Məhkəmə qərarları › İş №e-2(012)-184/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-184/2023

05.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Sair mülki iş - Torpaq sahəsinin boşaldılması - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-184/2023 05.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş hasarın, qoyulmuş qapının hər iki cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsi ******* saylı,18 sentyabr 2006-cı il tarixli çıxarışa əsasən, İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin təyinatı kənd təsərrüfatı torpaqlar olmaqla yanaşı, məqsədli istifadə növü isə çoxillik əkmələr olaraq qeyd olunmuşdur. Həmin torpaq sahəsini Əliyeva X4 rayonu 1 saylı dövlət notariat kontorunda bağlanmış 4Ə/09-1736 saylı, 26 avqust 2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin planı 1:10000 miqyas ölçüsü ilə 29 aprel 2019-cu il tarixində 15727 nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi sağ və sol istiqamətində yerləşən qonşuları Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş və onlar tərəfindən həmin ərazidə hasar çəkilmiş və cavabdehlər tərəfindən qapı qoyulmuşdur. Bu səbəbdən iddiaçı öz mülkiyyətindən sərbəst istifadə etmək imkanından məhrum olmuşdur. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Ekspert rəyinə münasibət bildirərək qeyd etdi ki, iddia tələbində göstərilənlər ekspert rəində öz əksini tapsa da lakin rəy verilməsi mümkün olmamışdır. Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə verilən etiraz müdafiə edərək bildirdi ki, cavabdeh tərəfindən hər hansı torpaq sahəsinin zəbtindən söhbət gedə bilməz. Belə ki, cavabdeh Abşeron rayon, Saray qəsəbəsində yerləşən ümumi sahəsi 0.04 ha olan torpaq sahəsinin xx.xx.2011-ci il tarixli AN-İ№ ******* saylı Alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsinə dair ona rəsmi dövlət reyestri tərəfindən xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* nömrəli çıxarış təqdim olunmuşdur. Həmçinin torpaq sahəsində ölçmə-dəqiqləşdirilmə işləri aparılmış, torpaq sahəsinin planı və ölçüsü tərtib edilərək ona təqdim edilmişdir. Həmin torpaq sahəsinə **********86 reyestr nömrəsi verilmişdir və ona məxsus torpaq sahəsini hasarlamışdır. İddiaçıya məxsus torpaq sahəsi cavabdehin qonşuluğundadır və cavabdeh 1 santimetr belə onun torpağına keçməmişdir. Onun hasarladığı torpaq sahəsi özünə məxsusdur və bunu yuxarıda qeyd etdiyi sənədlər tam təsdiq edir. Bu sənədləri iddiaçıdan xeyli qabaq yəni, 2019-cu ildə yox, 2011-ci ildə artıq əldə etmişdir və müvafiq dövlət orqanı tərəfindən çıxarış verilmişdir. Ona görə də iddia tələbini Cavabdeh2 aid olan hissədə rədd edilməsini xahiş etdi. Eyni zamanda ekspert rəyinə müasibətdə əlavələrinin olmadığını bildirdi. Digər Cavabdeh1 nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04099 ha torpaq sahəsi-kənd təsərrüfatı təyinatlı- İddiaçı Nüsrət qızının mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir. Mülki iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3325/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 aprel 2023-cü il tarixli 10/1646 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-1647/2023 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Dövlət Aktına əsasən verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş İddiaçı Nüsrət qızının xx.xx.2006-cı il tarixli, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04099 ha torpaq sahəsi plan və ölçüsünün döngə nöqtələrinin koordinatları, Cavabdeh2 xx.xx.2001-ci il tarixli, **********86 reyestr nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,04 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, **********38 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli, xx.xx.2006-cı il tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04099 ha torpaq sahəsi İddiaçı Nüsrət qızının, RX seriyalı ******* nömrəli, xx.xx.2015-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********95 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi Cavabdeh1, MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir. İddiaçı ona məxsus torpaq sahəsinin qonşuları olan cavabdehlər tərəfindən zəbt edildiyini iddia edərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,04099 ha torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt edilmiş hissəsindən çıxarılması, cavabdehlər tərəfindən özbaşına tikilmiş hasarın, qoyulmuş qapının hər iki cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə ekspertiza təyin edilsə də iş üzrə ekspert rəyindən göründüyü kimi Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,05 ha torpaq sahəsini plan və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildirdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra mümkün olacaqdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi tələbinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti özünə aid edilməlidir. Eyni zamanda iş üzrə 100 manat məbləğində ekspertiza xərci vardır ki, iddia təmin edilmədiyindən həmin məbləğ iddiaçıdan tutulub Ekspertiza Mərkəzinin hesabına köçürülsün Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 233, 234, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaq sahəsindən çıxarılma və tikilmiş hasarın sökülməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddiaçı X2 100 manat ekspertiza xərcinə görə pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar