Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-801/2024 23.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə edilmiş kredit borcunun bölünməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 48 ay müddətinə, 25 faizlə 24 yanvar 2023-cü il tarixdə götürülmüş 14.000 manat məbləğində kredit borcu üzərində ½ hissədə paylarının tanınması və hər ay banka ödəniləcək aylıq məbləğin 464.20 manat pulun ½ hissəsinin 232.10 manat pulun Cavabdeh aid edilməklə 38 ay müddətinə iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 10 may 2016-cı il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan 21 iyul 2017-ci ildə X1 və 26 aprel 2020-ci ildə X2 anadan olmuşdur. Cavabdehlə münasibətləri əvvəllər yaxşı olsa da, son dövrlər xasiyyətləri düz gəlməmiş, evdə tez-tez davalar olmuş, nəticədə Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə birgə nikahda olarkan “X3” ASC ilə iddiaçının arasında aşağıdakı kredit müqavilələri olmuşdur: 1) 23 aprel 2021ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik faiz dərəcəsi 35 faiz olmaqla 20.000 manat məbləğində kredit götürülmüşdür. 2) 08 may 2021-ci il tarixdə 60 ay müddətinə 10.000 manat məbləğində kredit alınmışdır. 3) 24 yanvar 2022-ci il tarixdə 22 faizlə ödəmək şərti ilə 6.000 manat məbləğində kredit götürülmüşdür. 4) 24 yanvar 2022-ci il tarixdə illik 29 faiz olmaqla, 1.000 manat kredit müqaviləsi bağlanmışdır. 5) 24 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-dən 14.000 manat məbləğində kredit götürülmüşdür. İddiaçı ayda 464.20 manat ödəyir. Hazırda götürdüyü bu son kredit borcu ilə digər borclar bağlanmışdır. Hazırda qüvvədə olan kredit müqaviləsi yalnız budur. 2023-cü ilin yanvar ayında ailə borclar içində olduğundan, digər bankları bağlamaq üçün tərəflər belə qərara gəlmişlər ki, ümumi məbləğdə olan kredit götürək, əvvəlki borcları bu pul ilə ödəsinlər. Elə də etmişlər. 24 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-dən 14.000 manat məbləğində kredit götürülmüşdür. Borcları krediti götürən kimi dərhal bağlamışlar. Qalan kiçik məbləğ ailənin ehtiyaclarına sərf edilmişdir. Sonradan ailə münaibətləri faktiki olaraq pozulmuşdur. İddiaçı uşaqları ilə evdən qovulmuşdur. Bundan sonra Xətai Rayon Məhkəməsinə nikahın pozulması ilə bağlı müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Ümumilikdə həmin kredit borcu cavabdehin ucbatından birgə nikah dövründə yaranmışdır. Belə ki, cavabdeh "Kral R.C. MMC" ilə avtomobilin icarəyə götürülməsinə dair 03 yanvar 2018-ci ildə - 05 yanvar 2018-ci il tarixdək olan dövr üçün icarə müqaviləsi bağlamış, icarə müqaviləsi bağladıqdan sonra 03 yanvar 2018-ci il tarixdə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə şirkətə maddi ziyan dəymişdir. Bundan sonra şirkət cavabdehi məhkəməyə vermiş, məhkəməyə verdikdən sonra cavabdehin borcunu 3-cü şəxsdən borc alaraq borcu bağlamışlar. Daha sonra cavabdeh özünə maşın almaq üçün iddiaçıdan kreditə girməyi xahiş etmiş, maşın almışdır. Götürülən bütün kredit borcu nikah dövründə elə götürdükləri dövrdən paylaşdırılmışdır. Sadəcə iddiaçı borc ödəyir. Cavabdeh heç bir pul ödəmir. Bütün borc iddiaçının üzərində qalmışdır. İddiaçı bütün bu pulları özü tək ödəyir. Cavabdeh hətta aliment öhdəliyindən də qaçır. Müxtəlif vaxtlarda iddiaçının götürdüyü kreditlə əvvəlki borcları bağlamışlar, yeni kredit götürmüşlər. Ümumi olaraq tərəflərin 22.000 manat kredit borcu vardır. Bu borclar birgə nikah dövründə götürülüb. Fevral ayından başlayaraq bu borcu iddiaçı tək ödəyir. Cavabdeh heç bir köməklik etmir. İddiaçı alimentə ehtiyacı olan qadındır. Cavabdeh bu borcu da ödəmir. Buna görə də iddiaçı məcbur olub məhkəməyə kredit borcunun bölünməsi tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının sonuncu götürdüyü və hazırda qüvvədə olan, ödənilməsi davam edən kredit müqaviləsi 24 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-dən aylıq ödənişi 464.20 manat olmaqla, 25 faizlə 48 ay müddətinə verilən kreditdir. İddiaçı artıq 10 aydır ki, 500 manat olmaqla ödəyir. Hazırda qüvvədə olan kredit müqaviləsi yalnız budur. 10 aylıq ödəniş məbləği 4.660 manat pul edir. Həmin pulun 1/2 hissəsi cavabdehə aid edildikdə 2.330 manat pul edir. Ödədiyi pulun 1/2 hissəsi iddiaçıya, qalan 38 ay müddətə aylıq məbləğ 464.20 manat isə 1/2 hissədə cavabdehə aid edilməklə, hər ay iddiaçıya 232.10 manat ödənilməsi təmin edilməlidir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 48 ay müddətinə, 25 faizlə 24 yanvar 2023-cü il tarixdə götürülmüş 14.000 manat məbləğində kredit borcu üzərində 2/3 hissədə payının tanınması və hər ay banka ödəniləcək aylıq məbləğin 464.20 manat pulun 2/3 hissəsinin 308 manat olmaqla, pulun Cavabdeh aid edilməklə 37 ay müddətinə iddiaçıya ödənilməsi, 11 ay müddətində iddiaçının ödədiyi 5.500 manat pulun 2/3 hissəsi 3.666 manat pulun birdəfəlik cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 10 may 2016-cı il tarixdə nikah bağlanmış və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçı 08 may 2021-ci il tarixli və 24 yanvar 2022-ci il tarixli 2 müqavilələr əsasında "xxxx" ASC-dən kredit götürmüşdür. Daha sonra "xxxx" ASC ilə 24 yanvar 2023-cü il tarixdə bağladığı kredit müqaviləsinə əsasən, İddiaçı sonuncu bankdan 48 ay müddətinə, illik 25% dərəcəsi ilə qaytarmaq şərtilə 14.000 manat məbləğində kredit götürmüşdür. İş materiallarındakı hesabdan çıxarışdan görünür ki, iddiaçı, "xxxx" ASC ilə bağladığı 24 yanvar 2022-ci il tarixli müqavilələr üzrə sonuncu ödənişi 24 yanvar 2023-cü ildə etmiş və müqavilə üzrə öhdəliklərini tam icra etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, İddiaçı ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2023-cü ilin fevral ayından dekabr ayı da daxil olmaqla hər ay 500 manat ödəniş həyata keçirilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 17 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, “Opel Vectra” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 22 oktyabr 2011-ci il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakın bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. maddəsinə görə ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. maddəsinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə, iddiaçı tərəfin verdiyi izahatı dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən hal tərəflərin birgə nikah dövründə bağlanmış kredit müqaviləsi üzrə icra edilməmiş pul öhdəlikləri üzərində paylarının müəyyən edilməsi təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, bölünməsi tələb edilən öhdəlik tərəflərin birgə nikah dövründə yaranmış və birgə təsərrüfatdan yaranan məsələlərin həllinə sərf edilmişdir. Bunun əksini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə istinad olunanlara əsaslanaraq hesab edir ki, Ailə Məcəlləsinə uyğun olaraq birgə nikah dövründə yaranmış borc (icra edilməmiş öhdəlik) tərəflər arasında bölünməlidir. Nə qədər ki, tərəflər arasında payların müəyyən edilməsi ilə bağlı razılaşma mövcud deyil, onların hər birinin payı bərabər müəyyən edilməlidir. İş materiallarından görünür ki, iddiaçı 2023-cü ilin ödənişlərini aylıq 500 manat olmaqla icra etmişdir. İddiaçı 11 ay üçün ödədiyi vəsaitin üzərində payının müəyyən edilərək cavabdehdən alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən təhlil edilmiş iş materiallarından müəyyən edilir ki, tərəflər 2023-cü ilin oktyabr ayında boşanmışlar. İstinad olunan işə Xətai Rayon Məhkəməsində baxılmışdır. Həmin e-2(011)-3813/2023 saylı mülki iş materiallarından görünür ki, iddiaçı aprel ayında mediasiyaya, may ayında məhkəməyə müraciət etmişdir. İstinad olunanlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, tərəflər 2023-cü ilin aprel ayından başlayaraq ayrı yaşamışlar. Belə olan halda iddiaçı aprel ayı da nəzərə alınmaqla, 9 ay ərzində hər ay 500 manat olmaqla, ümumilikdə 4.500 manat ödəniş etmişdir. Məhkəmə bu ödənişin ½ hissəsi olan 2.250 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qənaətinə gəlir. Odur ki, iddia tələbi 11 ay müddətində iddiaçının ödədiyi 5.500 manat pulun 2/3 hissəsi 3.666 manat pulun birdəfəlik cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin hər ay banka ödəniləcək aylıq məbləğin 464.20 manat pulun 2/3 hissəsinin 308 manat olmaqla, pulun Cavabdeh aid edilməklə 37 ay müddətinə iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, tərəflərin kredit öhdəliyi üzrə bərabər məsuliyyət daşıdığı müəyyən edildiyindən, bank qarşısında olan icra edilməmiş öhdəliyin üzərində ½ hissədə tərəflərin payı müəyyən edilməlidir. 464.20 manat pulun 2/3 hissəsinin 308 manat pulun ödənilməsi hissəsində məhkəmə qeyd edir ki, nə qədər ki, kredit müqaviləsi İddiaçı ilə bağlanıb və istinad olunan müqaviləyə münasibətdə sonuncu bank qarşısında öhdəlik daşıyıcısıdır, belə olan halda ödənişlər də İddiaçı tərəfindən həyata keçirilməlidir. Lakin İddiaçı öhdəliyini icra etdikdən sonra hazırkı qətnamə əsasında Cavabdeh ödədiyi vəsaiti payına münasibətdə geri tələb edə bilər. Beləliklə, yuxarıda sadalananlara əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 2.250 manat pul vəsaiti tutulmalı, "xxxx" ASC ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə hazırkı 23 yanvar 2024-cü il tarixə icra edilməmiş öhdəlik üzərində İddiaçı ½ hissədə, Cavabdeh ½ hissədə payı müəyyən edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 82 manat dövlət rüsumu ödənilmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 82 manat dövlət rüsumunun 41 manatı İddiaçı özünə aid edilməli, qalan 41 manatı Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2.250 (iki min iki yüz əlli) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunu əvəzi olan 41 (qırx bir) manat pul tutularaq İddiaçı ödənilsin. "xxxx" ASC ilə bağlanmış 24 yanvar 2023-cü il tarixli kredit müqaviləsi üzrə hazırkı 23 yanvar 2024-cü il tarixə icra edilməmiş öhdəlik üzərində İddiaçı ½ (ikidə bir) hissədə, Cavabdeh ½ (ikidə bir) hissədə payı müəyyən edilsin. Ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-801/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-801/2024
23.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver