Məhkəmə qərarları › İş №e-2(011)-747/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-747/2024

23.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-747/2024 23.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Tərəflər xx.xx.2013-ci il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində akt qeydləri kitabında 587 nömrə ilə qeydə alınmışdır. Tərəflərin birgə nikahından üç övladları – xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşdur. Yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçı ilə birlikdə yaşayırlar. Tərəflərə barışmaları üçün 3 ay vaxt verilmiş, bu müddət ərzində onlar arasında barışıq əldə olunmamışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri:

2. İddiaçı cavabdehlə xx.xx.2013-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət“ Mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, övladları xx.xx.2006-cı il təvəllüdlü X2, xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması, cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 220 manat, cəmi 660 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahıdan üç övladları anadan olmuşdur. Cavabdehlə xarakterlərində bir çox ziddiyyətlər əmələ gəlmişdir. Belə bir hal onların bir ailə kimi yaşamaqlarına ciddi mane olur. Cavabdehdən ayrılmaq fikri qətidir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

8. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

9. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

10. Maddə 22.2.1. Boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir.

11. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

12. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

13. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

14. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır.

16. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. İşin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Onlar ayrı-ayrılıqda yaşayaraq birgə təsərrüfat aparmadıqlarından, artıq nikah münasibətləri faktiki olaraq pozulmuş, rəsmi nikahları isə hər hansı əhəmiyyətə malik olmayıb, yalnız formal olaraq zahiri görünüş cəhətdən mövcuddur. Buna görə də, hər hansı əhəmiyyətə malik olmayan, tərəflərin formal olaraq mövcud olan nikahlarının davam etməsinə hər hansı bir zərurət və lüzum yoxdur.

19. Məhkəmə qeyd edir ki, iddia həm də ona görə təmin edilməlidir ki, tərəflərə barışmaları üçün 3 ay vaxt təyin edilmiş, lakin onlar bu müddət ərzində də barışmamışlar. Hazırda isə iddiaçı nikahın pozulmasını təkid edir.

20. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaq iddiaçının yanında qalmalıdır.

21. Qanunvericilikdə valideynlər ayrı yaşadıqları halda uşaqların yaşayış yerinin müəyyən edilməsinin iki qaydası nəzrədə tutulmuşdur: birincisi, valideynlərin razılığı ilə onlardan birinin yanında qalmaqla; ikincisi, məhkəmə tərəfindən. Bu qayda uşaqların yaşayış yeri ilə bağlı valideynlər arasında razılıq olmadıqda mümkündür. Bu zaman məhkəmə uşaqların hüquq və məafelərini, uşaqlarla valideynləri, digər qardaş-bacıları ilə bağlılığını, onların rəyini, habelə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyi əsasında uşaqların yaşayış yerini müəyyən edilməsi barədə qərar qəbul edir.

22. İşin mübahisəsiz halıdır ki, tərəflər arasında uşağın yaşayış yeri ilə bağlı mübahisə yoxdur, cavabdeh uşağın ona verilməsi barədə məhkəməyə müraciət etməmişdir.

23. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların hal-hazırda iddiaçının yanında olmasını, uşaqların kiçik yaşlarında olmasını, uşağın anasının yanında saxlanılmasına maneə ola biləcək halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, uşağın faktiki vəziyyətə uyğun olaraq iddiaçının yanında saxlanılması daha məqsədəuyğundur.

24. Məhkəmə, həmçinin hesab edir ki, iddia alimentin tutulması hissəsində də təmin edilməlidir.

25. Valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıması (AM-nin 58.2-ci maddəsi), habelə uşaqlarına görə aliment ödəməklə onları saxlamaq vəzifəsi (AM-nin 75.1-ci maddəsi) qanunda imperativ qaydada müəyyən edilmişdir.

26. Ailə Məcəlləsində yetkinlik yaşına çatmayan uşaqlara görə alimentin tutulmasının 3 qaydası müəyyən edilmişdir: 1) alimentin, uşaqların sayından asılı olaraq valideynin qazancının, yaxud başqa gəlirlərinin müəyyən hissəsi miqdarında tutulması; 2) alimentin sabit pul məbləğində tutulması; 3) alimentin həm sabit, həm də valideynin qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında tutulması. Son iki qaydada aliment onu tələb edən şəxsin xahişi ilə tutulur. Hazırkı mübahisə üzrə alimentin sabit pul məbləğində tutulması tələbi olduğundan ikinci qayda tətbiq ediləcəkdir.

27. Məhkəmə qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, əvvəlki səviyyədə saxlanılmasına, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət etməlidir. Ona görə də, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu həm valideynin uşağı saxlamaq vəzifəsinə, həm də uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə mütənasib olsun.

28. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat məbləğində müəyyən edilməlidir.

29. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılaraq hər ay hər uşaq üçün 235 manat mələğində alimentin cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, həmin ərizə icraata qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Yalnız iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizəni xx.xx.2024-cü il tarixində verməklə qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür.

30. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır (Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsi).

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-ci il tarixdə 2 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində 587 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılsınlar. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar