Məhkəmə qərarları › İş №e-2(012)-2980/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2980/2025

26.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2980/2025 26.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay sabit pul məbləği olan 246 manat pulun alınıb onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh onun övladıdır. Onu dünyaya gətirilməsi, böyüdülməsi, tərbiyə edilib, təhsil almasında iddiaçını rolu olmuşdur. Həmişə ona həm maddi, həm də mənəvi qayğı göstərmişdir. İddiaçının hazırda 71 yaşı vardır. Ağır dərəcə skalioz və hər iki gözündən xəstədir, daim müalicə olunur və gözündən əməliyyat olunmalıdır. Onun aldığı təqaüd 400 manatdır ki, bu da onun dərman pullarına belə çatmır. Dəfələrlə maddi cəhətdən çətinlik çəkməsi ilə bağlı cavabdehə müraciət etməyinə baxmayaraq, cavabdeh tərəf buna heç bir əhəmiyyət etməmişdir. Özünün isə yaxşı gəlirləri vardır, fərdi işlə məşğuldur. Onun maddi vəziyyətinin kifayət qədər yuxarı olmasına baxmayaraq, o heç bir maddi cəhətdən köməklik göstərmir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxardılmasını xahiş etdi. O bildirdi ki, hazırda sağlamlığı ilə bağlı xəstəlikləri var. Təqaüd almasına baxmayaraq, maddi cəhətdən çətinlik çəkir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, iddiaçının oğlu olduğunu, hazırda sağlamlıq vəziyyətinin imkan vermədiyi üçün işləyə bilmədiyini bildirdi. Məhkəmə iddiaçını dinəyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1954-cü il tarixdə, Qusar rayonunda anadan olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00345 saylı arayışdan görünür ki, İddiaçı aliment tələbinə dair Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Ailə Məcəlləsinin 82.1-ci maddəsinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmin Məcəllənin 82.2-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 83.1-ci maddəsinə görə yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. Həmin Məcəllənin 83.2-ci maddəsinə görə yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin maddi vəziyyətinin yaxşı deyil və onun sağlamlığı ilə bağlı şikayətləri mövcuddur. İddiaçı isə maddi yardıma ehtiyaca olması, xəstəliyi və əmək qabiliyyətinin olmaması ilə bağlı məhkəməyə heçbir sübut təqdim etməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə onun saxlanılması üçün 246 manat aliment məbləğinin təyin edilməsinə dair heç bir hüquqi əsas yoxdur. Bu hallara məcmu halda qiymət verən məhkəmə iddianı əsaslı hesab etmir. Beləliklə, tərəflərin maddi vəziyyəti ilə bağlı cavabdehdən iddiaçının xeyrinə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Başqa sözlə, iddiaçı öz tələbinin dəlillərini kifayət qədər əsaslandıra bilməmişdir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyindən onun Cavabdeh qarşı alimentin təyin olunması barədə iddia tələbi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin təyin olunması” barədə iddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar