Məhkəmə qərarları › İş №e-2(012)-1020/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1020/2023

07.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1020/2023 07.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil, Cavabdeh, X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin hər ay qazancının (və ya başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, azyaşlının saxlanılması üçün alimentin miqdarının 220 manat məbləğində müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh ilə Ukrayna Respublikasında nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2008-ci il təvəllüdlü X4 anadan olmuşdur. Tərəflər hazırda, ayrı yaşayır və cavabdeh uşağın saxlanılması üçün valideynlik öhdəliklərini yerinə yetirməyərək uşağın maddi ehiyaclarını qarşılamaqdan boyun qaçırır. Tərəflər nikaha daxil olan zaman əvvəl münasibətləri normal olsa da, sonradan, münasibətləri pozulmuşdur. Hazırda, tərəflərin nikahı pozulmuş, azyaşlı uşaq iddiaçının himayəsindədir. Lakin alimentin ödənilməsi məsələsi öz həllini tapmamışdır. Bu səbəbdən də, iddiaçı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, Ukrayna Respublikasında müharibənin getdiyi bir dönəmdə Azərbaycanda yaşayan iddiaçının uşağın saxlanılması üçün maddi vəsaitə ehtiyacı vardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatını təsdiq edərək iddia ərizəsini müdafiə etmiş və təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, bildiyi qədərilə, alimentin miqdarı əmək haqqından 25 faiz olmaqla tutulmalıdır. Bununla belə, alimentin tutulması ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxır və əmək haqqından 25 faiz tutulmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Ukrayna Respublikası Şevçenkovo kənd şürasının icra komitəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli İ-ФП № 072546 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 05 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu C.Hacıbəyli küçəsi 22 saylı evin 36 saylı mənzilində qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Həsənov X5 rayonu Hökməli qəsəbə ərazi dairəsi Hökməli qəsəbəsi M.Rahim küçəsi 17 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2022-ci ildə yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Eyni zamanda, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, uşaqlar üçün ölkə üzrə 2023-cü ildə yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Məhkəmə qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikаhlarındаn оlаn azyaşlının mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, qanunvericiliyin tələblərini nəzərə alaraq, xx.xx.2008-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Cavabdeh İddiaçı хеyrinə Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən, xx.xx.2022-ci il tаriхdən bаşlаyаrаq xx.xx.2022-ci il tarixədək olan müddətə hər аy bir uşaq üçün 193 mаnаt, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər аy bir uşaq üçün 220 mаnаt sаbit pul məbləğində аlimеntin tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin 100.2. maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 112.1.3. maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (220 manat x 12 = 2640 manat) ödənilməli olan 46.4 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixədək olan müddətə hər аy bir uşaq üçün 193 (yüz doxsan üç) mаnаt, xx.xx.2023-cü il tarixdən başlayaraq isə hər аy bir uşaq üçün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 46.4 (qırx altı manat qırx qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar