Məhkəmə qərarları › İş №e-2(012)-1366/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1366/2024

02.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1366/2024 02.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 2592 manat cərimə borcunun əsassız hesab edilərək silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evi vardır. Həmin evə təbii qaz verilmiş və bununla bağlı sayğac quraşdırılmışdır. 01 may 2023-cü il tarixdə həmin evdə olan sayğac dəyişdirilmişdir. Sayğacın dəyişdirilməsi barədə 01 may 2023-cü il tarixli, ******* saylı akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, sayğacın membranı deşikdir. Bundan sonra isə iddiaçıya məlum olmuşdur ki, ona cavabdeh tərəfindən 2592 manat məbləğində cərimə yazılmışdır. Həmin evdə yerləşən təbii qaza görə sayğaca iddiaçı tərəfindən heç bir müdaxilə olmamışdır. Bildirir ki, qaz sayğacı həyətdən kənarda quraşdırılmışdır. Odur ki, hesab edir ki, iddiaçıya hesablanmış cərimələr tamamilə əsassız və qanunsuz olduğuna görə silinməlidir. İddiaçı cavabdeh tərəfindən cərimə yazıldığı üçün iddiaçıya məxsus sözügedən yaşayış evinə qaz verilməsi dayandırılmışdır. Qeyd edir ki, İddiaçı həmin yaşayış evi onun daimi yaşayış yeri olmadığından və oraya mütəmadi olaraq getmədiyindən həmin evə qaz verilməsində maraqlı deyildir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı məxsus sözügedən evdə yaşayış vardır. Belə ki, hazırda həmin evdə həm işıqdan, həm də qazdan istifadə olunur və 2020-ci ilin may ayından 2022-ci ilin iyun ayınadək sayğacda təbii qazdan istifadə ilə bağlı sərfiyyatın həcmi eyni miqdarda, yəni 8726 m3 miqdarında göstərilmişdir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının evinə quraşdırılmış sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın qaz sərfiyyatını qeyd etmədiyi aşkar olunmuşdur. Daha sonra iddiaçıya məxsus evə quraşdırılmış sayğac yenisi ilə əvəz olunmuş, 21600 m3 həcmində təbii qazdan qanunsuz istifadəyə görə Cavabdehnə dəymiş zərərin miqdarı 2592 manat məbləğində müəyyən olunmuşdur. Odur ki, qeyd edilənlərə əsasən, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 20 aprel 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********50255) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilən zaman abonentin məişət qaz sayğacının qaz sərfiyyatını qeyd etmədiyi aşkar edilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 may 2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus (abonent kodu: **********50255) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə quraşdırılmış İtron tipli, G-6 markalı, 1705AZ**********39 nömrəli sayğac Zenner tipli, G-6 markalı, **********3 nömrəli sayğacla əvəz olunmuşdur. Bundan əlavə aktda köhnə sayğacın membranının deşik olması barədə qeyd edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə (abonent kodu: **********50255) 2592 manat məbləğində borc hesablanmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan göründüyü kimi İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən evə (abonent kodu: **********50255) 2592 manat məbləğində borc hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, qanunla və qaz istismarı qaydalarına uyğun olaraq İddiaçı istifadə etdiyi qazın sərfiyyatını hesablayan sayğacın mühafizəsini həyata keçirmək öhdəliyi daşımadığından, həmin sayğacın kənar müdaxilələrdən qorunması, həmçinin sayğacın işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iş üzrə cavabdeh olan Cavabdeh İB X3 Sahəsi daşıdığından mübahisələndirilən akt üzrə müdaxilə olunması, həmçinin iddia olunan qaz sayğacının yararsız vəziyyətə düşməsinə görə iddiaçı məsuliyyət daşıya və buna görə hər hansı zərər əvəzinin ödənilməsi ondan tələb edilə bilməz. Bundan əlavə məhkəmədə cavabdeh şirkət iddia tələbinin əsassız olduğunu sübut etməmiş və sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. "Qazdan istifadə Qaydaları"nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Ona görə də məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarına istinad edərək hesab edir ki, İddiaçı (abonent kodu: **********50255) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə quraşdırılmış təbii qaz sayğacına edilmiş müdaxiləyə görə heç bir məsuliyyət daşımağından 2592 manat məbləğində hesablanmış cərimə silinməlidir. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçı kimi pozulmuş hüquqlarının bərpası barədə iddia tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 45,92 (qırx beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında“ Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə görə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********50255) 20 aprel 2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 2592 manat məbləğində cərimə silinsin. Cavabdehndən 45,92 (qırx beş manat, doxsan iki qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar