Məhkəmə qərarları › İş №e-2(011)-7873/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-7873/2021

01.10.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-7873/2021 01.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, Kreditor ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Kreditor MMC ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 2420 manat borc məbləği, 200 manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun-cəmi 2640 manat tutularaq tələbkara ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ərizə Borclu 22.01.2020-ci il tarixli əşyanın nisyə alqı-satqı müqaviləsi üzrə 2420 manat məbləğində qalıq borcun və 200 manat cərimə borcunun alınaraq tələbkara ödənilməsi barədədir, tələbin əsasını tərəflər arasında 22.01.2020-ci il tarixində bağlanmış nisyə alqı-satqı müqaviləsi təşkil edir, həmin müqavilənin predmeti “Samsung Note 10-256GB Aura markalı əşyanı alıcıya satmasından, alıcının isə əşyanı qəbul edib əvəzində bu müqavilənin şərtlərini yerinə yetirməsindən ibarətdir, müqavilənin 5.1-5.2-ci bəndlərinə əsasən, bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr və fikir ayrılqları tərəflər arasında danışıqlar yolu ilə həll edilə bilər, həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mübahisələr müvafiq məhkəmələrdə həll edilir, ərizəçi borcluya dəfələrlə müraciət etdiyini bildirmişdir. Lakin buna baxmayaraq, kreditorun pretenziya qaydasına əməl etməsini sübut edən sənədlər ərizəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 266-268, 276 və 279-cu maddələrini rəhbər tutaraq qərara aldı: Kreditor MMC-nin “Borclu 2420 manat borc məbləği, 200 manat cərimə və 20 manat məbləğində dövlət rüsumunun-cəmi 2640 manat tutularaq tələbkara ödənilməsi” barədə ərizənin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar