Məhkəmə qərarları › İş №e-2(012)-1238/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1238/2023

10.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1238/2023 10.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində təhsilini başa vuranadək, illik təhsil haqqı 1000 manat olmaqla (2022-ci il daxil) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 07 may 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2011-ci ildə Cavid adlı övladları doğulmuşdur. Onun əvvəlki nikahından xx.xx.2005-ci ildə doğulmuş Hacı adlı uşağı üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-916/2019 saylı qətnaməsi ilə nikah pozulmuş, 09 dekabr 2005-ci il tarixdə anadan olmuş X4 və 03 dekabr 2011-ci il tarixdə anadan olmuş X3 onun himayəsində qalmaları və onların saxlanması üçün Cavabdeh alimentin tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh alimentdən əlavə uşaqların təhsil, təlim-tərbiyəsində iştirak etmir, əlavə xərclərini qarşılamaq üçün heç bir maddi köməklik göstərmir. Bununla da, cavabdehin övladlarına qarşı olan öhdəliyi yarımçıq qalır, övladlarının müalicəsi, digər ehtiyaclarının qarşılanması üçün digər öhdəlik yerinə yetirmir. Halbuki onunla bağlanmış 23 aprel 2011-ci il tarixli nikah müqaviləsinin 7-ci maddəsində birbaşa qeyd olunmuşdur ki, cavabdeh nikah pozulduğu halda, birgə nikahdan doğulmuş uşaqlarını, onlar yetkinlik yaşına çatana qədər maddi baxımdan təmin etməklə bağlı üzərinə öhdəlik götürür. Həmin müqavilənin 8-ci maddəsində göstərilmişdir ki, Cavabdeh nikah pozulacağı təqdirdə, İddiaçı birinci nikahdan olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürür. xx.xx.2012-ci il tarixdə X6 Adil Əliş oğlu övladlığa götürmüş, doğum haqqında şəhadətnamədə müvafiq dəyişiklik edilərək Hacı Qumruyevin adı X2 qeyd olunmuşdur. X1 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya kollecində, “Proqram təminatı” fakültəsində - ödənişli əsaslarla təhsil alır. Onun illik təhsil haqqı 1000 manat təşkil edir. Bu barədə cavabdehə məlumat versə də, pulu ödəməkdən imtina etdiyi üçün cari ilin təhsil haqqını xx.xx.2022-ci il tarixdə özü ödəmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək tələbini dəqiqləşdirmiş və X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 3 il müddətində təhsilini başa vuranadək, 3000 manat təhsil haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh, habelə onun vəkili və nümayəndəsi Nümayəndə2 iddia ilə razılaşmadılar və onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ 822924 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin surətindən görünür ki, onlar xx.xx.2010-cu il tarixli nikahdan sonra bir sıra hüquq və vəzifələrlə bağlı qarşılıqlı surətdə razılığa gəlmişlər. İş materiallarında olan 14120 saylı, xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, X7 təhsil haqqı kimi 1000 manat vəsaiti Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kolleci PHŞ-nin hesabına ödəmişdir. İş materiallarında olan 952430 saylı məlumatdan görünür ki, X7 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinə, kompyuter sistemlərində proqram təminatı ixtisasına ödənişli əsaslarla daxil olmuşdur. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 338152 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı pozulmuş, bu akt xx.xx.2019-cu il tarixdə 287 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinin xx.xx.2022-ci il tarixli, 723 saylı arayışından görünür ki, X7 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla daxil olmuşdur. Hal-hazırda həmin ixtisas üzrə 1-ci kurs KP102R nömrəli qrupunda təhsilini ödənişli əsaslarla davam etdirir. Təhsil müəssisəsini bitirməsi nəzərdə tutulmuş il 2025-ci ildir. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Sənaye və Texnologiya Kollecinin xx.xx.2023-cü il tarixli, 127 saylı arayışından görünür ki, X7 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla (1000 manat) daxil olmuşdur. Hal-hazırda həmin ixtisas üzrə 1-ci kurs KP102R nömrəli qrupunda təhsilini ödənişli əsaslarla davam etdirir. Təhsil müəssisəsini bitirməsi nəzərdə tutulmuş il 2025-ci ildir. İş materiallarından görünür ki, tərəflər nikahda olmuşlar və onların birgə nikahından xx.xx.2011-ci il tarixdə Cavid adlı uşaqları olmuşdur. İddiaçının əvvəlki nikahından xx.xx.2005-ci ildə doğulmuş Hacı adlı uşaq üzərində Cavabdeh atalığı müəyyən edilmişdir. Sonradan onlar arasındakı münasibətlər pisləşmiş və nikaha xitam verilmişdir. Daha sonra isə Hacı Hüseynov 2022/2023-cü tədris ilində ümumi orta (9 illik) təhsil bazasından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecinin “Kompüter sistemlərində proqram təminatı” (040530) ixtisasının əyani şöbəsinə ödənişli əsaslarla (1000 manat illik) daxil olmuşdur. Hazırda İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya kollecində 3 il müddətində təhsilini başa vuranadək, 3000 manat təhsil haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu zaman iddiaçı tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci bəndinə istinad etmişdir. Həmin bənddən görünür ki, Cavabdeh nikah pozulacağı təqdirdə onunla birgə nikahda olan İddiaçı birinci nikahından olan oğlu Hacı Qumruyevin normal həyat səviyyəsini, yüksək keyfiyyətli təhsil almasını təmin etməyi öhdəsinə götürmüşdür. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə görə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. İş materiallarından görünür ki, hazırda tələb edilən vəsait xx.xx.2005-ci il təvəllüdlü Hacı adlı uşağın ödənişli əsaslarla orta-ixtisas təhsili alması məqsədilə tələb edilmişdir, halbuki Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarına görə uşağın orta təhsil almasından sonra onun əlavə təhsil almasına görə cavabdehdən bununla bağlı vəsait tələb edilə bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçının tərəflər arasında imzalanmış xx.xx.2011-ci il tarixli nikah müqaviləsinin 8-ci bəndinə istinad etməsi əsassızdır, çünki bu müddəa konkret olaraq nikah pozulduqdan sonra xx.xx.2005-ci il təvəllüdlü Hacı adlı uşağın ödənişli orta-ixtisas təhsili barədə xərcin ödənilməsi öhdəliyini ehtiva etmir. Həmin bəndlə Cavabdeh Hacı adlı uşağın yüksək keyfiyyətli təhsil almasının təmin edilməsi barədə İddiaçı qarşısında öhdəlik götürmüşdür. Məhkəmənin qənaətinə görə bu öhdəlik konkret yox, mücərrəd məna daşıyır və hazırki iddianın təmin edilməsinə hüquqi zəmin yaratmır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı cavabdehin uşağın təhsillə bağlı xərclərində iştirak etməsi barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı təhsil xərcinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar