Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8846/2025 29.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə “əmək haqqının ödənilməməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMCdən 28.000 manat məbləğində ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyət pulunun tutulub iddiaçıya ödənilməsi, gecikdirilmiş əmək haqqı üzrə AR Əmək Məcəlləsinin 172.5-ci maddəsinə uyğun hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödəncin cavabdehdən tutularaq iddiaçıya verilməsini, iddia təmin edildiyi halda mediasiya sessiyası üçün ödənilən mediasiya rüsumu olan 60 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq xx.xx.2024-cü il tarixdən inşaat meneceri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixədək həmin şirkətdə rəsmi qaydada əmək fəaliyyətini davam etdirmişdir. Lakin cavabdeh müəssisə 2025-ci ilin son 8 ayına aid əmək haqqını və işlədiyi dövrdə istifadə edilməmiş məzuniyyət günlərinə görə qanunla ödənilməli olan kompensasiyanı (müavinəti) ona verməkdən imtina etmişdir. Bütövlükdə ödənilməmiş məbləğ 28.000 manat təşkil edir. İddiaçı bildirir ki, dəfələrlə cavabdehə müraciət etmiş, həm fərdi qaydada, həm də səlahiyyətli dövlət orqanlarına şikayətlər etmişdir. Lakin bütün müraciətlər effektsiz qalmışdır. İddia ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Aparatının 13 noyabr 2025-ci il tarixli, 2- 5/2-41595/2025 saylı məktubundan açıq şəkildə görünür ki: Cavabdeh MMC barəsində müxtəlif dövrlərdə bir neçə inzibati xəta işi başlanmış, X2 tərəfindən tələb olunan sənədlər təqdim edilməmiş, Əmək Məcəlləsinin 15-cimaddəsinin tələbləri pozulduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta protokolu tərtib edilmiş və iş Xətai Rayon Məhkəməsinə göndərilmişdir, həmçinin cavabdeh müəssisənin təsisçi-direktoru X1 barəsində inzibati icraat aparılmışdır. Vergi orqanları da şirkətin pozuntularını nəzarətə götürmüşdür. Bu hallar cavabdehin sistemlişəkildə əmək qanunvericiliyini pozduğunu təsdiq edir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, bildirdi ki, Cavabdeh MMC ilə əmək müqaviləsi bağlayaraq xx.xx.2024-cü il tarixdən inşaat meneceri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2025-ci il tarixədək həmin şirkətdə rəsmi qaydada əmək fəaliyyətini davam etdirmişdir, lakin fevral ayından maaşlar verilməmiş, vədlərlə aldadılaraq heç bir əmək haqqı almadan işləmişdir, əslində maaşı 3412,57 manatdır, şirkət vergiyə az göstərmək üçün rəsmi sənədlərdə 2800 qeyd etmişdir, məhkəmədən 28.000 manat məbləğində ödənilməmiş əmək haqqı və istifadə olunmamış məzuniyyət pulunun, gecikdirilmiş əmək haqqı üzrə hər gecikdirilmiş gün üçün ona əmək haqqının azı bir faizi məbləğində ödəncin Cavabdeh MMC-dən onun xeyrinə tutulmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə bildirişi göndərilmiş, lakin o, (nümayəndəsi) məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/2/2025-01190 saylı Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı medisiya sessiyasında iştirak etmiş və tərəfindən 60 manat mediasiyaya dair xərci ödənilmişdir. İş materiallarında olan e-social.gov.az saytından əldə olunmuş çıxarışdan görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür, rəsmi əmək haqqı 3184 manat qeyd edilmişdir. İş materiallarında olan Paşa bank tərəfindən verilən İddiaçı məxsus çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 305 manat (dekabr əməkhaqqı), xx.xx.2025-ci il tarixdə 711,96 manat (dekabr əməkhaqqı) ,xx.xx.2025-ci il tarixdə 350 manat( yanvar əməkhaqqı), xx.xx.2025-ci il tarixdə 2450 manat( yanvar əməkhaqqqı), xx.xx.2025-ci il tarixdə 2800 manat (fevral əməkhaqqı) əmək haqqı ödənişləri olmuşdur. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-ci il tarixdə 6 ay müddətinə, “Layihələndirmə və tikintinin təşkili şöbəsi” bölməsində “İnşaat meneceri” vəzifəsinə, aylıq əmək haqqı 3184 manat əmək müqaviləsi bağlanmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, əmək haqqısı ödənilmədiyindən xx.xx.2025-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 200/X nömrəli əmrdən görünür ki, “Layihələndirmə və tikintinin təşkili şöbəsi” bölməsində “İnşaat meneceri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 5S7XXU000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a”” tərəflərdən birinin təşəbbüsü ilə maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmiş və işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi Maliyyə şöbəsinin departamentinə həvalə edilmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası ƏM-nin 3-cü maddəsinin 1-3-cü və 5-ci hissələrinə əsasən, müəssisə — mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddəsinin 4-cü bəndindən görünür ki, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 154-cü maddəsinin 1-ci bəndindən görünür ki, əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Həmin Məcəllənin 156-cı maddəsinin 1-ci bəndindən görünür ki, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Həmin Məcəllənin 172-ci maddəsinə əsasən, əmək haqqının verilməsi müddətləri:
1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir.
2. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər.
3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.
5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.
6. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Qeyd: Bu maddədə “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Həmin Məcəllənin 195-ci maddəsinin “d” bəndindən görünür ki. işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi fərdi əmək mübahisələrinin predmetinə daxildir. Həmin Məcəllənin 289-cu maddəsinə əsasən fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Həmin Məcəllənin 290-cı maddəsinə əsasən 1-ci bəndindən görünür ki, fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. 2-ci bəndinə əsasən işçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən maddi ziyanı tam məbləğdə ödəməlidir. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından görünür ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, xx.xx.2025-ci il tarixdə müqavilə qüvvədən düşmüşdür. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, əmək haqqısı ödənilmədiyindən xx.xx.2025-ci il tarixdən işdən azad olunmasını xahiş etmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 200/X nömrəli əmrdən görünür ki, “Layihələndirmə və tikintinin təşkili şöbəsi” bölməsində “İnşaat meneceri” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış 5S7XXU000300 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 68.2 “a”” tərəflərdən birinin təşəbbüsü ilə maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmiş və işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixə qədər istifadə edilməmiş 25 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun hesablanıb ödənilməsi Maliyyə şöbəsinin departamentinə həvalə edilmişdir. Paşa bank tərəfindən verilən İddiaçı məxsus çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə 305 manat (dekabr əməkhaqqı), xx.xx.2025-ci il tarixdə 711,96 manat (dekabr əməkhaqqı) ,xx.xx.2025-ci il tarixdə 350 manat ( yanvar əməkhaqqı), xx.xx.2025-ci il tarixdə 2450 manat ( yanvar əməkhaqqqı), xx.xx.2025-ci il tarixdə 2800 manat (fevral əməkhaqqı) əmək haqqı ödənişləri olmuşdur. Göründüyü kimi işəgötürən və işçi arasında əmək müqaviləsi bağlanmış, tərəflər arasında əmək münasibətləri mövcud olmuş, işçi üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, lakin işəgötürən tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəssinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Qeyd olunan Məcəllənin 172-ci maddəsinin 1-ci hissəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Sadalanan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı işlədiyi dövr ərzində ona ödənilməmiş əmək haqlarını cavabdehdən məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Belə ki, İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il (07 ay 23 gün) tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı olan 21670 ((7 ay x 2800 manat = 19600 manat) + ((2800 manat /23 gün (oktyabr ayında bütün iş günləri)) x 17 gün (oktyabr ayında işçinin işlədiyi günlər) =2069,565≈2070 manat) =21670 manat) manat cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, işçiyə əmək haqqı hal-hazırki tarixədək ödənilmədiyindən, bu hal işəgötürənin təqsiri ucbatından yarandığından, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulan zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Son haqq-hesab işəgötürən tərəfindən işçinin əmək müqaviləsinə xitam verildiyi tarixə qədərki dövrə görə işlənmiş iş günlərinə görə əməkhaqqı, istifadə edilməmiş məzuniyyətin kompensasiyası və qanunda nəzərdə tutulan formada və hallarda ödənilməli müavinətdən ibarət olan vəsaitdir. Əmək müqaviləsinə xitam verilmə səbəbindən asılı olmayaraq işçiyə müvafiq iş ilində istifadə olunmayan məzuniyyətə görə pul əvəzi, yəni kompensasiya verilməlidir. Kompensasiya yalnız istifadə olunmayan əsas məzuniyyətlər üçün ödənilir. Əsas məzuniyyətə görə hesablanan kompensasiyadan bütün icbari ödəmələrin tutulması təmin edilməlidir. İşçilərə təyin edilən kompensasiyalar qanunvericiliyə uyğun olaraq əmsallaşdırılıb ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı son haqq-hesab olaraq 25 günlük istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası Cavabdeh MMCdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Əmək Məcəlləsinin 131-ci maddəsindən görünür ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən göründüyü kimi, İddiaçı xx.xx.2024-cü il tarixdə işə balamış, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, qanunla nəzərdə tutulan 6 aylıq müddəti keçmiş, 25 günlük istifadə edilməmiş əmək məzuniyyəti qalmışdır, istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası olaraq 2302,50 manat (2800 (aylıq gəlir) x 9 (tam aylar) / 9 (işlədiyi aylar) = 2800 ; 2800/30,4 =92,10 manat: 92,10x 25 =2302,50 manat) məbləğində pul vəsaiti iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur. Sadalanan qanunvericilik aktlarına əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilrək, İddiaçı xeyrinə xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il (07 ay 23 gün) tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı olan 21670 manat və istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası olaraq 2302,50 manat olmaqla cəmi 23972,50 manat və gecikdirilmiş aylıq əmək haqqı üçün qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc Cavabdehndən tutulmalıdır.
Məhkəmə xərcləri: AR Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddiaların məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iddiaçının 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutulmasına dair hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir.
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə,
qət etdi: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il (07 ay 23 gün) tarixədək olan dövr üçün ödənilməmiş aylıq əmək haqqı olan 21670 (iyirmi bir min altı yüz yetmiş) manat və istifadə edilməmiş əmək məzuniyyətinin pul ilə kompensasiyası olaraq 2302,50 manat (iki min üç yüz iki manat, əlli qəpik) olmaqla cəmi 23972,50 (iyirmi üç min doqquz yüz yetmiş iki manat, əlli qəpik) manat Cavabdehndən tutularaq ödənilsin. Gecikdirilmiş aylıq əmək haqqı üçün qətnamə icra olunan tarixədək hər gün üçün əmək haqqının 1 faizi hesablanmaqla ödənc Cavabdehndən tutularaq İddiaçı xeyrinə ödənilsin. Mediasiya sessisayı üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Sahibə Hacıyeva