Məhkəmə qərarları › İş №e-2(012)-1646/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1646/2023

15.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1646/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin və aliment borcunun tutulması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin və aliment borcunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2013-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə hər ay sabit pul məbləğində 220 manat pulun, o cümlədən yaşayış minimumuna uyğun olaraq cavabdehin ödəməkdən yayındığı alimentin - 2020-ci il üzrə 12 x 170=2040 manat, 2021-ci il üzrə 12 x 175=2100 manat, 2022-ci il üzrə 12 x 193=2316 manat olmaqla, ümumilikdə 6456 manat aliment borcunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında nikah 29 oktyabr 2013-cü il tarixdə 1774 nömrə ilə qeyd olunmuşdur. Ailə qurduqdan sonra xx.xx.2013-cü ildə X5 adında uşaq doğulmuşdur. Nikahın ilk zamanlarında, eləcə də növbəti illərdə böyük problemləri olmasa da, daha sonralar münasibətləri pisləşmişdir. 2019-cu ildə Cavabdeh qarşı nikahın pozulması, uşağın ananın yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 160 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hal-hazırda iddianın aliment hissəsi ilə bağlı Cavabdeh ilə qarşılıqlı razılığa gəldiklərinə görə məhkəmədən yalnız nikahın pozulması və azyaşlı övladının onun yanında qalması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4233/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, 29 oktyabr 2013-cü il tarixli, 1774 nömrəli nikaha xitam verilmiş və nikah pozulduqdan sonra xx.xx.2013-ci il təvəllüdlü X3 onun yanında qalması qət edilmişdir. Abşeron Rayon Məhkəməsində məhkəmə mübahisəsi gedərkən, yuxarıda qeyd edildiyi kimi, X1 üçün əvvəl aliment tələbi olsa da, məhkəmə prosesi zamanı Cavabdeh ilə qarşılıqlı razılıq olmuşdur. Belə ki, Cavabdeh övladının saxlanması üçün minimum xərcləri ödəyəcəyinə söz vermiş və bu səbəbdən dolayı Cavabdeh qarşı aliment tələbi olmamışdır. Lakin bir müddət keçdikdən sonra Cavabdeh övladı üçün heç bir köməklik göstərməmiş, əksinə yenidən ailə həyatı quraraq, bu övladını ümumiyyətlə yaddan çıxarmışdır. Onun övladının xərclərini qarşılamaq üçün hazırda heç bir maddi imkanı yoxdur. Nəzərə alınsa ki, Həsənli Nicat məktəbə gedir, hər ay onun məktəb və təhsil xərcləri, qida və geyim xərcləri və s. çoxalmaqda davam edir. Onun heç bir rəsmi iş yeri, ümumiyyətlə hər hansı bir gəliri yoxdur, belə olan halda, övladını saxlamaq üçün çox böyük maddi və mənəvi çətinliklərlə üz-üzə gəmişdir. Uşağın saxlanması üçün atası tərəfindən aliment ödənməzsə, onun şəxsi inkişafı, təhsili, bir sözlə, cəmiyyətə inteqrasiyası dayanacaq, həyatı məhv olmaq təhlükəsi ilə üz-üzə qalacaqdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozularkən o, övladının saxlanılması üçün aliment öhdəliyini yetirəcəyinə söz vermiş və o, həmin razılaşmaya görə aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Lakin cavabdeh aliment öhdəliyindən boyun qaçırmışdır. Məhz bu səbəbdən də cavabdehdən son 3 il ərzində hər ilin yaşayış minimumuna uyğun olaraq aliment məbləği də məhkəmə qaydasında tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, habelə iştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh bildirdi ki, o, öz uşağına hər zaman qayğı göstərmişdir. Boşanmadan sonra iki il ərzində uşağa o və ailəsi baxmışdır. Hazırda maddi vəziyyəti pisdir və aliment tutularkən bu hal nəzərə alınmalıdır. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-4233/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X4 ilə Cavabdeh arasında Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində, xx.xx.2013-cü il tarixdə bağlanmış 1774 saylı nikah qeydinin pozulması və nikah pozulduqdan sonra xx.xx.2013cü il təvəllüdlü X3 anası X2 yanında qalması qət edilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını və yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından - uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı, o cümlədən "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanunu nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Nicat adlı uşağa görə xx.xx.2023-cü ildən başlayaraq hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin, o cümlədən azyaşlının mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Bundan başqa, iddia ərizəsindən görünür ki, İddiaçı yaşayış minimumuna uyğun olaraq cavabdehin ödəməkdən yayındığı alimentin - 2020-ci il üzrə 12 x 170=2040 manat, 2021-ci il üzrə 12 x 175=2100 manat, 2022-ci il üzrə 12 x 193=2316 manat olmaqla, ümumilikdə 6456 manat aliment borcunun onun xeyrinə tutulmasını da məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, azyaşlı Nicata boşanmadan sonra iki il ərzində faktiki olaraq cavabdeh qayğı göstərmişdir. Həmçinin iş materiallarında nikahın pozulması barədə mübahisəyə məhkəmə qaydasında baxılarkən tərəflərin alimentə dair iddiaçının göstərdiyi qaydada razılığa gəlmələri barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu hallara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçı bu hissədə tələbinin əsasını mötəbər dəlillər və sənədlərlə sübuta yetirə bilməmişdir. Ona görə də tələb bu hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar