Məhkəmə qərarları › İş №e-2(011)-8467/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8467/2025

28.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8467/2025 28.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusubzadə Nərmin Şirastan qızının katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından xx.xx.2025 tarixində aldığı “Lumberjack” adlı ayaqqabının geri qaytarılması və həmin ayaqqabıya görə ödədiyi 109,99 AZN məbləğində pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mən xx.xx.2025 tarixində Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından “Lumberjack” adlı ayaqqabı almışam. Bütün ayaqqabılarımın ölçüsü 41 olduğundan mən də çox da yoxlamadan həmin ölçüdə olan ayaqqabını aldım. Ayaqqabını alıb evə gətirəndən sonra gördüm ki, aldığım ayaqqabı vitrində olan ayaqqabı idi və yoxlanmaq məqsədilə digər müştərilər tərəfindən də geyinilərək yoxlanmışdı. Buna baxmayaraq ayaqqabını sonra geyinmək məqsədilə evə qoydum və bir neçə gün sonra həmin ayaqqabını geyinib çölə çıxmaq istəyəndə ayaqqabının ölçüsünün ayağıma uyğun olmadığını və ayağımı sıxdığını hiss elədim, nəticədə ayaqqabını dəyişdirmək qərarına gəldim və Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasına yaxınlaşdım. Ayaqqabını aldığım tarixdən 12 gün keçməsinə baxmayaraq “FLO” mağazasından mənə bildirdilər ki, aldığım ayaqqabını dəyişə bilməzlər. Səbəbini soruşduqda guya ayaqqabını istifadə etdiyimi bildirdilər. Halbuki mən onu yalnız evdə yoxlamaq məqsədilə geyinmişdim və istifadə etməmişdim. Digər tərəfdən ayaqqabı onsuz da vitrində olan ayaqqabı idi və digər müştərilər tərəfindən də geyinilərək yoxlanmışdı və bu barədə mənə mağazadakı satıcılar tərəfindən məlumat verilməmişdi, bunu mən yalnız ayaqqabını alıb evə gətirdikdən sonra bilmişdim. Nə qədər təkid etsəm də mağazadan mənə ayaqqabını dəyişdirməyəcəklərini bildirdilər. Belə olan halda mən istehlakçı hüquqlarımın pozulması barədə xx.xx.2025 tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etdim. xx.xx.2025 tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən mənə yazılı cavab verildi ki, “FLO” mağazası tələbimin yerinə yetirilməsindən imtina edir və bununla bağlı mənə məhkəməyə müraciət etməyimi tövsiyə etdilər. Cavabdeh X3 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tələbi tamamilə əsassızdır və ərizədə qeyd olunanlar heç bir mötəbər dəlillərlə sübut edilməmişdir. Belə ki, şəxs məhsulu müəyyən müddət (12 gün) geyindikdən sonra ayağını sıxdığı üçün dəyişdirilməsini istəmişdir. Məhsula ilkin fiziki baxış zamanı onun geyinilərək köhnəlməsi faktı aşkar şəkildə görünürdü (hətta ekspertizası keçirilsə, bu bir daha təsdiq olunacaqdır). Ona görə də məhsulun qaytarılması və ya başqa bir məhsul ilə əvəz olunması yol verilməz haldır. Hətta şəxsə ayaqqabının geyinildiyi dedikdə cavab olaraq ayaqqabını yuyub təmizlədiyini dedi. Biz isə bu ayaqqabını geyinildiyi üçün sata bilməyəcəyimizi və bunun gigiyenik olaraq mümkün olmadığını bildirdik. İdidaçı ayaqqabını avqust ayında alsada sentyabr ayında qaytarmaq üçün qaytarmışdır. Yəni 12 gün geyinilib amma ayaqqabı iddiaçıda 14 gündən çox qalıb (avqustun əvvəli ayaqqabı alınıb sentyabrın əvvəli dəyişidirilməsi üçün gətirilib. Əlavə Nəzərinizə çatdırıram ki, iddiaçı xx.xx.2025-ci il tarixli 3-54/2-Ə-8xx-xx/2025 saylı şikayət məktubu ilə AR Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət etmişdir. Biz də öz adımızdan eyni məzmunlu məktubla Agentliyə öz mövqeyimizi bildirdik və bizə qarşı hər hansısa tədbir həyata keçirilmədi. ərzində geyinmişdir və nəticədə məhsul köhnəlmiş, onun əvəzlənmə nəticədə yenidən satışa qoyulması mümkünsüz hal almışdır. Həmçinin, məhsul müştəriyə təqdim edilən zaman onun heç bir qüsuru olmamışdır. Müştəri məhsulu geyinib istifadə etdiyinə görə məhsulun əmtəə nişanı və görünüşü pozulmuşdur. Hətta ayaqqabını 12 gün geyindiyini iddiaçı da təsdiqləyir. X5 İddiaçı iddiasının rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 ərizəsinə uyğun izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, 188379 nömrəli satış çekindən görünür ki, 1 ədəd qiyməti 109.99 manat olan “LUMBERJACK SHOES MAN 5 (ədəd) M LİYO 5FX” məhsul satın alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "Flo" mağazasından aldığınız ayaqqabının ölçüsü uyğun olmadığından dəyişdirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli müraciətinizə (daxilolma qeydiyyatı: 3-54/1-Ə-8xx-xx/2025, xx.xx.2025-ci il) Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar aparılmış araşdırma zamanı "Flo" mağazasından daxil olmuş məktubda 12 gün sonra mağazaya müraciət etdiyiniz, ayaqqabı geyinilib istifadə edildiyindən tələbinizin yerinə yetirilməsindən imtina edildiyi bildirilmişdir. Qeyd olunanlarla əlaqədar saxlanılan telefon əlaqəsi zamanı (***-***-**-**, q.n.: E181, xx.xx.2025-ci il) 12 gün sonra mağazaya müraciət etdiyiniz, lakin cavabdehin mövqeyi ilə razı olmadığınızı bildirmisiniz. Bununla əlaqədar bildiririk ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Bildiririk ki, "Flo" mağazasının mövqeyi ilə razılaşmadığınız təqdirdə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 26-cı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddələrinə əsasən məhkəmədə iddia qaldıra bilərsiniz. Eyni zamanda, "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciətiniz barədə qəbul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. İş materiallarında olan EMİS-dən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölkədən çıxmış, xx.xx.2025-ci il tarixdə ölkəyə geri qayıtmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından dəyəri 109.99 manat olan “Lumberjack” markalı ayaqqabı almış, iddiaçı malı aldıqdan sonra ölçüsünün uyğun olmaması səbəbindən geri qaytarmaq üçün mağazaya müraciət etmiş, mağaza məhsulun istifadə edilməsi və malın 14 gündən çox iddiaçıda olması səbəbindən iddiaçının müraciətini rədd etmiş, iddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət etmiş, Agentlik müraciətə rədd cavabı vermişdir. Hazırda iddiaçı məhsulun geri qaytarılmasını və həmin məhsula görə ödədiyi 109,99 manat məbləğində pulun ona ödənilməsini tələb edir, cavabdeh iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Məhkəmə qeyd edir ki, mal iddiaçıya xx.xx.2025-ci il tarixdə verilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə malı dəyişdirmək məqsəidlə “FLO” mağazasına yaxınlaşmasını qeyd etsə də, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan da göründüyü kimi o həmin tarixdə (xx.xx.2025 - xx.xx.2025) ölkə xaricində olmuş, yəni fiziki olaraq onun satıcıya bu barədə tələb irəli sürməsi qeyri-mümkün olmuşdur. Eyni zamanda satıcı tərəfindən malın dəyişdirilməsi ilə bağlı daha uzun müddət elan edilməmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, iddiaçı malın ona verildiyi andan on dörd gün ərzində satıcıya alış yerində və satıcının elan etdiyi digər yerlərdə müraciət etməsi ilə bağlı sübutetmə yükü daşıyır. Lakin iddiaçı tərəfindən malın ona verildiyi andan on dörd gün ərzində satıcıya alış yerində və satıcının elan etdiyi digər yerlərdə müraciət etdiyinə dair hər hansı şübhədənkənar, mötəbər sübutlar təqdim edilməmiş, həmçinin belə hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Beləliklə, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməklə satıcıya qarşı malın dəyişdirilməsi barədə tələb irəli sürmüş və cavabdehin bu barədə mövqeyi əsaslı olmuşdur. Bu səbəbdən iddiaçının məhsulun geri qaytarılması və həmin məhsula görə ödədiyi 109,99 manat məbləğində pulun ona ödənilməsi barədə iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları dedikdə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə nəzərdə tutulur. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 623.1-ci maddəsinə əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-qida məhsulunun ona verildiyi andan on dörd gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. Həmin Məcəllənin 623.2-ci maddəsinə əsasən, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” işi üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı “cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından xx.xx.2025 tarixində aldığım “Lumberjack” adlı ayaqqabının geri qaytarılması və həmin ayaqqabıya görə ödədiyi 109,99 AZN məbləğində pulun ona ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi rədd edildiyindən, dövlət rüsumu Dövlət Büdcəsinə aid edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı “cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən “FLO” mağazasından xx.xx.2025 tarixində aldığı “Lumberjack” adlı ayaqqabının geri qaytarılması və həmin ayaqqabıya görə ödədiyi 109,99 AZN məbləğində pulun ona ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Dövlət rüsumu Dövlət Büdcəsinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar