Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-895/2024 08.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsi və onun dəlilləri: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan olan 11 avqust 2006-cı il təvəllüdlü X1 və 05 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 250 manat sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 50 manat xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə 12 sentyabr 2005-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 11 avqust 2006-cı il təvəllüdlü X3 və 05 iyun 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Cavabdehlə müasibətləri ilk zamanlarda yaxşı olsa da, sonradan müəyyən səbəblərdən münasibətləri korlanmışdır. Hazırda tərəflər birgə yaşamır. Cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla sabit pul məbləğində alimentin tutulması uşaqların mənafeyinə uyğundur. Daha sonra iddiaçının vəkili Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, hər ay hər uşaq üçün 235 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qismən qəbul edərək, aliment ödəməyə yalnız iddiaçı ilə aralarında bağlanmış nikahın pozulmasından sonra razı olduğunu bildirmişdir. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı və cavabdeh 12 sentyabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahından 11 avqust 2006-cı il təvəllüdlü X3 və 05 iyun 2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. Uşaqlar hazırda iddiaçının yanındadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə işə əlavə edilmiş sübutları tədqiq edib, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, cavabdehin iddia tələbini qismən qəbul etdiyini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın qismən təmin edilməli olmasını ağlabatan hesab edir. Məhkəmə cavabdehdən tutulacaq alimentin miqdarını müəyyən edərkən uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə 220 manat, 2024-cü il üzrə 235 manat müəyyən edildiyinin nəzərə alınmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının aliment tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. İş materiallarından görünür ki, iddiaçı iddia tələbi ilə 24 oktyabr 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən ərizənin məhkəməyə verildiyi 07 noyabr 2023-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından anadan olmuş 11 avqust 2006-cı il təvəllüdlü X1 və 05 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 noyabr 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat, 01 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı Bakı 16 saylı Mediasiya Təşkilatına 50 manat mediasiya xərci ödəmişdir. Odur ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, cavabdehdən 76.40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 11 avqust 2006-cı il təvəllüdlü X1 və 05 iyun 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə 07 noyabr 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 (dörd yüz qırx) manat, 01 yanvar 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 76.40 (yetmiş altı manat qırx qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə, 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-895/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-895/2024
08.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver