Məhkəmə qərarları › İş №e-2(012)-3389/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3389/2025

20.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3389/2025 20.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan anadan olmuş xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər uşağa görə hər ay 246 manat olmaqla, ümumilikdə 492 manat sabit pul məbləğində, yəni sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının müvafiq mislinə mütənasib alimentin, həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin və 220 manat vəkil xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2009-cu ildə Ağcabədi rayonu, Hacıbədəlli kənd ərazi icra nümayəndəliyində akt qeydləri kitabında 27 saylı qeyd edilməklə nikah bağlamışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Ailəsinə maddi cəhətdən heç bir qayğı göstərməyən cavabdehlə münasibətləri kəskinləşdiyinə görə iddiaçı xx.xx.2022-ci ildə nikahın pozulması, uşaqların ananın yanında qalması və aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmiş, hakim Cəmilə Səfiyevanın icraatında olan e- 2(012)-3670/2022 saylı mülki iş barışıq əldə olunduğuna görə iddiaçının ərizəsi əsasında baxılmamış saxlanılmışdır. Hazırda həmin proses yenidən təkrarlanır. Bir müddətdir ki, cavabdehlə münasibətləri kəskin surətdə pozulduğuna görə o, iki azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında yaşayır. Bu müddət ərzində cavabdeh maddi cəhətdən övladlarına heç bir yardım etmədiyindən iddiaçı hazırki tələblə bağlı ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, uşaqlar hazırda iddiaçının himayəsindədir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - Ağcabədi rayonu Hacıbədəlli kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İ 538293 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 27 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Mənsimova” soyadı verilmişdir. - Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ 170521 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2013-cü ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Abşeron Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV 422387 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. - Mediasiya Şurasının Bakı 16 saylı X1 Sessiyasında iştirak edilməməsi barədə MŞB/16/2025-00518 nömrəli, xx.xx.2025-ci il tarixli arayış və İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** əməliyyat nömrəsi ilə Bakı 16 saylı Mediasiya Təşkilatının 400600D**********104 nömrəli hesabına ödənilmiş qəbzin surətindən görünür ki, X2 Əsmər Səməd qızı iştirak etmiş, Cavabdeh isə iştirak etməkdən imtina etmiş, İMS 50 manat və 10 manat poçt xərci olmaqla, ümumilikdə, 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. - 23345 saylı, xx.xx.2025-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən ********** əməliyyat nömrəsi ilə Bakı şəhəri 13 saylı Vəkil Bürosuna 220 manat pul vəsaiti köçürülmüşdür. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh rəsmi iş yerinə dair məlumat aşkar edilməmişdir. - Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində mühəndis vəzifəsində işləyir, rəsmi əməkhaqqı məbləği isə 840 manat təşkil edir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafiə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilməsi, 1.2.8ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər “8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından – uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, həmçinin cavabdehin rəsmi gəlir mənbəyi olmaması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh Əyyub və Vəfa adlı uşaqlara görə (sonrakı artımlar nəzərə alınmaqla) hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.575 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini xx.xx.2025-ci ildə məhkəməyə vermişdir. Ona görə də məhkəmə müvafiq maddənin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, cavabdeh mediasiya prosesində iştirak etmədiyindən bu hissədə tələb təmin edilməli və ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin: 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilən 220 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin: 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X6 görə (sonrakı artımlar nəzərə alınmaqla) hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.575 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin mediasiya xərcinə görə ödənilmiş rüsum 60 manat və və hüquqi yardım üçün ödənilən 220 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin iddia qismən təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 75.2 manat məbləğində dövlət rüsumunun 15.2 manat hissəsi (460 manat x 12 ay - 60 manat mediasiya xərci) Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X5 və xx.xx.2020-ci il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək saxlanmaları üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən hesablanmaqla (sonrakı artımlar nəzərə alınmaqla) hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.575 misli həddində sabit pul məbləğində aliment, həmçinin mediasiya xərcinə görə ödənilmiş 60 manat və hüquqi yardım üçün ödənilmiş 220 manat məbləğində pul vəsaiti tutularaq tutularaq İddiaçı ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. 15.2 (on beş manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar