Məhkəmə qərarları › İş №e-2(012)-1139/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1139/2024

06.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1139/2024 06.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş 04 fevral 2016-cı il təvəllüdlü X1 və 26 sentyabr 2017-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay, hər uşaq üçün 220 manat olmaqla, iki uşağa 440 manat sabit məbləğdə alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2015-ci il tarixdə ailə həyatı qurub evlənib, nikahlarını isə xx.xx.2021 -ci il tarixdə rəsimləşdiriblər. Birgə nikahdan 14 fevral 2016-cı il tarixdə X8 və 26 sentyabr 2017-ci il tarixdə X9 adlı iki uşaqları doğulmuşdur. Hal-hazırda həmin uşaqlar sağ salamat olmaqla onun himayəsindədirlər. Cavabdeh ona və uşaqlarına bir ailə kimi baxmır, hazırda o, iki uşağı saxlamaqda çox çətinlik çəkir, buna uşaqların atası heç bir maddi yardım göstərmir. Ayrıldıqları vaxtdan cavabdeh uşaqlarına heç bir maddi yardım göstərməmişdir. Mən özüm işləmirəm, iki nəfər uşaqların saxlanması üçün maddi cəhətdən çox çətinlik çəkirəm. Cavabdeh isə könüllü olaraq aliment ödəmək istəmir. Mediasiya Şurasının 24.11,2023-cü il tarixli, ilkin medyasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, onun aylıq gəliri 250-300 manat təşkil edir. Maddi imkanı olmadığı üçün iddiaçının tələb etdiyi alimenti ödəyə bilməz. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Mülki işin materiallarından olan AZ-İV 681748 saylı və AZ-İV 681749 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin nikahından xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşaqlar doğulmuşdur. Mülki işin materiallarından olan AZ-İ 423926 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşağın atası hesab edilmişdir. Mülki işin materiallarından olan AZ-İ 423927 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı doğulmuş xx.xx.2017-cı il təvəllüdlü X4 adlı uşağın atası hesab edilmişdir. Mülki işin materiallarından olan AZ-İİ 464465 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh arasında Sumqayıt “ASAN Xidməti” mərkəzinin Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 2784 saylı nikah qeydə alınmış və nikahdan sonra arvada Baxışova soyadı verilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə proses iştirakçılarının izahatını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Səriyyə və Zeynəb adlı uşaqlara görə hər ay, hər uşağa 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlıların mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2023cü ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Mülki Prosessual Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Mülki Prosessual Məcəllənin 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə 04 fevral 2016-cı il təvəllüdlü X5 və 26 sentyabr 2017-cı il təvəllüdlü X7 görə hər ay, hər uşağa 220 manat, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutulmalı, iddia təmin edilməlidir. Həmçinin iddia təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 72.80 manat məbləğində dövlət rüsumu (440 manat x 12 ay) Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat məbləğində sabit pul şəklində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulmasına dair qətnamə dərhal icra edilsin. İddia tələbi üzrə ödənilməli olan 72.80 (yetmiş iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar