bu hissədə təmin edilərək, Cavabdeh üzərinə işçilərin sosial sığorta haqlarının ödənilməsi öhdəliyi qoyulmalıdır. Sadalanan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilrək, İddiaçı1 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı və həmin məbləğ hal-hazıradək ödənilmədiyindən qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc, son haqq-hesab olaraq 30 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası və 1000 manat məbləğində mənəvi zərər, İddiaçı2 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı və həmin məbləğ hal-hazıradək ödənilmədiyindən qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc, son haqq-hesab olaraq 10 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası və 1000 manat məbləğində mənəvi zərərin əvəzi Cavabdehndən tutularaq ödənilməlidir. Həmçinin Cavabdeh üzərinə sosial sığorta haqlarının İddiaçı1 və İddiaçı2 fərdi şəxsi hesablarına köçürülməsi öhdəliyi qoyulmalıdır.
Məhkəmə xərcləri: AR Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddiaların məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçının 61 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyində iddianın bu hissəsi təmin edilməməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı1 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı və həmin məbləğ hal-hazıradək ödənilmədiyindən qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc, son haqq-hesab olaraq 30 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası və 1000 manat məbləğində mənəvi zərərin əvəzi Cavabdehndən tutularaq ödənilsin. İddiaçı2 xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı və həmin məbləğ hal-hazıradək ödənilmədiyindən qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc, son haqq-hesab olaraq 10 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası və 1000 manat məbləğində mənəvi zərərin əvəzi Cavabdehndən tutularaq ödənilsin. Cavabdeh üzərinə sosial sığorta haqlarının İddiaçı1 və İddiaçı2 fərdi şəxsi hesablarına köçürülməsi öhdəliyi qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva