Məhkəmə qərarları › İş №e-2(012)-1464/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1464/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1464/2023 21.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı öhdəliyin icra edilməsi, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 4 saylı mənzildən iddiaçıya məxsus həmin ünvanda yerləşən ümumi sahəsi 158 kv.m-dən ibarət 2 nömrəli zirzəmiyə axıdılan məişət tullantıları suyunun qarşısının alınması, mənzildən suyun axıdılmasına səbəb olan halların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 2000 manat və mənəvi zərərə görə 1000 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın çöl hissəsinin hesablanmaqla) 158 kv. metrdən ibarət, 2 nömrəli zirzəmi "xxxx" MMC ilə zirzəmi sahəsinin M-7249 nömrəli xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən dəyəri tam ödənilməklə alınmışdır. İddiaçıya məxsus zirzəmi “qeyri yaşayış sahəsi” alındıqdan sonra həmin əmlak iddiaçı tərəfindən tam təmir edilərək qeyri yaşayış sahəsi kimi istifadəyə verilmiş və həmin əmlakda “xırdavat” mallarının satılması ticarət obyekti kimi özfəaliyyətinə başlamışdır. İddiaçıya məxsus olan həmin zirzəminin üstündə yerləşən cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, 4 saylı mənzildən zirzəmidə yerləşən obyektə bir neçə dəfə məişət tullantıları suları axıdılmış və bunun nəticəsində obyektin tavanına və divarlarına ciddi ziyan vurulmuşdur. İddiaçı həmin ziyanları öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. İddiaçı bir neçə dəfə şifahi olaraq cavabdehə evindən axıdılan suyun qarşısının alınması üçün tədbir görməsini tələb etmişdir. Amma buna baxmayaraq cavabdeh bununla bağlı heç bir tədbir görməmişdir. Hətta iddiaçı bununla bağlı dəfələrlə “AAAF Park” yaşayış massivinin komendatlığına və Abşeron RPİ-nin sahə inispektoruna müraciətlər etmişdir. Amma buna baxmayaraq yenə də cavabdeh qərəzli olaraq evindən axan məişət tullantıları suyunun axıdılmasının qarşısının alınması üçün heç bir tədbir görməmişdir. İddiaçı ona məxsus olan əmlaka cavabdeh tərəfindən qəsdən vurulmuş zərərin aradan qaldırılması üçün gördükləri tədbirlər hamısı nəticəsiz qaldığı üçün o, məhkəməyə müraciət edib qeyd olunan qanunsuzluğun məhkəmə qətnaməsi ilə aradan qaldırılması məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - AAAF-İnşaat MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli M-7249 saylı Zirzəmi sahəsinin alqı-satqısı haqqında müqavilənin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivindəki A kompleksində inşa edilən bina 2, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 158 kv.m ibarət, 2 №-li Zirzəmi sahəsini təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh hal-hazırda Mənzil Alqı-satqı müqaviləsinə əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivində inşa edilmiş A saylı küçədə yerləşən 2 saylı binanın 4 saylı mənzilində ailəsi ilə birlikdə qeydiyyatsız faktiki olaraq yaşayır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 10/2677 saylı rəyindən görünür ki, Qərardadadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 2 saylı zirzəminin konstruktiv elementləri (tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan zirzəminin planda yerləşmə vəziyyətini, cavabdehin mənzilinin iddiaçının zirzəmisinin üstündə yerləşdiyini nəzərə alaraq, 15 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 4 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Lakin cavabdehin mənzilinə baxış keçirilməsi mümkün olmadığına görə, su sızmanın dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 2 saylı zirzəmiyə su sızması 4 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 4 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Qərardadadın ikinci sualı üzrə: Rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 2 saylı zirzəmidə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 256 manat məbləğində olduğu müəyyən edildi. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2021ci il tarixli M-7249 saylı Zirzəmi sahəsinin alqı-satqısı haqqında müqaviləyə əsasən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 167 ünvanında AAAF-Park yaşayış massivindəki A kompleksində inşa edilən bina 2, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri, eyni zamanda divarın çöl hissəsindən hesablanmaqla) 158 kv.m ibarət, 2 №-li Zirzəmi sahəsini almışdır. Həmin zirzəminin üstündə yerləşən cavabdehə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, 4 saylı mənzildən zirzəmidə yerləşən obyektə bir neçə dəfə məişət tullantıları suları axıdılmış və bunun nəticəsində obyektin tavanına və divarlarına ciddi ziyan vurulmuşdur. İddiaçı həmin ziyanları öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Bir neçə dəfə şifahi olaraq cavabdehə evindən axıdılan suyun qarşısının alınması üçün tədbir görməsini tələb etmiş, lakin nəticəsi olmamışdır. Hazırda iddiaçı zirzəmiyə axıdılan məişət tullantıları suyunun qarşısının alınması, mənzildən suyun axıdılmasına səbəb olan halların aradan qaldırılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, cavabdeh tərəfindən vurulmuş maddi ziyana görə 2000 manat və mənəvi zərərə görə 1000 manat pulun tutulması dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İİ hissəsinə əsasən, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 15-ci maddəsinə əsasən, yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. 29.4.-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. İddia ərizəsindən göründüyü kimi, iddiaçı Sadıqov X2 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, ümumi sahəsi (sanitar qovşağı, mətbəx, dəhliz, yığınaq yeri, eyni zamanda divarın çöl hissəsinin hesablanmaqla) 158 kv. metrdən ibarət, 2 nömrəli zirzəmini almaqla, Cavabdeh isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, 4 saylı mənzildə yaşamaqla tərəflər arasında qonşuluq münasibətləri yaranmış və tərəflərin birgə yaşayış qaydalarına, onların hər birinin qonşuluq hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına riayət olunmasına dair öhdəlikləri yaranmışdır. Hazırda, iddiaçının cavabdeh tərəfindən həmin qaydalara riayət edilmədiyini iddia edərək həmin hərəkətlər nəticəsində ona vurulmuş maddi və mənəvi ziyanla bağlı tələb etmək hüququ yaranmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki Məcəllənin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, mənzilə dəymiş zərərin məbləğinin müəyyən edilməsinə dair mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və həmin iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli 10/2677 saylı rəyinə əsasən Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 2 saylı zirzəminin konstruktiv elementləri (tavan) üzərində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu, tədqiq olunan zirzəminin planda yerləşmə vəziyyətini, cavabdehin mənzilinin iddiaçının zirzəmisinin üstündə yerləşdiyini nəzərə alaraq, 15 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 4 saylı mənzildən su axdığı müəyyən edilmişdir. Su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 2 saylı zirzəmiyə su sızması 4 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 4 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilməsi istisns edilməmişdir. Eyni zamanda Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF- Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 2 saylı zirzəmidə yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 256 manat məbləğində olduğu müəyyən edilmişdir. Bu səbəbdən də, məhkəmə Ədliyyə Nazirliyi tərəfindən verilmiş ekspert rəyini əsas sübut növü kimi qəbul edir və həmin rəyi Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib iddiaçının zirzəmiyə dəymiş zərərin 256 manat məbləğində olması qənaətinə gəlir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini ümumiləşdirib, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirərək qeyd edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh tərəfindən onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, 4 saylı mənzilindən İddiaçı məxsus Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 2 saylı zirzəmiyə vurulmuş zərərin əvəzi olaraq 256 manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddianın mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Göstərilənə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1. maddəsinə müvafiq olaraq, iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə də əsassız hesab edilərək rədd edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməli və mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat pul vəsaiti cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh tərəfindən onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 167 ünvanında “AAAF Park” yaşayış massivinin A kompleksində inşa edilən (inşa edilmiş) 2 saylı binada yerləşən, 4 saylı mənzilindən İddiaçı məxsus Abşeron Rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 ünvanında “AAAF-Park” yaşayış massivinin “A” kompleksində olan 2 saylı binada yerləşən 2 saylı zirzəmiyə vurulmuş zərərin əvəzi olaraq 256 (iki yüz əlli altı) manat pul vəsaiti və 50 (əlli) manat dövlət rüsumu olmaqla cəmi 306 (üç yüz altı) manat pul vəsaiti alınaraq iddiaçının xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar