Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8210/2025 17.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və yetkinlik yaşına çatmış övladın əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması və yetkinlik yaşına çatmış övladın əlavə xərclərdə iştiraka cəlb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 400 manat məbləğində alimentin və birdəfəlik olmaqla müalicə xərclərinin qarşılanması üçün ümumilikdə 5000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh anası X9 ilə rəsmi nikah münasibətlərində olmuşdur. Həmin nikahdan övladları cavabdeh X12 və X13 doğulmuşlar. Sözügedən nikah 19 iyun 2016-cı il tarixdə pozulmuş, bu barədə akt qeydləri kitabında 150 nömrəli qeyd aparılmışdır. Valideyn olaraq övladlarının saxlanmasında və bütün əlavə xərclərində lazımınca iştirak etmiş, bir valideyn kimi öz borcunu yerinə yetirməyə çalışmışdır. Hazırda tək yaşayır və faktiki olaraq baxıma ehtiyacı vardır. Bundan əlavə halhazırda ürək çatışmazlığından, pnevmoniyadan, ürək və böyrəyin zədələnməsi ilə müşayiət olunan hipertensiv xətəlikdən əziyyət çəkir. 07 mart 2025-ci il tarixində qəfil ürək tutmasından halı pisləşdiyi üçün xəstəxanaya çatdırılmış, 7 günlük stasionar müalicə almışdır. Statisonar tibb müəssisəsində olduğu dönəm övladlarına məlumat verilmiş olmasına baxmayaraq onlar tərəfindən iddiaçıya baş çəkilməmişdir. Həkimlərin bildirdiyinə görə həyati təhlükə mövcud olduğu üçün təcili olaraq əməliyyat olunmalıdır. Lakin fiziki və maddi vəziyyəti öz minimum ehtiyaclarını və müalicə xərclərini qarşılamaq üçün yetərli vəziyyətdə deyildir. Həmçinin 18 oktyabr 2018-ci il tarixində barəsində əlillik dərəcəsi təyin edilmiş və əlilik dərəcəsinə uyğun olaraq əmək qabiliyyəti yoxdur. Yeganə qazanc mənbəyi həmin əlliliyə görə təyin edilmiş 402,1 manat (dörd yüz iki manat bir qəpik) məbləğində pensiyadır. Hansı ki, həmin pensiyanın 50%-i məhkəmə əmrinin icrası qaydasında tutularaq tələbkarın xeyrinə ödənilir. Belə ki, ailənin birgə xərcləri üçün birgə nikah dövründə kredit vəsaitləri əldə edilmiş, nikah pozulduqdan sonra kredit məbləği yalnız iddiaçı tərəfindən təkbaşına ödənilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli, 2(044)-2099/2013 saylı məhkəmə əmri ilə ondan 552,90 manat borc və 20 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli, 2(044)-1973/2013 saylı qətnaməsi ilə iddiaçıdan 3815,88 manat pulun və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə sənədləri üzrə ödənişlərin tutulması pensiyaya yönəldilmişdir və hər ay mütəmadi olaraq iddiaçıya məxsus pensiya kartından tutulmaqdadır. Bundan əlavə, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 17 fevral 2014-cü il tarixli, 2(044)- 743/2014 saylı məhkəmə əmri ilə ondan 806,56 manat pulun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli, 2(044)-613/2015 saylı məhkəmə əmri ilə iddiaçıdan 1458 manat pulun və 20 manat dövlət rüsumunun tutularaq X3 xeyrinə ödənilməsi əmr edilmişdir. Qeyd edilən kredit məbləğlərinin hər biri birgə nikah dövründə əldə edilmiş və ailənin saxlanılması üçün zəruri xərclərə sərf olunmuşdur. Lakin qeyd edilən kreditlər hazıradək iddiaçı tərəfindən təkbaşına ödənilməkdədir. Hal-hazırda cəmi 200 manat gəliri vardır və maddi durumu olduqca aşağıdır. Bu səbəbdən cavabdehə qarşı aliment tələbi ilə məhkəməyə müraciət edir. Cavabdeh əmək fəaliyyəti ilə məşğuldur və daimi qazancı mövcuddur. Bu fakt Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən verilmiş 14 avqust 2025-ci il tarixli, 3-17-5-/2-72768/2025 saylı məktub ilə təsdiq edilmişdir. Qeyd edilənlərdən əlavə hal-hazırda ciddi ürək xəstəliyindən əziyyət çəkir. xx.xx.2025-ci il tarixli kardiak MRT müayinəsində aşağıda sadalanan nəticələr qeyd edilmişdir: LV sistolik və diastolik disfunskiya əlamətləri, LV EF ciddi azalması (LV EF 15%), LV dilyatasiyası, LV septal hipertrofiyası, LV bazal ED diametri 71 mm LV EDV index 115 ml/ m², LV divarların hərəkətində ciddi global hipokineziya, LV divarlarında bazal inferoseptal və bazal inferolateral seqmentlərdə midmiokardial non-işemik pattern zədələnməyə uyğun kontrast maddə akkumulyasiyası, qeyd edilən MR görüntü dilatasion kardiomiopatiyaya uyğundur (keçirilmiş miokardit?), LV miokardı canlı kimi qiymətləndirilir. Həmçinin xx.xx.2025-ci il tarixli rəngli doppler exokardioqrafiya protokolunda nəticə olaraq DKMP-dilatasion kardiomoipatiya qeyd edilmişdir. Hal-hazırda isə həkimin bildirdiyinə görə təcili olaraq açıq ürək əməliyyatı keçirməli və bunun üçün ən azı 5000 manat məbləğində pul vəsaiti lazımdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdehin anası X9 arasında olan nikah ilk dəfə xx.xx.2003-cü il tarixində pozulmuş və nikahın pozulmasına akt qeydləri kitabında 8 nömrəli qeydiyyat aparılmışdır. Həmin dövrdə isə cavabdeh 11 yaşında uşaq olmuşdur. İddiaçı 2003-cü il tarixindən, övladlarının saxlanılması və gündəlik ehtiyaclarının təmin edilməsində iştirak etməmiş, təhsil və inkişafı ilə maraqlanmış, sağlamlığına və mənəvi-psixoloji vəziyyətinə laqeyd yanaşmışdır. İddiaçı valideyn kimi, uşağının xərclərini qarşılamamış, aliment və digər xərclərini ödəməmişdir, həmçinin uzun müddətlərlə ailəsinin və övladlarının yanında olmamışdır. Daha sonra 2006-cı ildə yenidən iddiaçı ilə anası ailə həyatı qursalar da, həmin müddət ərzində heç bir valideynlik vəzifələrini yerinə yetirməmişdir. Həmçinin, icbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edir. Ümumiyyətlə, iddiaçının təqdim etdiyi sənədlərdən, onun əməliyyat olunması göstərilməmişdir. Əməliyyat və ya müalicə olunması üçün icbari tibbi sığorta vasitəsilə həyata keçirilməsi üçün müvafiq orqanlara müraciət edə bilər. Azərbaycan Respublikasının təmin etdiyi bu şəraitdən istifadə etməmiş, əksinə müalicə xərcini heç zaman atalıq etmədiyi və valideyn vəzifələrini yerinə yetirmədiyi halda oğlundan tələb edir. İddiaçının iki övladı olduğu halda, aliment iddiası yalnız bir övlada münasibətdə irəli sürülmüşdür ki, bu da valideynlik öhdəliklərinin bərabər və vicdanlı şəkildə yerinə yetirilmədiyini açıq şəkildə sübut edir. Bu hal valideynlik öhdəliklərinin bərabərlik və vicdanlılıq prinsiplərinin pozulmasını açıq şəkildə təsdiq edir və iddiaçının subyektiv maraqlarını prioritet tutduğunu göstərir. Tərəflərin mövqeləri: İddiaçı vəkili və nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı uzun illər Cavabdeh anası X9 ilə birgə nikah münasibətlərində olmuş və bu müddət ərzində valideyn kimi öhdəliklərini yerinə yetirmişdir. İddiaçıya sağlamlığında olan problemlərə görə yeni qiymətləndirmə ilə əlillik dərəcəsi təyin olunacaqdır. İddiaçı ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir və buna görə bu yaxınarda əməliyyat olunmuş, ürəyinə aparat taxılmışdır. Həmin aparat üçün xəstəxanaya 1000 manat ödəniş olunmuşdur. Həmçinin, mütəmadi olaraq həkimin məsləhət gördüyü dərman vasitələrini qəbul etməlidir. Həmçinin, iddiaçının qulluğa ehtiyacı vardır və bu kimi ehtiyacların qarşılanması üçün kifayət qədər maddi imkanı yoxdur. İddiaçının həm qızı, həm oğlu olsa da, iddiaçı özü yalnız oğluna qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək istəmişdir. Cavabdeh məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçının ondan ödənilməsini tələb etdiyi 5000 manat məbləğində əlavə xərc artıq icbari tibbi sığorta tərəfindən qarşılanmışdır. Ona görə də, 5000 manat məbləğində əlavə xərcin tərəfindən ödənilməsinə etiraz edir. Alimentin ödənilməsi ilə bağlı isə hər ay təxminən 50-100 maant məbləğində alimenti ödəməyə razıdır. Cavabdeh 2013-cü ildə hərbi xidmətə çağırılmış, 2014-cü ildən etibarən iddiaçı ilə görüşməmişdir. Əlavə olaraq bildirmişdir ki, o, rəsmi olaraq işləyir və aylıq əmək haqqı 2500 manat təşkil edir. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclası zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2099/2013 saylı xx.xx.2013-cü il tarixli məhkəmə əmrinə əsasən xx xxxxx 1961-ci ildə ünvan 1 ünvanında yaşayan İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 343,07 manat, faiz borcu üzrə 209,83 manat, cəmi 552,90 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul tutulması əmr edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1973/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 3128,83 manat əsas, 502,28 manat faiz borcu, 184,77 manat cərimə borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-743/2014 saylı xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən xx xxxxx 1961-ci ildə ünvan 2 ünvanda yaşayan İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 600 manat, faiz borcu üzrə 206,56 manat, cəmi 852,90 manat və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pul tutulması əmr edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) 14254836 nömrəli, xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, X10 İddiaçı müayinə nəticəsində törədicisi müəyyən olunmamış digər pnevmoniya, əsasən ürəyin və böyrəyin zədələnməsi ilə müşayiət olunan dəqiqləşdirilməmiş hipertensiv xəstəlik və ürək çatışmazlığı dioqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçadan (xəstəlik tarixindən) 16406108 nömrəli, xx.xx.2026-cı il tarixli çıxarışdan görünür ki, Bakı Akad. C.M.Abdullayev adına ET X1 Rasim Nadir oğluna müayinə nəticəsində əsas xəstəlik kimi genişlənmiş kardiomiopatiya, süni ürək ritmi aparıcısının olması, durğunluq ürək çatışmazlığı, əlavə xəstəlik kimi durğunluq ürək çatışmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəliyi dioqnozu qoyulmuşdur. Xəstə sahə kardioloqunun, endokrinoloqun nəzarəti altına yazılmışdır. “Bakı Sağlamlıq Mərkəzi” X21 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli epikrizin surətindən görünür ki, İddiaçı genişlənmiş kardiomiopatiya, sol mədəcik çatışmazlığı, his dəstəsinin sol ayağcığının ön şaxəsinin blokadası, mədəcik taxikardiyası, mədəciklərin erkən depolyarizasiyası və essensial (birincili) hipertenziya dioqnozları qoyulmuş, iddiaçı əməliyyat olunmuş və ürəyin sağ mədəciyinə İCD elektrodu fiksasiya edilmişdir. “Bakı Sağlamlıq Mərkəzi” X21 tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixində 1000 manat ödəniş edilmişdir. Bakı şəhəri Xəzər rayonu İcra şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 6854/14 nömrəli arayışdan görünür ki, İddiaçı məhkəmənin qərarına əsasən hər ay təqaüdündən 50% miqdarında tutulma aparılaraq tələbkarın xeyrinə ödənilir. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 19/567 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində hərbi xidmətdə olmuşdur. xx.xx.2003-cü il tarixli AZ-İ 003217 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasındakı nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2003-cü il tarixində 08 nömrə ilə qeyd aparılmışdır. Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 adı və soyadı X8 dəyişdirilmişdir. İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu dəfə xx.xx.2014-cü il tarixində İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, İddiaçı 439,50 manat və 250 manat məbləğlərində pensiya təyin edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində işləyir və onun aylıq əmək haqqı məbləği 3413 manat təşkil edir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan məlumatlardan görünür ki, İddiaçı yetkinlik yaşına çatmış iki övladı – xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh, xx.xx.1990cı il təvəllüdlü X13 adlı övladı var. Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/2-0953 saylı mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər arasında ilkin mediasiya sessiyası baş tutmamışdır. İşin müəyyən edilən halları: İddiaçı ilə X9 (X7) rəsmi qaydada birgə nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.1990-cı il təvəllüdlü X13 və xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh doğulmuşdur. Tərəflərin nikahı ilk dəfə xx.xx.2003-cü il tarixində pozulmuşdur. İddiaçı xəstəliyi ilə əlaqədar ona əsas xəstəlik kimi genişlənmiş kardiomiopatiya, süni ürək ritmi aparıcısının olması, durğunluq ürək çatışmazlığı, əlavə xəstəlik kimi durğunluq ürək çatışmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertensiv (hiptertoniya) xəstəliyi dioqnozu qoyulmuş, ürəyindən əməliyyat olunmuş və ürəyin sağ mədəciyinə İCD elektrodu fiksasiya edilmişdir. Xəstəliklə əlaqədar iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya əlilliyinə görə 439,50 manat və 250 manat məbləğlərində pensiya təyin edilmişdir. İddiaçı hal-hazırda əmək qabiliyyəti olmadığına görə yetkinlik yaşına çatmış övladı olan Cavabdeh özünün saxlanılması üçün hər ay alimentin ödənilməsi və Cavabdeh əlavə xərclərdə iştiraka cəlb edilməsini məhkəmədən xahiş edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Maddə 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Maddə 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddə 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Maddə 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Maddə 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Maddə 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Maddə 83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3–82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Maddə 83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. xidmətlər zərfi – baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Maddə 1.0.7. sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər; Maddə 1-1.1. Tibbi sığorta sağlamlığın qorunması sahəsində əhalinin sosial müdafiəsi forması olmaqla, sığorta hadisəsi baş verdikdə sığortaolunanın tibbi xidmət və dərman yardımı almasına təminat verir. Maddə 1-1.3. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanlara icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını təmin edir. Maddə 5-12.1. Tibbi xidmətlər sığortaolunanlara xidmətlər zərfinə uyğun olaraq icbari tibbi sığorta fondunun vəsaiti hesabına göstərilir. Maddə 15-2.1. Xidmətlər zərfinin baza hissəsinə münasibətdə Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Maddə 15-2.3. Xidmətlər zərfinin əlavə hissəsinə münasibətdə sığortaolunanlar aşağıdakı kateqoriyalara bölünürlər: Maddə 15-2.3.3.4. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxslər. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər dedikdə, əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları başa düşülür. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddiaçının iddia tələbi iki hissədən ibarətdir: - birinci hissə iddiaçının saxlanılması üçün cavabdehdən alimentin tutulması tələbi, ikinci hissə isə, iddiaçıya təyin edilmiş müayinə, müalicə və əməliyyat kimi əlavə xərclərinin ödənilməsinə cavabdehin cəlb edilməsi tələbi. İddia tələbinin birinci hissəsinin qanuni əsasını Ailə Məcəlləsinin Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi (Ailə Məcəlləsi Maddə 82) ilə bağlı müddəaları, ikinci hissəsinin qanuni əsasını isə Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı (Ailə Məcəlləsi Maddə 83) ilə bağlı müddəaları təşkil edir. Yuxarıda qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Ailə Məcəlləsinin 83.1-ci maddəsinə əsasən isə yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Mübahisənin həlli məqsədilə sözügedən normaların dispozisiya şərtlərinə aydınlıq gətirilməlidir. Bununla bağlı məhkəmə “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarındakı hüquqi mövqelərə istinad olunmasını zəruri hesab edir. Belə ki, Plenum Qərarında valideynlərin yetkinlik yaşına çatmış uşaqlara münasibətdə aliment və əlavə xərclərdə iştirakı ilə bağlı məsələlərə aydınlıq gətirsə də, həmin şərh olunan maddələrin dispozisiya şərtləri uşaqların valideynlərə münasibətdə aliment və əlavə xərclərdə iştirakı ilə məsələləri tənzimləyən normalarla eynilik təşkil edir. Buna görə Plenum Qərardadkı hüquqi mövqelər hazırkı işdə də nəzərə alınmalıdır. Belə ki, sözügedən Plenum Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 80 və 81ci maddələrində “əmək qabiliyyəti olmayan” və 81-ci maddəsində “göstərilən kənar xidmət”, “və digər hallarda” ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Göstərilən Plenum qərarında həmçinin qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yekunda Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Məhkəmə göstərilənlərə əsasən vurğulayır ki, yetkinlik yaşına çatmış övladlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsi daşıyırlar. Yetkinlik yaşına çatmış övladların bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: valideynin əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə yetkinlik yaşına çatmış övlad üçün vəzifə yaradır. Başqa sözlə, valideynin təkcə əmək qabiliyyətinin olmaması yetkinlik yaşına çatmış övladdan aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, valideyn əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması övladdan aliment tələb etməyə əsas vermir. Həmçinin aliment tələb olunan yetkinlik yaşına çatmış uşaq əmək qabiliyyətli olmalı və onun maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmalıdır. Məhkəmə tərəfindən ilk növbədə valideynin əmək qabiliyyətinin olmaması faktı müəyyən edilməlidir. Əmək qabiliyyəti olmayan şəxslər dedikdə, əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları başa düşülür. Məhkəmə araşdırması və iş materialları əsasında müəyyən olunur ki, orqanizmin funksiyaları pozulduğu üçün İddiaçı ikinci dərəcəli əlillik təyin edilmişdir. Bununla əlaqədar olaraq iddiaçı əlilliyi olan şəxs olduğundan, o, əmək qabiliyyəti olmayan şəxs hesab edilir. Göründüyü kimi iddiaçının aliment tələb etməsi üçün ilkin şərt mövcuddur. Lakin birlikdə mövcud olmalı olan digər şərt, yəni iddiaçının maddi yardıma ehtiyacının olması şərti iş halları ilə sübut olunmur. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı ümumilikdə 689,50 manat məbləğində pensiya alır. Onun əmək haqqısından kredit borcuna görə tutulmalar aparılsa da, yerdə qalan məbləğ hər bir halda ölkə üzrə müəyyən edilmiş minimum yaşayış məbləğindən yüksəkdir (Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, pensiyaçılar üçün 245 manat məbləğində müəyyən edilmişdir). İddiaçının maddi yardıma ehtiyacının olması sübut olunmadığı üçün, aliment tələbi ilə bağlı hüquqi dəyərləndirmə artıq məhkəmə üçün başa çatmış sayılır. Beləliklə, iddiaçı əmək qabiliyyətli olmasa da, onun maddi yardıma ehtiyacının olması sübut olunmadığından yetkinlik yaşına çatmış övladın, yəni cavabdehin valideyni saxlamaq vəzifəsi yaranmır. Bu vəzifənin yaranması üçün hər iki dispozisiya şərtini birlikdə mövcud olmalı idi. Lakin həmin şərtlə birlikdə mövcud olmadığından iddiaçının da cavabdehdən aliment tələb etmək hüququ yaranmır. Bununla yanaşı, cavabdeh məhkəmə iclası vaxtı izahatında iddiaçının saxlanılması üçün hər ay yalnız 50-100 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı o da məlum olmuşdur ki, iddiaçının yetkinlik yaşına çatmış digər övladı X13 da olmasına baxmayaraq, iddiaçı yalnız öz şəxsi seçimi ilə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. Qeyd olunanlara əsasən cavabdehin valideynini saxlamaq vəzifəsi yaranmasa da, lakin onun iddianı könüllü şəkildə qismən qəbul etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, cavabdehdən tutulan 100 manat sabit pul məbləğində aliment indeksləşdirilərək, 2026-cı il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,25 misili (100 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) : (bölünsün) 400 manat (2026-cı il üzrə minimum əmək haqqı) = 0,25) həddində indeksasiya edilməlidir. Məhkəmə iddiaçının ikinci tələbi olan 5000 manat məbləğində müalicə xərcinin cavabdehdən alınması barədə iddia tələbinə münasbətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. İddiaçı 5000 manat məbləğində müalicə xərcini onunla əsaslandırır ki, ona genişlənmiş kardiomiopatiya, sol mədəcik çatışmamazlığı, his dəstəsinin sol ayağcığının ön şaxəsinin blokadası, mədəcik taxikardiyası, mədəciklərin erkən depolyarizasiyası və essensial (birincili) hipertenziya dioqnozları təyin edilmişdir. Bunun üçün açıq ürək əməliyyatı olunmalı, həmçinin əməliyyatdan sonra müalicə və müayinə olunmalıdır. Məhkəmə iş materiallarına əsasən vurğulayır ki, iddiaçının əmək qabiliyyətli olmaması, onun xəstəliyə tutulması və əlilliyinin müəyyən edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə xüsusilə qeyd edir ki, hazırda sahiyyə sahəsində tibbi xidmətlər qanunla müəyyən edilmiş formada icbari tibbi sığortaya əsasən ödənişsiz şəkildə həyata keçirilir. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı icbari tibbi sığortanın maliyyə mənbələri hesabına və xidmətlər zərfi çərçivəsində sığortaolunanların tibbi yardım almasını, habelə onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edir. Yuxarıda qeyd olunduğu kimi “xidmətlər zərfi” dedikdə baza və əlavə hissələrdən ibarət olmaqla icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusu başa düşülür. İddiaçı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-2.3.3.4-cü maddəsinə uyğun olaraq sosial müavinət almaq hüququna malik olan əmək qabiliyyəti olmayan şəxs olduğu üçün sığortaolunanlar kateqoriyasına aid edilir. Beləliklə iddiaçıya xidmətlər zərfinə daxil olan tibbi yardımlar icbari tibbi sığortanın maliyyə mənbələri hesabına göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiqlənmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə əsasən müəyyən edilir ki, iddiaçıya təyin edilmiş sonuncu diaqnozlar üzrə xəstəlikləri olan genişlənmiş kardiomiopatiya, süni ürək ritmi aparıcısının olması, durğunluq ürək çatışmazlığı, durğunluq ürək çatışmazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertensiv (hipertoniya) xəstəlikləri üzrə sağlamlığının bərpa olunması üçün aparılmalı olan tibbi xidmətlər sözügedən Xidmətlər Zərfinə daxildir (Xidmətlər zərfinə daxil olan tibbi xidmətləri https://its.gov.az/page/xidmetler-zerfi linki vasitəsilə müəyyən etmək mümkündür). Bu halda məhkəmə qeyd edir ki, iddiaçı ona təyin edilmiş diaqnozlar üzrə müalicə olunması üçün 5000 manat məbləğində pul tələb etsə də, məlum olur ki, həmin tibbi xidmətlər şəxsə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına, yəni ödənişsiz olaraq həyata keçirilir. İddiaçı hazırkı mübahisə üzrə tibbi xidmətlər üçün çəkiləcək xərcləri pulsuz almaq hüququna malik olduğu halda həmin xərclərin cavabdehdən tutulmasını xahiş edir. Hazırda qoyulmuş diaqnozlar üzrə tibbi xidmətləri iddiaçının icbari tibbi sğorta üzrə, yəni pulsuz olaraq əldə edə bilməsi sübut olunduğu üçün, məhkəmə hesab edir ki, cavabdehin həmin əlavə xərclərə cəlb edilməsinə dair iddia tələbi təmin edilməməlidir Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə araşdırması vaxtı iddiaçı artıq Bakı Sağlamlıq Mərkəzində icbari tibbi sığortanın maliyyə mənbələri hesabına əməliyyat olunmuş və sahə həkimin nəzarəti altında olmaqla evə buraxılmışdır. İddiaçının vəkili və nümayəndəsi bütün tibbi xidmətlərin icbai tibbi sığorta tərəfindən qarşılanmadığını, ürəyə quraşdırılan aparat üçün iddiaçının 1000 manat ödəniş etdiyini bildirmişdir. Bununla bağlı məhkəmə bildirir ki, həm 1000 manat ödənişin hansı məqsədlə ödənildiyi iş materialları ilə sübut olunmur, həm də ürəyə elektrodun quraşdırılması da xidmətlər zərfinə daxildir. Ona görə də, artıq iddiaçı tərəfindən ödənilmiş pulun cavabdehdən tutulması əsassız olardı. İddiaçı xəstəliyi ilə əlaqədar olaraq ona qulluq etməyə görə kənar şəxslərə haqq ödənilməsinə zərurət yaranması, müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri və digər xərclər barədə də məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də yetkinlik yaşına çatmış övladın, yəni cavabdehin digər xərclərdə iştirakına cəlb edilməsi üçün hüquqi əsas mövcud olmamışdır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olumuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin alimentə dair hissəsi dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №e-2(011)-8210/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8210/2025
17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver