Məhkəmə qərarları › İş №e-2(012)-2297/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2297/2021

19.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2297/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-nə qarşı «son haqq hesabın ödənilməsi» tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC-dən son haqqhesab 10056 manat, 401 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 438000 manat pulun, 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, faiz məbləğinin nəzərə alınmadan yalnız son haqq-hesab olan 10056 manat pulun cavabdeh şirkətdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı 09.03.2018-ci il tarixdən 29.10.2019-cu il tarixədək “xxxx” MMC-də işləmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə uyğun olaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. 19.10.2019-cu il tarixdə iddiaçı işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10056 manat cavabdeh tərəfindən iddiaçıya ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Ona görə də, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında və məhkəməyə təqdim etdiyi ərizəsində bildirdi ki, o, iddianı qəbul edir. Cavabdeh «xxxx» MMC son haqq-hesab olan 10056 manat pulun İddiaçı ödənilməsinə razıdır. Məhkəmə işdə iddiaçının vəkili-nümayəndəsini və cavabdeh təşkilatın nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh «xxxx» MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən də göründüyü kimi cavabdeh şirkət iddianı qəbul etmiş və 19.10.2019-cu il tarixdə İddiaçı işdən azad olunan zaman son haqq-hesabın, yəni ümumilikdə 10056 manat pulun İddiaçı ödənilməsinə razı olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdeh şirkət iddianı qəbul etdiyindən məhkəmə tərəfindən əlavə araşdırma aparılmasına zərurət qalmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 113.1-ci maddəsinin tələbinə əsasən, əmək məzuniyyəti-işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığın mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi, müddəti həmin məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Həmin məcəllənin 144-cü maddəsinin 2-ci bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə məcəllənin “əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsnin tələbinə əsasən, bütün hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pul cavabdeh «xxxx» MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar