Məhkəmə qərarları › İş №e-2(011)-7116/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7116/2025

16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7116/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh və onun nümayəndəsi İbrahimov Saiatın iştirakları ilə, İddiaçı İbragimova Nailanın Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı İbragimova Naila Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 analarının yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 246 manat cəmi 738 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq İbragimova Nailaya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 Respublikasının vətəndaşıdır. Uzun müddətdir ki, Bakı şəhərində yaşayır. El adət-ənənəsi ilə Cavabdeh ilə ailə quraraq bir yerdə yaşamışlar. Rəsmi nikahları olmasa da, onunla faktiki nikahda olub. Ailə kimi bir evdə yaşadıqları müddətdə xx.xx.2002-ci il tarixdə X1, xx.xx.2004-cü il tarixdə X8, xx.xx.2009-cu il tarixdə X9, xx.xx.2015-ci il tarixdə X11 və xx.xx.2017-ci il tarixdə X12 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar ailə münasibətləri yaxşı olsa da, son zamanlar tam olaraq pozulmuş və nəticədə cavabdehlə ailə kimi bir yerdə yaşamağı qeyri-mümkün hala gəlmişdir. Belə ki, cavabdeh ailə dəyərlərinə uyğun olaraq öz ailəsinə baxmır, onlara nə maddi, nə də ki mənəvi hər hansı köməklik etmir. 6 aya yaxın müddətdir ki, cavabdeh ailəsinə bir manat da olsun köməklik göstərmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin bu məqsədlə mediasiya sessiyasının keçirilməsi üçün 10 saylı Mediasiya təşkilatına müraciət etmiş, mediasiya prosesi baş tutmamış və xx.xx.2025-ci il tarixdə mediasiya sessiyasında iştirakı təsdiq edən sənədi almışdır. Tərəflərin mövqeləri: İddiaçı İbragimova Nailanın vəkili və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. O, izahatında bildirmişdir ki, iddiaçıya sahibkarlıq fəaliyyəti göstərməsi üçün un məmulatlarının satıldığı “Qızıl əllər” şirniyyat evinin açılmasına köməklik etmişdir. Bu məqsədlə öz avtobusunu girov qoyaraq kredit götürmüş və həmin məbləği iddiaçının biznesinə xərcləmişdir. Hazırda həmin krediti də cavabdeh özü ödəyir. Cavabdeh eyni zamanda bildirmişdir ki, o ikinci dəfə ailə həyata qurmuşdur. Cavabdehin nümayəndəsi İbrahimov Saiat məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Bakı 10 saylı Mediasiya Təşkilatının mediatoru X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/10/2025-00491 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İbragimova Naila nikahın pozulması, uşaqların ananın yanında qalması, alimet və əmlak tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. İlkin mediasiya sessiyası ilə bağlı 60 manat mediasiya xərci ödənilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 955372 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 955373 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ № 955374 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ № 612210 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ № 958098 seriyalı Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, anası İbragimova Naila, atası Cavabdehdur. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İ № 241443 seriyalı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 atası hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ № 201458 seriyalı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2004-cü il tarixdə anadan olmuş X3 atası hesab edilmişdir. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ № 201459 seriyalı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixdə anadan olmuş X2 atası hesab edilmişdir. Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ № 330261 seriyalı Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə anadan olmuş X5 atası hesab edilmişdir. İşin müəyyən edilən halları: Tərəflərin rəsmi nikahları olmasa da, İbragimova Naila ilə Cavabdeh faktiki nikah münasibətlərində olmaqla bir ailə kimi yaşamışlar. Bu faktiki nikah münasibətindən tərəflərin 5 övladı anadan olmuşdur. Hazırda iddiaçı İbragimova Naila yetkinlik yaşına çatmayan X2, X4 və X5 onun yanında saxlanılması və həmin uşaqların saxlanılması üçün alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17, İİ hissə. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk olaraq qeyd edir ki, tərəflərin faktiki nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların valideynlərin hansının yanında saxlanılması tələbinə qiymət verilməlidir. Qanunvericilikdə valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin iki qaydası nəzərdə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin yanında qalmaqla; ikincisi, məhkəmə tərəfindən. Bu qayda uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə uşaqların hüquq və məafelərini, uşaqlarla valideynləri, digər qardaş-bacıları ilə bağlılığını, onların rəyini, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini nəzərə almaqla uşaqların yaşayış yerini müəyyən edilməsi barədə qərar qəbul edir. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların hal-hazırda iddiaçının yanında olmasını, uşaqların anasının yanında saxlanılmasına maneə ola biləcək halların müəyyən edilməməsini və tərəflər arasında uşaqların yaşayış yeri ilə bağlı mübahisənin olmadığını nəzərə alaraq hesab edir ki, uşaqların faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında saxlanılması məqsədəuyğundur. Həmçinin, qanunvericilik valideynlərin öz uşağını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə cavabdehdən sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşaqların valideyni olduğundan, uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşadığından və alimentin ödənilməsi barədə tərəflər arasında razılıq olmadığından iddiaçı aliment tələbini irəli sürməkdə haqlı olmuşdur. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun. İddiaçı cavabdehdən sabit pul məbləğində hər ay hər uşağa görə 246 manat miqdarında cəmi 738 manat aliment tələb etsə də, məhkəmə hesab edir ki, alimentin həmin məbləğdə tutulması, cavabdehin maddi vəziyyəti nəzərə alındıqda onu həddən artıq ağır maddi duruma sala bilər. Həmçinin, iddiaçı da cavabdehin tələb etdiyi alimenti ödəyə biləcək maddi duruma sahib olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş cavabdehin gəlir məlumatları əsasında müəyyən edilir ki, cavabdehin qüvvədə olan rəsmi iş yeri yoxdur. Odur ki, məhkəmə, həm uşaqların maddi cəhətdən təmin olunmasının zəruriliyini, həm cavabdehin maddi imkanını və həm də onun ikinci dəfə ailə qurmasını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər uşağa görə 200 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2025-ci il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,5 misili (200 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 manat (2025-ci il üzrə minimum əmək haqqı) = 0,5 ) həddində tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin hesab edir ki, iddiaçı ilkin mediasiya sessiyyası keçirilməsi məqsədilə mediasiya təşkilatına müraciət etmiş və mediasiya xərcini ödəməsi ilə əlavə xərc çəkmişdir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsində alimentin alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilmişdir. Tutulan alimentin 1 illik məcmusu isə 7200 manatdır (600 manat x 12 ay = 7200 manat). Bu halda, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə uyğun olaraq iş üzrə ödənilməli dövlət rüsumunun məbləği 92 manat təşkil edir. Lakin mediasiya prosesində çəkilən xərc həddində tərəf dövlət rüsumundan azad edildiyindən və iddiaçı tərəf məhkəmə xərclərinin onun xeyrinə tutulması barədə tələb irəli sürmədiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun 32 manat məbləğində hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X9, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X12 anaları İbragimova Nailanın yanında saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-16(011)-657/2025 nömrəli xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qərardadları nəzərə alınmaqla) xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment Cavabdehdan tutularaq iddiaçı İbragimova Nailaya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 32 manat məbləğində dövlət rüsumu Cavabdehdan alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar