Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8519/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi Nəsibova Çinarə Aydın qızının katibliyi ilə iddiaçı X1 Cavabdeh qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı X3 Cavabdeh qarşı Cavabdeh birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 250 manat sabit pul məbləğində alimentin, uşaq üç yaşına çatana kimi 100 manat maddi yardımın, mediasiya üçün ödənilmiş 50 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsin və vəkili ərizə ilə müraciət edərək məhkəmədən iclasın iştirakı olmadan keçirilməsi və iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş ərizəni nəzərə alaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İddianın dəlillərin ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdurlar. Birgə nikahdan bir övladı var: xx.xx.2022-ci il təvəllüdlü X6. Cavabdehlə uzun müddət bir ailə kimi bir yerdə yaşamışdırlar. Lakin sonradan münasibətləri pisləşmiş və bunun nəticəsində tərəflər halhazırda ayrı yaşayırlar. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya maddi cəhətdən heç bir köməklik etmir. Bu səbəblə də iddiaçı cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment, həmçinin uşaq üç yaşına çatana kimi 100 manat maddi yardım tutulub iddiaçıya ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Aliment və maddi yardımın tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır (mediasiyadan arayışı alınan vaxtdan). Eyni zamanda, cavabdeh mediasiyada iştirak etmədiyindən ilkin mediasiya sessiyası baş tutmamış, iddiaçıya bu barədə arayış təqdim edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmüşdür. İddiaçı mediasiya zamanı 50 manat rüsum ödəmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini qərara almışdır. İşin halları - X6 02 dekabr 2022-ci il tarixində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı Rasim qızıdır. Uşaq anası ilə birlikdə yaşayır. - İddiaçı mediasiya üçün 26 aprel 2023-cü il tarixində Bakı 18 saylı Mediasiya Təşkilatına müraciət etmiş, mediasiya sessiyası 10 may 2023-cü il tarixində keçirilmiş, mediasiya xərci – 50 manat X5 tərəfindən ödənilmişdir. - Cavabdeh "xxxx" MMC-də işləyir, aylıq əmək haqqı məbləği 784 manat təşkil edir. X1 adına isə kişilər və qadınlar üçün həyata keçirilən saçların boyanması fəaliyyəti üzrə aktiv VOEN mövcuddur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Maddə 84. Ər-arvadın bir-birini saxlamaq vəzifəsi 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13. Uşağın zəruri maddi təminat hüququ Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, birgə uşağı saxlamaq hər iki valideynin vəzifəsidir. Odur ki, tərəflərin birgə nikahından olan uşağın maddi cəhətdən təmin edilməsi hər iki valideynin vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehin maddi vəziyyəti nəzərə alınaraq, Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən 220 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən iddiaçı alimentin ödənilməsi ilə bağlı mübahisənin həlli üçün mediatora müraciət etdiyi vaxt nəzərə alınmaqla, iddiaçının tələbi üzrə 10 may 2023-cü il tarixindən tutulmalıdır. Məhkəmə iddiaya 100 manat məbləğində maddi yardımın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, cavabdehin aylıq gəlirinin məbləği nəzərə alınmaqla, iddia bu hissədə qismən təmin edilməli, hər ay 50 manat məbləğində vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın 50 (əlli) manat məbləğində mediasiya xərci cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən cavabdeh iddiaçı tərəfindən çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddia həmin hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan 52,4 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, iddia alimentin tutulması ilə bağlı olduğundan, iddiaçı isə aliment ödəməkdən azad edildiyinə görə məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul miqdarında aliment 10 may 2023-cü il tarixindən hesablanmaqla Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. xx.xx.2022-ci il təvəllüdlü X6 üç yaşına çatanadək, yəni xx.xx.2025-ci il tarixinədək 50 (əlli) manat məbləğində aliment Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı X2 ödənilsin. Cavabdeh 52,40 (əlli iki manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-8519/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8519/2023
27.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver