Məhkəmə qərarları › İş №e-2(011)-6920/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6920/2023

15.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6920/2023 15.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C230” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 910,00 (doqquz yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Xaçmaz RPŞ DYPB-dən ünvanımıza İnzibati Xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasən Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 342.1.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Xaçmaz RPŞ DYPB-nin"xxxx" ASC-yə təqdim etdiyiArayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı (“D” kateqoriyası olmadan) müəyyən olunmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İV hissəsinin 5-ci bəndində “D” kateqoriya sürücülük vəsiqəsi sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün olduğu qeyd olunmuşdur.

İddiaçının tələbi:

2. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği olan 910 (doqquz yüz on) manat, 30 (otuz) manat dövlət rüsumu olmaqla ümumilikdə 940 (doqquz yüz qırx) manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

Cavabdehin etirazı:

3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və digər sənədlər təqdim edilməmişdir.

Tərəflərin izahatı:

4. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Mercedes Benz C230” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 910,00 (doqquz yüz on) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı (“D” kateqoriyası olmadan) müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab edir.

İş materiallarına əlavə edilmiş sənədlər:

6. Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasına əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında sığorta müqaviləsi bağlanmışdır. “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. Nəqliyyat vasitəsinin növü avtobus, oturacaq yerlərinin sayı 11-dir.

7. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən 910 manat sığorta ödənişi edilmişdir.

8. xx.xx.2020-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışa əsasən, “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Cavabdeh olmuşdur. Zərər vurulmuş avtomobil “Mercedes Benz C230” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur.

9. İnzibati tənbeh vermə haqqında İP ******* nömrəli Qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının 342.1.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun barəsində 40 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.

10. AD206567 nömrəli Cavabdeh məxsus Sürücülük vəsiqəsinə əsasən, sürücülük vəsiqəsi BC kateqoriyalıdır.

11. AA 384447 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur.

12. Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında ƏN-Vİİ 289015 nömrəli etibarnaməyə əsasən, X4 “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh etibar etmişdir.

13. xx.xx.2020-ci il tarixli Hesablama aktına əsasən “Mercedes Benz C230” markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobilin zərər dəymiş ehtiyat hissələri üçün 445 manat, əməkhaqqı üçün 465 manat olmaqla ümumilikdə 910 manat məbləğ hesablanmışdır.

14. xx.xx.2020-ci il tarixli 20-04821/09/ AA-3680/20 nömrəli Sığorta aktına əsasən sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə Xaçmaz şəhərində baş vermişdir, dəymiş zərər 910 manat hesablanmışdır.

15. xx.xx.2023-cü il tarixli AS-23/532 nömrəli geriyə tələb (subroqasiya) məktubuna əsasən, borcun ödənilməsi əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

17. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 22.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir.

19. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu:

34. İ. Sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

34. İV. Bu Qanunun 34-cü maddəsinin İİ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları göstərilir: ... 3) “B” - aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün: “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri; qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri; qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri;... 4) “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün; ... 5) “D” - sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə mülki iş üzrə tərəfin izahını, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

23. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh ““X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmiş, xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati tənbeh vermə haqqında Qərara və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərə əsasən, yol-nəqliyyat hadisəsinin baş verməsi öz təsdiqini tapmışdır.

24. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, avtomobili idarə edən Cavabdeh məxsus AD206567 nömrəli Sürücülük vəsiqəsinə əsasən, sürücülük vəsiqəsi BC kateqoriyalıdır. (§10) Lakin “X6 11Y” markalı, ** GX *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün “D” kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən cavabdehin yol-nəqliyyat hadisəsi baş verən zaman həmin avtomobili idarə etmək hüququ mövcud olmayıb. (§ 19)

25. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranma hallarından biri icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsidir. Bu zaman subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. (§18)

26. Mülki Məcəllənin subroqasiya hüquqi ilə bağlı müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Birinci şərt, yəni, sığorta hadisəsinin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, sığorta obyektinə zərərin dəyməsi öz təsdiqini tapır. İkinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də mülki iş materialları ilə təsdiq edilir.

27. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh 910 (doqquz yüz on) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.

Məhkəmə xərcləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

29. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh 910 (doqquz yüz on) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar