Məhkəmə qərarları › İş №e-2(011)-995/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-995/2024

18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-995/2024 18.01.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, onun Cavabdeh ilə nikahı xx.xx.2023-cü ildə 5 saylı Bakı Asan Xidmət Mərkəzində 12 nömrəli akt qeydi ilə qeydə alınmaqla pozulmuşdur. Nikahı pozulduqdan sonra övladı xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar Cavabdeh ilə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş, aralarında tez-tez mübahisələr baş vermişdir. Mütəmadi olaraq yaranan anlaşılmazlıqlar və mübahisələr münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Bu səbəbdən qarşılıqlı razılıq əsasında Cavabdeh ilə aralarında nikahın pozulması üçün müraciət etmək qərarına gəlmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak zəruri olduğundan iddiaçı tərəfindən qanunvericiliyə uyğun olaraq Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Bununla bağlı Bakı 15 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışı məhkəməyə təqdim olunmuşdur. Mediasiya xərcləri iddiaçı tərəfindən qarşılanmışdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən də məlum olduğu kimi birgə nikahdan doğulmuş övladı xx.xx.2023-cü il təvəllüdlü X5 hal-hazırda xəstəlikləri ilə əlaqədar müalicə alır. Belə ki, ona “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozu qoyulmuşdur. Bu səbəbdən də hər ay 10 günlük (gündəlik 20 manatdan ödənilməklə) idman və massajda olmalı, ayda 1 dəfə EEG çəkilməli, ayda bir dəfə qan, kreatin, sidik, vitamin D və B analizləri verilməlidir. Bunlardan əlavə hər ay pediatr yoxlanışı, 2 ayda bir dəfə qastreontoloq yoxlanışı, müalicəsi üçün dərmanların alınması, yol üçün çəkilən xərclər və s. ümumi olaraq aylıq təxminən 1500 manat məbləğində vəsait tələb edən bütün bu xərclərin iddiaçı tərəfindən tərəfindən təkbaşına çəkilməsi mümkünsüzdür. Bu səbəbdən də iddiaçı hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada birgə nikahdan dünyaya gəlmiş övladı üçün çəkilən əlavə xərclərdə keçmiş həyat yoldaşı da onunla birlikdə iştirak etməlidir . İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladı üçün o, 18 yaşına çatanadək aylıq 300 manat, iddiaçı üçün isə övladı 3 yaşına çatanadək aylıq 150 manat olmaqla sabit pul məbləğində alimentin, eləcə də övladının müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə İddiaçı lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı hazırkı məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 17 yanvar 2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, onun əmək qabiliyyəti yoxdur, o, hazırda işləyə bilmir. Atası və anası da işləmir. Hərbi xidmətdən tərxis olunmuşdur. 80 manat pensiya alır. Hər ay uşaq üçün həmin pulu göndərir, özü valideynlərin hesabına yaşayır. Məhkəmə iş materiallarını araşdıraraq, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmadır. Belə ki, iş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 880583 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 02 fevral 2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 426662 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha 11 yanvar 2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısı kimi 80 manat məbləğində pensiya alır, onun adına heç bir əmək müqaviləsi müəyyən edilməmişdir. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı X6 Təhsil İdarəsində ədəbiyyat müəllimi vəzifəsində işləyir, aylıq əmək haqqı 1278,96 manat təşkil edir. İş materiallarında olan 12 aprel 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X4 “qıcolma və spazm. Affektiv respirator tutmalar” diaqnozu qoyulmuşdur. İş materiallarında olan 03 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X4 “Generalizə olunmuş epilepsiyanın digər növləri, Vest sindromu, Affektiv respirator tutmaları” diaqnozu qoyulmuşdur. İş materiallarında olan K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 17 noyabr 2023-cü il tarixli epikrizdən görünür ki, X4 J06.8 Yuxarı tənəffüs yollarının çox lokalizasiyalı digər kəskin infeksiyaları. Vest sindromu qoyulmuşdur. İş materiallarında olan K.Y.Fərəcova adına X1 Publik Hüquqi şəxsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli epikrizdən görünür ki, P90 yenidoğulmuşların qıcolması, P11.0 doğuş travması zamanı beynin ödəmi diaqnozu qoyulmuşdur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Həmin Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideyinlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideyinin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyin natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideyinin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 85.1.1.-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment iddia məhkəməyə verildiyi vaxtdan tutulmalıdır. İddiaçı aliment tələbi ilə məhkəməyə 17 noyabr 2023-cü il tarixdə müraciət etmişdir. Beləliklə, ailə qanunvericiliyi nikah pozulduqdan sonra ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın aliment ödəməyi tələb etmək hüququnu müəyyən etsə də, məhkəmə qaydasında tələbi buna zəruri vəsaitə malik olan keçmiş ərə qarşı qaldırılmasını nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən hər ay 300 manat alimentin tutulmasını, eyni zamanda xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün 150 manat məbləğində əlavə alimentin, həmçinin uşağın müalicəsi üçün çəkilən əlavə xərclərə görə hər ay 750 manat məbləğində pul vəsaitinin tutulmasını xahiş etsə də, cavabdehin zəruri vəsaitə malik olması və qazancı barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı “Elektron məhkəmə informasiya” sistemində cavabdehin rəsmi iş yeri və qazancı barədə məlumatlar müəyyən edilməmiş, cavabdehin vətən müharibəsi iştirakçısı olaraq 80 manat pensiya alması təsdiq edilmişdir. Həmçinin iddiaçının rəsmi iş yeri olmaqla aylıq əmək haqqısının 1278,96 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, valideynlərin uşağın saxlanması ilə bağlı bərabər vəzifələr daşıması, 2023-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində və 2024-cü il üçün yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsi nəzərə alınaraq, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 02 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 17 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 110 manat məbləğində, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 02 fevral 2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 17 noyabr 2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 110 manat məbləğində, xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar