Məhkəmə qərarları › İş №e-2(011)-8050/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8050/2021

22.11.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8050/2021 22.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, aliment və sairə tələbləri barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı - barışmaq üçün heç bir vaxt verilmədən İddiaçı və Cavabdeh arasında 05 mart 2015-ci il tarixində 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 566 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019-cu il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması və yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşaq üçün hər ay 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, həmçinin iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat və məcburi mediasiya keçirilməsi ilə əlaqədar ödənilmiş 50 (əlli) manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh ilə 05 mart 2015-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Nikahları 2 saylı Bakı ASAN Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 566 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan üç övladları X4 24.08.2016-cı il tarixində, X3 19.03.2018-ci il tarixində və X2 02.05.2019-cu il tarixində anadan olmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi iddiaçı və cavabdehin xasiyyətinin tutmaması, bu səbəbdən birgə yaşamağının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətləri uyğun olmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Uzun müddətdir ki, nikah formal xarakter daşıyır, cavabdehlə barışıb bir ailə kimi yaşamağı mümkün deyildir. Buna görə də, ailə münasibətlərinə son qoymaq qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə müraciət edərək, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, qanunvericiliyə uyğun olaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı 05.03.2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və nikahın bağlanması haqqında 566 nömrəli qeyd edilmişdir (AZ-İİ seriyalı, 020912 nömrəli “Nikah haqqında şəhadətnamə”). Birgə nikahdan tərəflərin 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019-cu il təvəllüdlü X2 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən rətərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh nikahın pozulmasına etiraz etmədiyinə görə tərəflərə barışmaq üçün vaxt verilmədən onların nikahı pozulmalıldır. Belə ki, tərəflər biri-digəri qarşısında nikahdan irəli gələn ər-arvadın bir-birini saxlamaq, onun qayğısına qalmaq kimi vəzifələrin daşıyıcıları deyildirlər. Onların birgə yaşaması və ailənin bərpası qeyri-mümkün olduğundan tərəflərin nikahları pozulmalıdır. Məhkəmə eyni zamanda iddia tələbinin 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019-cu il təvəllüdlü X1 iddiaçının yanında saxlanması hissəsini araşdıraraq hesab edir ki, uşağın üstün maraqlarını nəzərə alaraq iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığının, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunun müəyyən edilməsi, nikah məhkəmə qaydasında pozularkən, məhkəmənin həll etdiyi məsələlərdəndir. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarın 7.6-cı bəndinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacıqardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Qətnamənin nəticə hissəsində uşağın kimin yanında qalması məsələsi həll edilərkən uşaq həmin valideynin yanında deyildirsə, onda gələcəkdə qətnamənin icrasında yaranacaq qeyri-müəyyənliyi aradan qaldırmaq, eləcə də yetkinlik yaşına çatmamışın hüquqlarının müdafiəsini təmin etmək üçün onun digər valideyndən alınıb yanında qalması müəyyən edilən valideynə verilməsi məsələsi də həll edilməlidir. Həmin Qərarda qeyd edilmişdir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə iş materiallarını, işdə olan sübutları, uşaqların mənafeyini nəzərə alıb belə qənəatə gəlir ki, 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019cu il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılmalıdır. Məhkəmə iddianın alimentə dair hissəsinə qiymət verərək hesab edir ki, iddiaçının aliment tələbi məhkəmə tərəfindən əsaslı hesab edilməli, 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə həmçinin alimentin tutulması müddətini və icrası qaydasını müəyyən edərək, hesab edir ki, təyin edilmiş aliment iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla tutulmalı və dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə iddia tələbini iddia ərizəsi verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat və məcburi mediasiya keçirilməsi ilə əlaqədar ödənilmiş 50 manat pulun cavabdeh tərəfindən iddiaçıya ödənilməsi hissəsində araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh və İddiaçı arasında 05.03.2015-ci il tarixdə 566 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019-cu il təvəllüdlü X2 anaları İddiaçı yanında saxlanılsın. 24.08.2016-cı il təvəllüdlü X4, 19.03.2018-ci il təvəllüdlü X3 və 02.05.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 07.10.2021-ci il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 525 (beş yüz iyirmi beş) manat məbləğində sabit pul şəklində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar