Məhkəmə qərarları › İş №e-2(011)-885/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-885/2025

22.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-885/2025 22.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X1 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh-in təqsiri ucbatından, oğlu X5 vəfat etməsinə görə xərclədiyi 15.000 manat və 150.000 manat məbləğində mənəvi ziyan vurulmasına görə kompensasiya, ümumi olaraq 165.000 manat məbləğin Cavabdeh-dan tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X16 bağırsaq keçirilməməzliyi diaqnozu ilə xx.xx.2023-cü il tarixdə "X23"- ə çatdırılmışdır. Oğlunun müəlicəsi Kənan Yusifzadə adlı cərraha həvalə edilmişdir. İlk öncə, Kənan Yusifzadə oğlunu diaqnostika etmiş və reanimasiyada müalicə etdirmişdir. Təxminən 1 ay sonra, xx.xx.2023-cü il tarixdə oğlu X8 ilk əməliyyatını etmişdir. Əməliyyat etməzdən qabaq oğlunu dəfələrlə rentgenə salmışdır, çoxlu sayda antibiotik vurulmuşdur və neçə gün ac saxlamışdır. Lakin ilk əməliyyatdan sonra stoma (bağırsağ) çölə qoyuldu. Həkim bildirdi ki, iki aydan sonra gəlin, bağırsağın birləşdirilməsi əməliyyatını edəcəm, halbuki, xəstənin vəziyyəti dəyərləndirilmişdir, çox sayda antibiotik, ac qalma, rentgen, xəstə çox pis vəziyyətə düşmüş və əməliyyat ən azı 6 ay, yaxşı halda isə 1 ildən sonra keçirilməli idi. Əməliyyat uğursuz keçdiyindən, çox qısa bir vaxt ərzində, cəmi 2 ay sonra, halbuki, ən azı 6 ay keçməli idi, 2024-cü ilin aprel ayında Kənan Yusifzadə ikinci dəfə əməliyyat etdi, yenə, birinci dəfə olduğu kimi oğlunu dəfələrlə rentgenə salmışdır, çoxlu sayda antibiotik vurmuşdur və neçə gün ac saxlamışdır. Əməliyyatdan sonra demişdir ki, 10 gün sonra gələrsiz, tikişləri sökərik. Həmin əməliyyatdan 10 gün sonra, tikişlərin sökülməsi üçün "X23"-ə getmişlər, onları görən Kənan Yusifzadə soruşmadı ki, Vüsalın vəziyyəti necədir, özünü necə hiss edir, soruşdu ki, "zəng etməmişdən niyə gəlmisiz"? X26 ömür boyu sağlam olub, xəstələnməyib, Covid-19 üzrə pandemiya olarkən, bütün ailə xəstələnmiş, bircə Vüsaldan savayı, o qədər möhkəm bir insan olub. Bütün bu əməliyyatlara və s. tibbi prosedurlara ümumi olaraq 15.000 manat xərclənmişdir. Ən vacibi isə, ikinci əməliyyatdan sonra Kənan Yusifzadə oğlunu nəzarətdə saxlamamış, cəmi üç ay ərzində, 2 əməliyyatdan və reanimasiyaya yatızdırmaqdan sonra, o qədər antibiotik və rentgendən sonra oğlu X16 çox zəif idi, çox arıq və pis bir vəziyyətdə idi. Və bu cür vəziyyətdə olan pasienti "X23"-ın cərrahı Kənan Yusifzadə tamamilə nəzarətsiz buraxmışdır. Və məhz buna görə, yəni, həkim X4 Vüsal Mikail oğlunu necə ağır bir durumda olduğunu görərək, ikinci əməliyyatdan sonra qəti şəkildə maraqlanmamış və nəzarətdə saxlamamışdır. İkinci əməliyyatdan sonra, oğlunun vəziyyətinin pisləşməsini görüb, oğlu X25 Yusifzadə zəng edərək kömək istəyərkən, Kənan Yusifzadə "Mənim iş vaxtım bitib, məni narahat etməyin" deyə cavab vermişdir. Göründüyü kimi, "X23"-ın cərrahı Kənan Yusifzadənın təqsirli hərəkətləri və səhlənkarlığın nəticəsində demək olar ki, ideal bir sağlamlığı ilə seçilən X26 vəfat etmişdir. Bu barədə iddiaçı hüquq-mühafizə orqanlara müraciət etmiş, lakin hüquq-mühafizə orqanları işi səthi və qərəzli apararaq, "X23"-ın cərrahı Kənan Yusifzadənin hərəkətlərində cinayət tərkibi aşkar etməmişdir. Sözügedən qərardan şikayət yazılıb. Hesab edir ki, "X23"-ın təqsiri üçbatından oğlu X16 vəfat edib və iddiaçı bunun əvəzində həm xərclədiyi 15.000 manat tələb edir, həm də ki, 150.000 manat məbləğində mənəvi kompensasiya tələb edir. Tərəflərin izahatları: Məhkəmə İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi X12 və vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili X10 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəməyə təqdim etdiyi etirazda qeyd etmişdir ki, X2 ölümünə cavabdehin təqsirli hərəkətləri səbəb olmamışdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı oğlunun ölümünə cavabdehin təqsirli hərəkətlərinin səbəb olmasını və ölümdən sonra onun mənəvi sarsıntı keçirdiyini göstərsə də, oğlunun ölümünə cavabdehin təqsirli hərəkətlərinin səbəb olmasını və mənəvi sarsıntıya məruz qaldığını sübut etməmişdir. İddiaçı cavabdehin təqsirli hərəkətlərinin onun oğlunun ölümünə səbəb olmasını, həmçinin özünün mənəvi sarsıntının baş verməsini və belə sarsıntının 150.000 manat xərcə səbəb olmasını sübut etmədiyindən iddia rədd edilməlidir. Qeyd edilməlidir ki, baş vermiş hadisə ilə bağlı Xətai rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X19 tərəfindən yoxlama aparılmış və yoxlama zamanı baş vermiş ölüm hadisəsində hər hansı bir cinayət tərkibinin olmaması əsası ilə Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsi ilə xx.xx.2023-cü tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, X2 ölümünə səbəb “bağırsaq keçməzliyi ilə əlaqədar inkişaf edən intoksikasiya"nın olduğu müəyyən edilmiş, bununla da aparılmış cərrahiyyə əməliyyatları ilə ölüm arasında səbəbli əlaqə istisna edilmişdir. Məhkəmə araşdırması zamanı mütəxəssis X13 məhkəmənin verdiyi suallara cavab olaraq göstərmişdir ki, bağırsaq keçməməzliyindən əziyyət çəkən xəstələrə əməliyyat icra edilib stomanın bayıra çıxarılması zamanı bağırsağın birləşdirilməsi üçün növbəti əməliyyat adətən protokol üzrə 3 aydan sonra icra edilir. Xəstənin göstəriciləri tələb etdiyi zaman bu əməliyyatın icra edilməsi daha tez də mümkündür. Əməliyyatın daha tez icra edilməsi zamanı bir sıra göstəricilər müəyyən edilməlidir. Qan dəyərləri, pasientin ümumi vəziyyəti dəyərləndirilməlidir. Əməliyyat icra edildikdən sonra pasientin vəziyyəti də nəzarət altında saxlanılmalıdır. Belə ki, xəstə evə buraxıldıqdan sonra özü mütəmadi olaraq həkim müşahidəsindən keçməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin vəsatəti əsasında X11 iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməminin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşin faktiki halları: 14 yanvar 2023-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, "X23" MMC ilə X14 arasında tibbi xidmətlərin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. X15 tərəfindən icra edilmiş, icra edilmiş əməliyyat “Siqmatomanın ləğvi, Kolorektal anastomoz” əməliyyatı olmuşdur. İş materiallarında olan xəstəlik tarixindən görünür ki, X14 14 yanvar 2023-cü il tarixdə reanimasiya şöbəsinə daxil olmuş, 18 yanvar 2023-cü il tarixdə çıxmışdır. 95/23 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, X6 “K 56.2 S-vari bağırsağın natamam burulması. Dinamiki bağırsaq keçməzliyi” diaqnozu qoyulmuş, xx.xx.2023-cü il tarixdə Fibrokolonoskopiya zamanı siqmoid volvulusunun detorsiyası aparılmış, aparılan konservativ müalicədən sonra xəstə kafi vəziyyətdə xx.xx.2023-cü il tarixdə ambulator müalicə üçün evə yazılmışdır. 14 fevral 2023-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, "X23" MMC ilə X14 arasında tibbi xidmətlərin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. 357/23 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Svari bağırsağın rezeksiyası. Stomanı qoyulması” əməliyyatı aparılmışdır, əməliyyatdan sonrakı dövrdə ağırlaşmalar qeyd olunmayıb, xəstə xx.xx.2023-cü il tarixdə ambulator müalicə üçün evə yazılmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göndəriş vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə xəstə "X23" MMC-də əməliyyat olunmuş, X2 əməliyyatı zamanı və əməliyyatdan sonrakı dövrdə ağırlaşmalar qeyd olunub, stomanın qapadılması üçün yenidən göndərilmişdir. Təqdim edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə digər və dəqiqləşdirilməmiş bağırsaq keçməməzliyi səbəbindən vəfat etmişdir. Xətai rayon prokurorluğunun müstəntiqi Aqil Əşrəfov tərəfindən qəbul edilmiş 25 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X2 ölüm faktı əsasında toplanmış 254 c-23 saylı material üzrə cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Xətai rayon prokurorluğu tərəfindən X14 barəsində keçirilmiş ekspertizanın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Vüsal Kazımov xx.xx.2023-cü il tarixdə "X23"ə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Dinamiki bağırsaq keçməməzliyi" diaqnozu təyin edilmişdir. Diaqnoza uyğun olaraq həmin tarixdə onun üzərində "Laparotomiya; Qarın boşluğunun təftişi; S-vari bağırsağın rezeksiyası; Hartmann əməliyyatı; Siqma stomanın qoyulması: Rektum güdülünün közənməsi; Qarın boşluğunun drenajı" cərrahiyyə əməliyyatı icra edilmişdir. Daha sonra Vüsal Kazımov yenidən xx.xx.2023-cü il tarixdə "X23"ə "Əməliyyatdan sonrakı vəziyyət (kolostoma)" diaqnozu ilə daxil olmuş və onun üzərində "Siqma stomanın ləğvi; Kolorektal anastomoz" cərrahiyyə əməliyyatı icra edilmişdir. İcra edilmiş hər iki əməliyyatlardan sonra xəstəyə məsləhətlər verilmiş və kafi vəziyyətdə xəstəxanadan evə yazılmışdır. Vüsal Kazımova "X23"də təyin edilmiş diaqnozlar düzgün olmuşdur. Vüsal Kazımovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb "bağırsaq keçməməzliyi ilə əlaqədar inkişaf edən intoksikasiya"nın olduğu müəyyən edilmişdir. Vüsal Kazımovun üzərində icra edilmiş operativ müdaxilələrin ümumi anesteziya altında aparılmasına əks göstəriş olmamışdır. Aparılmış əməliyyatönü müayinələr xəstənin vəziyyətinə uyğun olmuşdur. Vüsal Kazımovun üzərində icra edilmiş ilkin və təkrari cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdur. İcra edilmiş hər iki əməliyyatdan sonra xəstə kafi vəziyyətdə evə yazılmışdır. Vüsal Kazımova aparılmış hər iki cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnoza uyğun olmuşdur. Lakin ikinci cərrahiyyə əməliyyatdan sonra xəstəyə nəzarət daha səmərəli aparıla, yəni lazım gəldikdə təkrar baxış və ambulator təyinata əlavələr edilə bilərdi. Vüsal Kazımova seçilmiş operativ müalicə taktikası (hər iki əməliyyat) düzgün olmuşdur. Vüsal Kazımova aparılmış əməliyyatlar taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. Vüsal Kazımova aparılmış ilkin cərrahiyyə əməliyyatı düzgün və vaxtında icra edilmişdir. Vüsal Kazımovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb "bağırsaq keçməməzliyi ilə əlaqədar inkişaf edən intoksikasiya"nın olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış cərrahiyyə əməliyyatları ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Vüsal Kazımova ikinci əməliyyatdan sonra nəzarət daha səmərəli aparıla bilərdi. Vüsal Kazımovun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək "X23"də müalicə müddəti ərzində ona təyinata uyğun olaraq müalicələr aparıla bilərdi. Vüsal Kazımovun üzərində icra edilmiş ikinci cərrahiyyə əməliyyatı ilə əlaqədar qərar müalicə həkimi və həkim-anestezioloq tərəfindən müəyyən edilir. Əks göstəriş olduğu halda cərrahiyyə əməliyyatı təxirə salına bilər. 24 aprel 2023-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, "X23" MMC ilə X14 arasında tibbi xidmətlərin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanmışdır. X15 tərəfindən icra edilmiş, icra edilmiş əməliyyat “Siqmatomanın ləğvi, Kolorektal anastomoz” əməliyyatı olmuşdur. İş materiallarında olan xəstəlik tarixindən görünür ki, X14 24 aprel 2023-cü il tarixdə cərrahiyyə şöbəsinə daxil olmuş, 02 may 2023-cü il tarixdə çıxmışdır. 873/23 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, X3 xx.xx.2023-cü il tarixdə “Laparotomiya. Kolostomanın ləğvi” əməliyyatı icra edilmiş, xx.xx.2023-cü il tarixdə ambulator müalicəni davam etdirmək üçün evə yazılmışdır. Məhkəmə tərəfindən iş üzrə ekspertiza təyin edilmişdir. Təqdim edilmiş Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya PHŞ tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 28 saylı ekspert rəyindən görünür ki, X2 üzərində icra edilmiş ilkin və təkrari cərrahiyyə əməliyyatları təyin edilmiş diaqnoza uyğun və düzgün olmuşdur, icra edilmiş tibbi tədbirlər səhiyyə sistemində qüvvədə olan göstəriş və protokollar həcmində olmuşdur. X2 26 aprel 2023-cü il tarixdə üzərində icra edilmiş operativ müdaxilələrin ümumi anesteziya altında aparılmasına hər hansı bir əks göstəriş haqqında tibbi sənədlərdə qeydiyyat yoxdur, həmçinin aparılmış əməliyyatönü müayinələr xəstənin vəziyyətinə uyğun olmuşdur. Xəstənin klinik vəziyyətinin və əməliyyatönü müayinələrin əməliyyata uyğun olması ilə əlaqədar "Siqma stomanın ləğvi" əməliyyatının daha erkən və ya gec vaxtda aparılması həkim cərrahın seçimidir. Vüsal Kazımovun üzərində icra edilmiş hər iki əməliyyatdan sonra kafi vəziyyətdə evə yazılmışdır. Lakin ikinci cərrahiyyə əməliyyatından sonra postoperasion dövrdə xəstəliyin dinamikası nəzarət altında saxlanıldığı halda müalicə effektliliyi proqnozlaşdırıla bilərdi. Belə ki, ambulator dispanserizasiya xəstənin vəziyyətinin düzgün qiymətləndirilməsinə və sonrakı tibbi tədbirlərin yönəldilməsinə müsbət təsir göstərə bilərdi. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”: 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə aparılmış araşdırma nəticəsində iş materiallarını tədqiq edərək və tərəflərin izahatlarını dinləyərək belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh-in təqsiri ucbatından, oğlu X5 vəfat etməsinə görə xərclədiyi 15.000 manat kompensasiyanın tutulmasına münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassızdır. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfin mövqeyi ondan ibarət olmuşdur ki, həkim tərəfindən iddiaçının oğlunun üzərində bir sıra əməliyyatlar icra edilmişdir. Bu əməliyyatlar lazımi qaydada icra edilməmişdir. Belə ki, X14 üzərində ilk dəfə əməliyyat icra edildikdən sonra ona ağır antibiotiklər tətbiq edilmiş və sağalma müddəti gözlənilmədən və hər hansı göstəriş mövcud olmadan qısa müddətdə ikinci əməliyyat icra edilmiş, bunun nəticəsində xəstənin orqanizmi tab gətirməyərək xəstə vəfat etmişdir. Odur ki, nəticə etibarilə əməliyyat, müalicə və nəzarət lazımi qaydada həyata keçirilmədiyindən iddiaçının oğlunun vəfat etməsi göstərilmişdir. İstinad olunan hərəkətlər nəticəsində ona maddi və mənəvi ziyanın dəydiyini göstərmişdir. Məhkəmə iddiaçının dəlillərini araşdıraraq iş üzrə mütəxəssis cəlb etmiş və ekspertiza təyin etmişdir. Aparılmış araşdırma nəticəsində iddiaçının oğlunun səhv müayinə-müalicə və əməliyyatın düzgün icra edilməməsi nəticəsində vəfat etməsi faktı öz təsdiqini tapmamışdır. Keçirilmiş araşdırılma nəticəsində yalnızca xəstənin əməliyyatdan sonrakı dövrə münasibətdə nəzarətin daha yaxşı aparıla biləcəyi qeyd edilmişdir. Nə qədər ki, məhkəmə tərəfindən həkim səhvi və ya müalicə tədbirlərinin səhv icra edilməsi nəticəsində iddiaçının oğlunun vəfat etməsi faktı aşkar edilməmişdir, iddianın maddi ziyana dair hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-dən 150.000 manat məbləğində mənəvi ziyan vurulmasına görə kompensasiya tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə qismən əsaslıdır. Belə ki, verilmiş rəyə əsasən ikinci cərrahiyyə əməliyyatından sonra postoperasion dövrdə xəstəliyin dinamikası nəzarət altında saxlanıldığı halda müalicə effektliliyi proqnozlaşdırıla bilərdi. Göründüyü kimi, əməliyyatdan sonrakı dövrdə həkim tərəfindən xəstəyə nəzarətin lazımi şəkildə həyata keçirilməməsi nəticəsində iddiaçı sarsıntı keçirmiş, şüurunda mənfi emosiyalar formalaşmışdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, ümumiyyətlə həkimlər tərəfindən həkimlər üçün hazırlanmış “X28”-in əsas müddəalarına da əsasən həkim-insan ləyaqətini üstün tutaraq, özünü keyfiyyətli tibbi xidmət göstərməyə həsr etməli, öz münasibətində pasient və həmkarlarına qarşı səmimi, düzgün, vicdanlı və sədaqətli olmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, mənəvi ziyanla bağlı gəldiyi nəticə “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında məhkəmələrə verilmiş tövsiyyələrə də uyğundur. Belə ki, Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. Fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Odur ki, məhkəmə mənəvi zərərin əvəzi olaraq 25.000 manat pulun Cavabdeh MMCdən iddiaçının xeyrinə tutulmasını ağlabatan hesab edir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 25.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı şəhid ailəsidir və o, qanunla rüsum ödənilməsindən azaddır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq 165 manat dövlət rüsumu Cavabdeh MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən vurulmuş mənəvi zərərin əvəzi olaraq 25.000 (iyirmi beş min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Dövlət rüsumunun əvəzi olaraq Cavabdeh MMC-dən 165 (bir yüz altmış beş) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar