Məhkəmə qərarları › İş №e-2(011)-8794/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8794/2024

18.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8794/2024 18.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclası katibi İsgəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı alimentin təyin edilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən hər ay üçün hər birindən 300 manat, cəmi 600 manat məbləğində alimentin və əlavə xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 15 noyabr 2008-ci il tarixdə X3 ilə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların iki övladı var: xx.xx.1983cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2. X3 ilə ilk vaxtlarda münasibətləri yaxşı olsa da, sonradan ailə münasibətləri pisləşdiyindən, birgə yaşamaqları və ailənin saxlanması qeyri-mümkün olmuşdur. İddiaçı bütün ömrünü işləmiş, çalışmış ki, ailənin heç bir ehtiyacı olmasın, üç dənə 3 otaqlı mənzil almışdır. Evlərin birini qızının adına, ikisini isə həyat yoldaşı X2 adına almışdır. Hal-hazırda bütün əmlakı X2 və cavabdehlərin sahibliyindədir, iddiaçı özü isə evsiz qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2327/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən X3 ilə iddiaçı arasında olan nikah pozulmuşdur. Hal-hazırda iddiaçının 1 dərəcəli əlilliyi var, sərbəst hərəkət edə bilmir. İddiaçı üç dəfə insult diaqnozu ilə xəstəxanaya düşmüş, və İİİ dərəcəli onkoloji xəstəlikdən əziyyət çəkir. İddiaçı əlil arabası ilə hərəkət edir, heç yerdən gəliri yoxdur və çox ağır maddi durumum var. Hal-hazırda iddiaçının ağır xəstəliyə tutulmağını, şikəst olduğunu və ona qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım olduğunu nəzərə alaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutularaq iddiaçının xeyrinə hər ay üçün hər birindən 300 manat, cəmi 600 manat məbləğində alimentin və əlavə xərclərin ödənilməsi qanuna müvafiq hesab edirəm Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, iddiannı rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 1621/2024 nömrəli qətnaməsi ilə xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Nərimanov Rayon İcra Başçısının xx.xx.2024-cü il tarixli, 185 saylı sərəncamı ilə Liza Kasueva xx xxxx 1956-cı il təvəllüdlü həyat yoldaşı İddiaçı qəyyum təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2327/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaçəsi ilə İddiaçı ilə X3 arasında xx.xx.1982- ci il tarixdə 185 №-li aktla Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış nikah pozulmuşdur. ƏƏSMN X1 Sistemindən əlillik haqqında arayışdan görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri- baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri səbəbindən birinci dərəcəli əlildir. AZ-İİ seriyalı 605938 saylı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X5 nikaha daxil olmuşlar. Bu barədə nikah akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə, 4130 nömrəli qeyd edilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Cavabdeh1 Cavabdeh1 hər hansı rəsmi iş yeri və ya əlavə gəlir yeri yoxdur. Cavabdeh2 isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kargüzar vəzifəsində çalışır, aylıq əmək haqqı 784 manat təşkil edir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, İddiaçı əlilliyə görə 200 manat, yaşa görə 337.77 manat, ümumilikdə 537.77 manat pensiya alır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 43. Valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları Valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.3. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Maddə 82. Yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. Maddə 83. Yetkinlik yaşına çatan övladların valideynlərinə görə əlavə xərclərdə iştirakı 83.1. Yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. 83.2. Yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6cı maddələrinə uyğun olaraq müəyyən edilir. 83.3. Əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. Maddə 100. Aliment tutulması barədə tələbin verilməsi müddətləri 100.1. Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3. Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Maddə 234. Qətnamənin icra edilməsi 234.1. Bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında; 234.2.2. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.2. aliment alınması barədə iddialar üzrə - iddiaçılar; Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, İddiaçı əmək qabiliyyəti olmayan, cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan əlilliyi olan şəxsdir. Beləliklə, İddiaçı əlilliyi ilə bağlı onun xüsusi qayğı və qulluğa ehtiyacı vardır. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar isə maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Odur ki, məhkəmə hesab edir ki, əmək qabiliyyəti olmayan, maddi yardıma ehtiyacı olan valideynin maddi cəhətdən təmin edilməsi hər iki övladın vəzifəsi olaraq qəbul edilməli, iddiaçı və cavabdehlərin maddi vəziyyəti, ailə vəziyyəti, diqqətəlayiq digər hallar nəzərə alınaraq, xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı saxlanılması üçün Cavabdeh1 və Cavabdeh2 hər birindən hər ay 111 manat, ümumilikdə 222 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2664 manat (222 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46.64 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx xxxx 1956-cı il təvəllüdlü İddiaçı saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay Cavabdeh1 111 (yüz on bir) manat, Cavabdeh2 111 (yüz on bir) manat, ümumilikdə 222 (iki yüz iyirmi iki) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. 46.64 (qırx altı manat, altmış dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar