Məhkəmə qərarları › İş №e-2(011)-7142/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7142/2025

27.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7142/2025 27.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “pul vəsaitinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 276,67 Avro overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 11,58 Avro faiz borcu olmaqla cəmi 288,25 Avro məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofis ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********6954-140751 saylı kart hesabı açılmış və ona kart verilmişdir. xx.xx.2023-cü il tarixində qanuna əsasən müştərinin **********6954-140751 saylı hesabından 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Bankdan qazanılmış bonusa görə 289,37 Avro vəsait silinmişdir. Müştərinin hesabında həmin tarixdə vəsait olmadığına görə 288,94 Avro overdraft borcu yaranmışdır. Daha sonra müştəri tərəfindən hesabına edilmiş mədaxillər (cəmi 12,27 Avro) onun overdraft borcundan silinmişdir. Hal-hazırda Cavabdeh xx.xx.2025-cü il tarixinə 276,67 Avro overdraft borcu və Bankın əmlakını qanunsuz saxlamağa görə hesablanmış 11,58 Avro faiz borcu olmaqla cəmi 288,25 Avro borcu vardır. Cavabdeh bu barədə dəfələrlə şifahi xəbərdarlıq edilmiş və bildiriş məktubu göndərilmiş və artıq xərclənmiş pulun geri qaytarılması tələb edilmişdir. Lakin buna baxmayaraq, Cavabdeh bu günədək banka məxsus olan pul vəsaitinin qaytarılmasını təmin etməmişdir. Beləliklə, Cavabdeh bu günədək özgənin vəsaitini özündə qanunsuz saxlamaqla banka maddi zərər vurur. Tərəflərin mövqeləri: İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı izahatında bildirmişdir ki, iddiaçı kart hesabına etdiyi mədaxillərə görə 2023-cü ilin yanvar-oktyabr ayı üzrə 1739,4 Avro dəyərində bonus qazanmışdır. Həmin qazanılmış bonuslara görə gəlir vergisi tutulmuş, lakin cavabdehin bank hesabında həmin miqdarda pul vəsaiti olmadığına görə overdraft yaranmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış hesabın açılmasına və Kartmane debet karta dair KMP-00140751-241936/21 nömrəli razılaşmadan görünür ki, həmin razılaşmaya əsasən bank tərəfindən cavabdehə “Kartmane” debet kartı verilmiş və **********6954-140751 saylı kart hesabı açılmışdır. Müqavilənin 3.5-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, X1rşısında hər hansı bir əsasla yaranmış və ödəniş vaxtı çatmış istənilən borc öhdəliyini (kredit, hesablanmış faizlər və dəbbə pulu da daxil olmaqla), habelə Texniki (icazə verilməmiş) Overdraft nəticəsində və və ya səhvən Müştərinin hər hansı bir hesabına köçürülən digər vəsaitləri, Bank Tarifləri ilə tutulmalı olan xidmət haqqı/komissiya və digər ödənişləri təminat qismində rəsmiləşdirilib rəsmiiəşdirilməməsindən və bu Razılaşma ilə bağlı olubolmamasından asılı olmayaraq Müştərinin razılığı tələb olunmadan bu Razılaşma əsasında açılan Hesabdakı vəsaitindən mübahisəsiz qaydada akseptsiz olaraq silmək hüququna malikdir (əgər pul vəsaiti Müştərinin hesabından digər valyutalarda silinirsə, konvertasiya silinmə tarixinə Bankın tətbiq etdiyi müvafiq valyuta üzrə məzənnə əsas götürülməklə Bankın Tariflərinə əsasən həyata keçirilir. Cavabdeh məxsus Kartmane debet kartı üzrə çıxarış məlumatlarından aydın olur ki, 2023-cü ilin yanvar-oktyabr ayları üzrə qazanılmış bonuslar müxtəlif vaxtlarda cavabdehin kart hesabın mədaxil edilmiş, xx.xx.2023-cü il tarixdə istifadə edilmiş bonuslar üzrə 289,37 Avro gəlir vergisi tutulması olmuş, lakin cavabdehin kart hesabında həmin məbləğ mövcud olmamışdır. Daha sonra cavabdeh tərəfindən kart hesabına müxtəlif tarixlərdə edilmiş ümumilikdə 12,27 Avro məbləğində vəsait overdraft borcuna silinmişdir. İddiaçı ASC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 276,67 Avro məbləğində overdraft borcu və 11,58 Avro məbləğində faiz borcu vardır. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, 276,67 Avro overdraft borcunun və 11,58 Avro məbləğində pulun 3 iş günü ərzində geri qaytarılması, əks təqdirdə borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İşin müəyyən edilən halları: Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********6954-140751 saylı kart hesabı açılmış və ona kart verilmişdir. xx.xx.2023-cü tarixində qanuna əsasən müştərinin **********6954-140751 saylı hesabından 2023-cü ilin yanvar-oktyabr dövrü ərzində Bankdan qazanılmış bonusa görə 289,37 Avro vəsait silinmişdir. Müştərinin hesabında həmin tarixdə kifayət qədər vəsait olmadığına görə 288,94 Avro overdraft borcu yaranmışdır. Daha sonra müştəri tərəfindən hesabına edilmiş mədaxillərə əsasən 12,27 Avro məbləğində pul onun overdraft borcundan silinmiş, nəticədə cavabdehin Banka 276,67 Avro məbləğində overdraft borcu yaranmışdır. İddiaçı tərəfindən texniki overdraft nəticəsində yaranmış 276,67 Avro məbləğində pul vəsaitinin və 11,58 Avro faiz borcunun geri qaytarılması barədə Cavabdeh xəbərdarlıq edilsə də, Cavabdeh tərəfindən 276,67 Avro məbləğində pul vəsaiti və 11,58 Avro faiz borcu geri qaytarılmamışdır. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Məhkməmə qeyd edir ki, xx.xx.2021-ci il tarixli Kartmane debet karta dair Əsas şərtlər – Razılaşmaya əsasən **********6954-140751 saylı kart hesabı açılmış və cavabdehə bank tərəfindən kart verilmişdir. 2023-cü ilin yanvar-oktyabr ayları üzrə edilmiş əməliyyat dövriyyəsinə görə müxtəlif vaxtlarda cavabdehin kart hesabına mədaxil edilmiş bonuslara görə xx.xx.2023-cü il tarixində gəlir vergisinin ödənilməsi üçün hesabdan 289,37 Avro məbləğində pul tutulmuşdur. Cavabdehin hesabında həmin tarixdə kifayət qədər vəsait olmadığı üçün onun 288,94 Avro overdraft borcu yaranmışdır. Daha sonra cavabdeh tərəfindən kart hesabına edilmiş mədaxillərə əsasən 12,27 Avro məbləğində pul onun overdraft borcundan silinmiş, nəticədə cavabdehin Banka 276,67 Avro məbləğində overdraft borcu qalmışdır. Beləliklə, cavabdeh heç bir hüquqi əsas olmadan 276,67 Avro məbləğində əlavə pul vəsaiti əldə etmişdir. İddiaçının həmin pulu geri tələb etməsinə baxmayaraq cavabdeh əlavə əldə edilmiş pulu geri qaytarmamışdır. Bununla da cavabdeh qanun əsasında yaranmış öhdəliyini icra etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əlavə pul vəsaiti əldə edərək əsassız varlandığı üçün, iddiaçı həmin pul vəsitinin geri qaytarılması barədə iddia qaldırmaqda haqlı olmuşdur. Ona görə də əsassız ödənilmiş 267,67 Avro məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbini 11,58 Avro məbləğində faiz borcunun tutulması hissəsində əsaslı hesab edir. İşin mübahisəsiz halıdır ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya maddi zərər dəymiş, 267,67 Avro məbləğində pul vəsaitini qanunsuz olaraq saxlamaqla əldə edəcəyi faydadan məhrum olmuşdur. İddiaçı faiz borcunun 11,58 Avro məbləğində hansı əsasla hesablanması qaydasını iddia ərizəsində birbaşa qeyd etməsə də, məhkəmə qeyd edir ki, faiz borcu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən bank uçot dərəcəsinə uyğun olaraq hesablanmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissədə də təmin edilərək, 11,58 Avro məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə həmçinin iddianın ödənilmiş dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində iddiaçı məhkəmədə iddia qaldırmış, bununla dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Odur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 276,67 Avro overdraft borcu və 11,58 Avro faiz borcu olmaqla, cəmi 288,25 Avro məbləğində pul (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın avroya münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar