Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2339/2025 01.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 təyin edilmiş aliment məbləğinin artırılaraq 246 manat, digər uşaq X2 münasibətdə 246 manat məbləğində aliment ödənişinin təyin edilməsi və eləcə də həmin uşağın müalicəsi ilə əlaqədar 100 manat müalicə xərci olmaqla ümumilikdə iddiaçının xeyrinə aylıq 592 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 1943/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1499 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X6 isə anasının himayəsində qalmışdır. İddiaçı cavabdehlə birgə nikahlarından olan X1 üçün aliment tələbi üzrə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir.Yasamal Rayon Məhkəməsinin 2(004)-5818/13 nömrəli xx.xx.2013-cü il tarixli qətnaməsi ilə 100 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan iddiaçı və cavabdeh arasında olan münasibətlər normallaşmış və onlar nikahın rəsmi qaydada pozulmasına baxmayaraq birgə yaşamağa davam etmişlər. İddiaçı və cavabdehin xx.xx.2014-cü il tarixində Məryəm adlı qız övladları da anadan olmuşdur. Doğumundan sonra isə tərəflərin razılığı ilə uşağın adı X5 olaraq doğum haqqında şəhadətnamədə qeyd edilmişdir. İddiaçı və cavabdeh arasında nikahın rəsmi olaraq xx.xx.2013-cü il tarixində pozulmasına baxmayaraq, onlar uzun müddət birgə yaşamağa davam etmişlər. Hazırda isə iddiaçı və cavabdeh arasında olan münasibətlərin hər hansı formada davam etdirilməsi qeyrimümkün olmuşdur. Belə ki, cavabdeh uşağlarının qayğısına qalmır, onların təlimtərbiyyəsində hər hansı formada iştirak etmir və eləcə də övladlarının maddi problemlərinin qarşılanmasında iştirak etmir. X5 adlı uşaq minimal beyin disfunksiyası xəstəliyindən əziyyət çəkir. Nitq qüsurludur, loqoped dərslərinə ehtiyacı olduğundan mütamadi olaraq müalicə müəssisələrində müayinədən keçərək müalicə alır. İddiaçının bütün bu xərclərin çəkilməsində bir ana kimi təkbaşına öhdəsindən gəlməsi qeyrimümkündür. Cavabdeh isə bu kimi xərclərin çəkilməsində, eləcə də uşaqların maddi vəziyyətlərinin yaxşılaşdırılmasında iştirak etmir. Belə olduğu halda iddiaçı övladlarının dolandırılması və onların sosial rifahının yaxşılaşdırılması, həmçinin xəstə övladının müalicəsində cavabdehin də bir valideyin (ata) olaraq yaxından iştirak edilməsini təmin etmək məqsədilə məhkəməyə hazırki iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh qeyd etdi ki, iddianı qismən qəbul edir və uşaqlar üçün hər ay cəmi 500 manat aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 380700 və AZ-İİİ 452898 saylı doğum haqqında şəhadətnamələrin suətlərindən görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaqları vardır. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1943/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 1499 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İşdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5818/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İşdən görünür ki, tərəflər xx.xx.2008-ci il tarixdə nikaha girmiş, onların birgə nikahından xx.xx.2009-cu il təvəllüdlü X6 adlı uşaq doğulmuşdur. Sonradan onların münasibətləri pisləşmiş və nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1943/2013 saylı xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azyaşlı Muradın saxlanılması üçün iddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5818/13 saylı xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat sabit məbləğdə alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. bundan sonra isə tərəflər yenidən birgə təsərrüfat aparmış, birgə münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşaq doğulmuşdur. Daha sonra yenə də onların münasibətləri pisləşmişdir və hazırda İddiaçı iki uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh iki uşağa maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi nəzərə alınmalı və Məryəm adlı uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Lakin məhkəmə cavabdehdən Məryəm adlı uşağın müalicəsilə əlaqədar hər ay 100 manat müalicə xərcinin tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə vəsaitin tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən Məryəm adlı uşağın müalicəsinə hər ay 100 manat vəsait tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş tibbi sənədlər azyaşlı Məryəmin müayinə edilməsi ilə bağlıdır və hər hansı məbləği özündə əks etdirmir. Bundan başqa, məhkəmə qeyd edir ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 təyin edilmiş aliment məbləğinin artırılması ilə bağlı eyni tarixli qərardad çıxarılmış və qət edilmiş aliment məbləğinin indeksasiya edilməsi barədə iddiaçının müvafiq məhkəməyə ərizə vermək hüquqları izah edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2025-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Məryəm adlı uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin münasibətlərindən doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşağın saxlanılması üçün cavabdehdən İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2014-cü il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aliment tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-2339/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2339/2025
01.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver