Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3461/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı tərəfindən ona ödənilmiş 28000 manat, məhkəmə xərclərinə aid olan 180 manat dövlət rüsumu və vəkil xidmətinə görə ödənilmiş 1320 manat olmaqla, cəmi 29500 manat pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2024-cü il tarixdə Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən cavabdehə məxsus ofisdə görüşərək, cavabdehə məxsus, Xocahəsən yaşayış kompleksinin yaxınlığında yerləşən ərazidə 3 ay ərzində 3 otaqlı fərdi yaşayış evini inşa etməsi, iddiaçının isə bunun qarşılığında ona 30550 manat pul vəsaitinin ödənilməsinə dair razılıq əldə etmişlər. İddiaçı tərəflər arasında olan razılığa əsasən öz üzərinə düşən öhdəliyi icra edərək cavabdehə yuxarıda adı çəkilən razılığın əldə olunduğu gün, yəni xx.xx.2024-cü il tarixdə 30550 manat pulu ödəməsinə baxmayaraq, cavabdeh öz üzərinə düşən öhdəliyi icra etməmiş, fərdi yaşayış evini təhvil verməmiş, bu isə iddiaçının evi inşa etdirmək fikrindən yayınaraq cavabdehə verdiyi pulu geri tələb etməsinə səbəb olmuşdur. İddiaçının verdiyi pul məbləğini geri tələb etdikdə, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçıya 2550 manat pul məbləğini qaytarmış, yerdə qalan borcunu isə müxtəlif bəhanələrlə qaytarmaqdan yayınmışdır. Belə olduğu halda iddiaçı verdiyi pulu geri ala bilməməsinə dair şikayətlə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, həmin idarədə cavabdeh verdiyi izahatda yuxarıda göstərilən işin hallarını təsdiq etmiş və İddiaçı 27550 borcunun olduğunu, bu borcu özünə məxsus başqa bir evini satıb ödəyəcəyini bildirmişdir. Müraciətdə göstərilən xüsusatların mülki hüquq münasibətlərindən yaranan mübahisə olduğundan cinayət işinin başlanılmasının rədd edilməsi barədə Abşeron rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş 59-1/2-16801 saylı, xx.xx.2024-cü il tarixli qərardan kifayət qədər vaxt keçsə də, cavabdeh iddiaçıya olan borcunu bugünədək qaytarmamışdır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, cavabdeh sahibkardır, adına VÖEN hesabı mövcuddur. Cavabdehin borcundan 2550 manat qaytardığını qəbul edir, qeyd etdiyi 500 manatı isə ödəməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən bütün ödənişlər iddiaçı tərəfindən polisə müraciət edilməzdən, polis idarəsində iş araşdırılmazdan qabaq həyata keçirilmişdir. Ondan sonra heç bir ödəniş olmamışdır. Əlavə olaraq bildirmişdir ki,cavabdeh borcunu 2025-ci il aprel ayına qədər ödəyəcəyinə söz vermişdir. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında qeyd etmişdir ki, iddia ərizəsində qeyd edilmiş evi istəmir, satıb pulunu verə bilər. Polisdən qabaq iddiaçıya ödənişlər etmişdir. Belə ki, bir neçə dəfə qabağını kəsib pul istədikləri üçün kartlarına pul atmışdır. Hətta 4000 manat əlavə ödəmişdir. Hazırda iddiaçıya 27550 manat borcu olduğunu etiraf etmiş, lakin iddia tələbindəki digər xərcləri qəbul etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 591/2-16801 saylı məktubundan görünür ki, X3 daxil olmuş müraciəti əsasında toplanmış materialda cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edildiyi, mülki qaydada aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirilmişdir. -Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. -Həmçinin xx.xx.2024-cü il tarixli qərara əsasən, Cavabdeh izahatında “2024-cü ilin sentyabr ayında Bakı şəhəri, 6-cı mikrorayon ərazisində Fəqanın qohumu ilə görüşüb 1500 manat nağd pul vermiş, bundan bir neçə gün sonra həmin şəxsin kart hesabına 600 manat, 400 manat, 500 manat olmaqla pul göndərmişdir. Sonradan Fəqanla görüşdükdə isə Fəqan ona 3000 manat yox, 1000 manat pul çatmasını demişdir. Hal-hazırda onun Fəqana 27550 manat borcu qalmışdır. Özünə məxsus başqa bir evini satıb borcunu ödəyəcəyini Fəqana da bildirmişdir” ifadəsi qeyd olunmuşdur. -Qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən “Pro Bono” Vəkil Bürosuna (Vəkil) 1320 manat ödəniş edilmişdir.. Belə ki, iddia ərizəsindən görünür ki, İddiaçı və Cavabdeh arasında bağlanmış şifahi razılaşma əsasında fərdi yaşayış evini inşa etməsi ilə bağlı cavabdehə müəyyən məbləğ müqabilində evin dəyərini ödədiyi təqdirdə cavabdeh tərəfindən evin inşa edilərək ona təhvil verilməsi barədə öhdəlik götürüldüyünü, evin dəyərinin tam şəkildə ödənildiyini, lakin cavabdehin öz üzərinə götürdüyü öhdəliyə əməl etmədiyini, daha sonra tələb etməsinə baxmayaraq evin müqabilində ödənilmiş pul vəsaitinin qaytarılmadığını irəli sürərək ümumilikdə 28000 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmişdir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək, iddiaçıya ümumilikdə 27550 manat borcu olduğunu etiraf etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin məhkəmə iclasında verdiyi izahatda, həmçinin Abşeron Rayon Polis İdarəsinin TŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xx.xx.2024-cü il tarixli qərarında etirafında onun iddiaçıya 27550 manat borcu olduğu öz təsdiqini tapdığından iddia tələbi həmin hissədə təmin edilməli, lakin qalan hissədə iddiaçı öz iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiyindən, bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmadığından təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göstərilən normaların tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, pul verilməsi barədə iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmışdır. Mülki Məcəllənin: 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. ( hüquq münasibətlərinin yarandığı zaman mülki məcəllənin qüvvədə olan maddi hüquqi norması) 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumunun 172 manatı (iddiaçının tələbini qismən əhatə etdiyi üçün), həmçinin vəkil xərcinə görə 1320 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 8 manatı iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməlidir.. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27550 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 172 manat hissəsi və 1320 manat vəkil xərci alınaraq İddiaçı xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 8 manat hissəsi iddiaçının özünə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 27550 manat pul vəsaiti, ödənilmiş dövlət rüsumunun 172 manat hissəsi və 1320 manat vəkil xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 8 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-3461/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3461/2025
29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver