Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7371/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 05.07.2007-ci il təvəllüdlü X3 və 06.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının 1/3 hissəsi miqdarında, eləcə də hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment və uşaqların təhsil xərcləri üçün əlavə olaraq hər ay 300 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2006-cı ildə el adəti ilə evlənib ailə qurmuşdur. Nikah rəsmiləşdirməmişdir. Cavabdeh ilə faktiki nikah münasibətlərində olmaqla, ər-arvad kimi birlikdə yaşamış, birgə ailə təsərüfatı aparmışdır. Birgə nikahdan 05.07.2007-ci il təvəllüdlü X7 və 06.03.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Aralarında yaranmış narazılıqlar səbəbindən ayrılmış və hazırda ayrı təsərrüfat aparırlar. Hazırda, himayəsində olan iki yetliklik yaşına çatmayan övladı ilə birlikdə Bakı şəhərində kirayə mənzil tutub yaşayır. Keçən müddət ərzində uşaqların bütün maddi tələbatını valideyinlərinin köməkliyi ilə özü çəkmişdir. Cavabdeh isə bu müddət ərzində övladlarının saxlanması üçün heç bir maddi dəstək olmamışdır. Baxmayaraq ki, o Xətai rayonu Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə işləyir. Mübahisənin alternativ həlli qaydasında Mediasiya Şurasına müraciət etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyası barədə məlumatlı olsa da ümumiyyətlə mediasiya prosessində iştirak etmədiyi üçün X8 tərəfindən bu barədə müvafiq arayış və protokol tərtib edilmişdir. Bu səbəbdən də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək alimentin qazancının üçdə bir hissəsi miqdarında müəyyən edilməsi hissəsində təmin olunmasını, qalan hissədə rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan doğum haqqında və atalığçn müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin faktiki nikah münasibətlərindən 05.07.2007-ci il təvəllüdlü X7 və 06.03.2009-cu il təvəllüdlü X6 anadan olmuşdur. Bakı şəhəri Təhsil İdarəsinin 27.10.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh Bakı şəhəri Xətai rayon 86 saylı tam orta məktəbdə 2019-cı il tarixdən direktor vəzifəsində işləyir və onun aylıq əmək haqqı 851 manat təşkil edir. X8 tərəfindən tərtib edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 06.09.2021-ci il tarixli protokoldan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasıda iştirak etmədiyi üçün mediasiya prosesinə xitam verilmişdir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə- qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinin İİ hissəsinə əsasən, dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalanın pulsuz ümumi təhsil almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehin qazancı müntəzəm olmaqla alimentin müəyyən hissə kimi tutulması mümkün olduğuna görə 05.07.2007-ci il təvəllüdlü X7 və 06.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilməli, iddia tələbi qalan hissələrdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 05.07.2007-ci il təvəllüdlü X3 və 06.03.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq iddiaçı X4 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulmasına 15 sentyabr 2021-ci il tarixdən başlanılsın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(011)-7371/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-7371/2021
14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver