Məhkəmə qərarları › İş №e-2(011)-921/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-921/2025

14.02.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-921/2025 14.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin qaytarılması və pul tələbinə” dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. Mübahisə predmeti olan “MAZ 54323” yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilinə (bundan sonra - Avtomobil) dair iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, bu barədə ona xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir.

2. Həmçinin, xx.xx.2022-ci il tarixdə tərəflər arasında Avtomobilə dair notarial qaydada təqdiq edilməklə, “Nəqliyyat vasitəsinin ilkin alqı-satqısı müqaviləsi” bağlanmışdır (müqavilənin 1.1-ci bəndi). Müqavilənin şərtlərinə görə iddiaçı Avtomobilin 21650 manata cavabdehə satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Eyni zamanda, müqavilənin digər şərtlərinə görə, iddiaçının nümayəndəsi Elçin Mirzəyev satılacaq Avtomobili 21650 manata qiymətləndirərək cavabdehə satmağı, sonuncu isə həmin pulu İddiaçı, xx.xx.2022-ci il tarixdən etibarən hər ay 1080 manat olmaqla (20 ay müddətinə), ödəməyi öhdəsinə götürmüşdür (müqavilənin 2.1-ci bəndi). Müqaviləyə əsasən İddiaçı nümayəndəsi Elçin Mirzəyev həm də öhdəsinə götürmüşdür ki, müqavilədə göstərilən pulu (21650 manat) tam ödəyib bitirdikdən sonra Avtomobilin özgəninkiləşdirilməsinə dair cavabdehə etibarnamə verəcəkdir.

3. Həmçinin, xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi Elçin Mirzəyev tərəfindən imzalanmaqla, cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün xx.xx.2024-cü il tarixədək etibarnamə verilmiş, etibarnamə üzrə verilmiş səlahiyyət isə Avtomobilin idarə edilməsi ilə bağlı olmuşdur.

4. Avtomobilə dair tərəflər arasında bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqısatqısı müqaviləsi” üzrə cavabdeh tərəfindən 5 ay, hər ay 1080 manat olmaqla, cəmi 5400 manat pul ödənilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavadehlə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli ilkin müqavilənin ləğv edilməsi, xx.xx.2022-ci il tarixli ilkin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Avtomobilin cavabdehdən alınaraq iddiaçıya qaytrılması, nəqliyyat vasitəsi olmadığı təqdirdə vurulmuş 21 650 manat maddi ziyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, ödənişin gecikdirildiyi 7 aya görə hər günü 10 manatdan olmaqla 2100 manat pul vəsaitinin və 161,25 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli ilkin müqavilənin 2.8-ci maddəsinə əsasən bütün növ mübahisələrə Xətai rayon məhkəməsində baxılacaqdır. xx.xx.2022-ci il tarixli İlkin Müqaviləyə əsasən iddiaçı Avtomobil cavabdehə 21650 manata satılması barədə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Cavabdeh Müqavilənin 2.1-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən hər ay 1080 manat olmaqla 20 ay ərzində ödəniş etməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü maddəsinə əsasən cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək, 10 gündən artıq gecikdirdiyi halda o vaxta qədər ödənilmiş pulu geri tələb etməyəcək və avtomobili təhvil verməyi öhdəsinə götürür. Cavabdeh 1 ildən aydan çoxdur ki, müqavilə üzrə ödəniş etmir və beləliklə müqavilə şərtləri pozulmuşdur. Cavabdehlə aparılan şifahi danışıqlar nəticə verməmiş, yazılı xəbərdarlıq nəticə verməmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən müqavilə üzrə 5 ay ərzində hər ay 1080 manat olmaqla ödəniş edilmişdir, ödənişlər nağd formada edilib.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

12. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

15. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

16. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

17. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

21. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

22. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi İddiaçı tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

23. Belə ki, tərəflər arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə tərəflər avtomobilin ümumi satış qiymətini müəyyən etmiş və hər ay nə qədər pul ödəniləcəyi, həmin məbləğin hansı tarixədək ödəniləcəyi barədə razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən cavabdeh satış məbləğini xx.xx.2022-ci il tarixindən etibarən hər ay 1080 manat olmaqla 20 ay ərzində ödəməyi öhdəsinə götürsə də, müqavilə üzrə məbləğ ödənilmədiyindən və həmin müqavilənin ləğv edilməsi tələb edildiyindən, iddia tələbi xx.xx.2022-ci il tarixli ilkin alqı satqı müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir.

24. Cavabdehin avtomaşının razılaşdırılmış dəyərini müqavilə şərtlərinə uyğun olaraq ödəməməsi işin mübahisəsiz halıdır. Müqavilənin 2.3. bəndinə görə 5 gün gecikdirmə nəticəsində hər gecikdirilmiş gün üçün 10 manat ödənilməsi şərtləşdirilmişdir. Müqavilənin 2.6 bəndində ikinci tərəfin ödənişi 1 ay ödəməyəcəyi təqdirdə birinci tərəfin müqaviləni birtərəfli qaydada poza bilməsi qeyd edilmişdir. İddiaçının vəkili cavabdeh tərəfindən yalnız 5 ay üzrə ödənişin edildiyi qalan aylar üzrə ödənişlərin edilmədiyi qeyd edilmişdir. Ona görə iddiaçı müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır.

25. Azərbaycan Respublikası MM-nin 424.4. maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Tərəflər arasında bağlanmış müqavilədə müqavilə şərtlərini pozan tərəfin verdiklərini geri tələb etməsini nizama salan şərtlər nəzərdə tutulmamışdır. Həm də nəzərə almaq lazımdır ki, keçən müddət ərzində avtomaşın faktiki olaraq cavabdehin sahibliyində olmuş və ondan istifadə edilmişdir.

26. Həmçinin, məhkəmə hesab ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisi olduğundan, cavabdeh tərəf müqavilə şərtlərini pozduğundan iddiaçı avtomobili cavabdehin sahibliyindən geri qaytarılmasını tələb etmək hüququna malikdir. Lakin, iddiaçının vəkili və nümayəndəsi bildirmişdir ki, Avtomobil artıq mövcud deyil, hissələrə bölünərək satılmışdır. Cavabdeh isə dəfələrlə məhkəmə iclasına dəvət edilsə də, o, məhkəmə iclasında iştirak etməyərək, iddiaçının qeyd etdiyi dəlilləri təkzib etməmişdir.

27. Məhkəmə iddia tələbinin 21 650 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, 16250 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçının vəkili məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, cavabdeh yalnız 5 ay üzrə hər ay 1080 manat məbləğində ödəniş etmişdir, bu isə 5400 manat təşkil edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 16 250 (21650 – 5400 = 16 250) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

28. Məhkəmə hesab edir ki, iddia tələbi 2100 manat məbləğində cərimənin cavabdeh tərəfindən ödənilməsi hissəsində də təmin edilməlidir. Belə ki, tərəflər arasında imzalanmış müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh ödənişi 10 gündən artıq gecikdirdikdə hər gün üçün əlavə 10 manat ödəniş edəcək. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 2100 manat məbləğində cərimənin cavabdeh tərəfindən ödənilməsi hissəsində əsaslıdır.

29. Məhkəmə hesab edir ki, 161,25 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 77%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 1990-cı il buraxılışlı, “MAZ 54323” yük markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış “Nəqliyyat vasitəsinin ilkin alqı-satqı müqaviləsi” ləğv edilsin. 16 250 manat pul, ödənişin gecikdirildiyinə görə 2100 manat məbləğində cərimə və 124,16 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 37,09 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar