Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3089/2023 26.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi ilə, Abiyev Elnur Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə nikahlarından doğulmuş 30 may 2015-ci il təvəllüdlü X1 və 12 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xeyrinə cavabdehdən hər ay gəlirinin üçdə bir hissəsi miqdarında, yəni 280 manat və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların yaşayış səviyyəsinin təmin olunması üçün hər uşağa görə əlavə olaraq 100 manat, ümumilikdə 480 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh 07 mart 2015-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Tərəflərin nikahı 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 611 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Həmin nikahdan 30 may 2015-ci il təvəllüdlü X3 və 12 iyul 2016-cı il təvəllüdlü X4 anadan olmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar tərəflərin münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq aralarında tez-tez mübahisələr baş vermişdir. Belə ki, cavabdeh mütəmadi olaraq evdə səbəbsiz yerə söz-söhbət yaradaraq, evdə gərginlik yaratmış, bu da tərəflərin münasibətlərinin daha da kəskinləşməsinə səbəb olmuşdur. Hazırda Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. Cavabdeh uşaqların saxlanılması üçün heç bir yardım etmədiyindən iddiaçı övladlarının saxlanmasında çətinlik çəkir. Hal-hazırda cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati idarəetmə departamentinin Təsərrüfat şöbəsinin sürücüsü vəzifəsində çalışır və aylıq əməkhaqqı 842 manat təşkil edir. Göstərilənlərə əsasən İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 30 may 2015-ci il təvəllüdlü X1 və 12 iyul 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay gəlirinin üçdə bir hissəsi miqdarında, yəni 280 manat və “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən uşaqların yaşayış səviyyəsinin təmin olunması üçün hər uşağa görə əlavə olaraq 100 manat, ümumilikdə 480 manat məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iclaslara gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Şərh olunan hüquq normasına əsasən məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2023-cü il tarixdə verilmiş 3-16-5/7-1998-1-6/23 №-li arayışdan görünür ki, Cavabdeh ilə X5 arasında 07 mart 2015-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 611 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. Mülki işin materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2023-cü il tarixdə verilmiş 3-16-5/8-1999/23 №-li arayışdan görünür ki, X3 30 may 2015-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 19 iyun 2015-ci il tarixdə 3684 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 28 aprel 2023-cü il tarixdə verilmiş 3-16-5/8-2000/23 №-li arayışdan görünür ki, X6 12 iyul 2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə 4 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 25 iyul 2016-cı il tarixdə 4910 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 aprel 2023-cü il tarixdə verilmiş 155792 nömrəli məktubdan görünür ki, Cavabdeh halhazırda müəssisədə İnzibati İdarəetmə departamentinin Təsərrüfatı şöbəsində sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 842 manat təşkil edir. Mülki işin materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati idarəetmə departamentinin Təsərrüfatı şöbəsində sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 842 manat təşkil edir. Mülki işin materiallarında olan Cavabdeh tərəfindən 11 iyul 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə elektron qaydada ünvanlanmış ərizədən görünür ki, Cavabdeh bildirmişdir ki, o, xəstədir, uzun müddət ağciyərin absesindən, plevritdən xroniki reseptor çatışmamazlıq, TC İİ dərəcə ağciyər vərəmi, əməliyyatdan sonrakı vəziyyət. Evin yeganə övladıdır, valideynləri heç yerdə işləmir, hər uşağa 100 manat olmaqla, 200 manat alimenti ancaq ödəyə bilər. İynə dərmanlarına pul lazımdır, çatdıra bilmir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1 və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər 07 mart 2015-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından 30 may 2015-ci il təvəllüdlü X3 və 12 iyul 2016-cı il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasındakı nikah pozulmuşdur. Uşaqlar iddiaçının himayəsindədir və cavabdeh tərəfindən iddiaçıya uşaqların saxlanılması üçün heç bir maddi köməklik göstərilmir. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində İnzibati idarəetmə departamentinin Təsərrüfatı şöbəsində sürücü vəzifəsində çalışır və aylıq əmək haqqı 842 manat təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının himayəsində olan yetkinlik yaşına çatmayan uşaqların maddi yardıma ehtiyacları olduğundan uşaqlar üçün alimentin tutulması zəruridir. Ona görə də, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək, habelə uşaqlar üçün alimentin tutulmasının zəruriliyini, cavabdehin əmək haqqının üçdə bir hissəsi qanunvericiliklə müəyyən edilmiş uşaqlar üçün yaşayış minimumundan az olmaqla azyaşlı uşaqlarının saxlanılması üçün yetərli olmadığından, eləcə də minimum yaşayış məbləğini və azyaşlı uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbi bağlı iddia ərizəsini məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də iddia tələbi dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360, 362-ci maddələrini və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinə rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 may 2015-ci il tarixdə anadan olmuş X1 və 12 iyul 2016-cı il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 17 may 2023-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 80 (səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul vəsaitinin əvəzi Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov
Məhkəmə qərarları › İş №e-2(012)-3089/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3089/2023
26.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver