Məhkəmə qərarları › İş №e-2(012)-360/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-360/2021

19.04.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-360/2021 19.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» MMC-nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1rşı «son haqq hesabın ödənilməsi, son haqq-hesabın gecikdirilməsinə görə faizin və mənəvi zərərin ödənilməsi» tələbinə dair mülki işə 19 aprel 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx» MMC-dən son haqqhesab 10056 manat, 120 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 12700 manat pulun, 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, cavabdeh «xxxx» MMC-dən son haqq-hesab 10056 manat, 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı 25 iyun 2018-ci ildə «xxxx» MMC-də “Baş direktor məsləhətçisi” vəzifəsində işə qəbul olmuşdur. İddiaçı 21.12.2018-ci il tarixdə “Direktorun satış üzrə müavini-satış departamentinin rəisi” vəzifəsinə təyin olunmuşdur. 29.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ bəndinə əsasən iddiaçı öz xahişiylə işdən azad edilmişdir. 19.10.2019-cu il tarixdə işdən azad olunan zaman son haqq-hesab, ümumilikdə 10056 manat cavabdeh şirkət tərəfindən iddiaçıya ödənilməmiş, bu barədə MMC rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Qeyd etmək lazımdır ki, cavabdeh “xxxx” MMC ilə iddiaçı arasında olan əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə uyğun olaraq, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam verilmiş, həmin məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq iddiaçı öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxt cavabdehlə iddiaçı arasında əmək mübahisəsi olmamışdır. Belə ki, mövcud məcəllənin Xİ bölməsində qeyd edilən əmək mübahisələrindən heç bir hal cavabdehlə iddiaçı arasında baş verməmişdir. Bu səbəbdən də “xxxx” MMC-nin gecikdirilmiş hər gün üçün iddiaçıya əmək haqqının azı bir faizi məbləğində ödənc verməlidir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh «xxxx» MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini son haqq-hesab olan 10056 manat pulun iddiaçıya ödənilməsi hissəsində qəbul edir. Lakin son-haqq hesabın gecikdirilməsinə görə faizlərin və mənəvi zərərin cavabdeh şirkətdən tutulması hissəsini qəbul etmir. Faiz o zaman hesablana bilər ki, işəgötürənin təqsirli hərəkətləri nəticəsində son haq-hesab ödənilməsin, nəzərə alsaq ki, «xxxx» MMC-nin özünün də digər şəxslərdən ******* manat miqdarında alacağı vardır və bu günədək həmin pulları ala bilməmişdir. Bu barədə məhkəmə qətnamələri də vardır. Gecikmələr üzrlü səbəbdən baş vermişdir. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, faizlərin cavabdeh şirkətdən tutulması düzgün deyildir.Buna gör də iddia tələbinin faizlər və mənəvi zərər hissəsində rədd edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi X8 məhkəmədə izahatında bildirdi ki, cavabdeh təşkilatın maliyyə vəziyyətində çətinlik olduğu üçün son haqq-hesabı gecikdirməsi məlum olmuşdur. Bu səbəbdən də «xxxx» MMC barəsində inzibati protokol tərtib edilmişdir. İş materiallarında olan «xxxx» MMC tərəfindən verilmiş 29 oktyabr 2019-cu il tarixli, AZT İR- 1/292 №-li işdən azad olma haqqında əmrdən görünür ki, Cəmiyyətin Direktorun satış üzrə müavini-satış departamentinin rəisi İddiaçı əmək müqaviləsinə 29 oktyabr 2019-cu il tarixdən AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə (işçinin öz xahişi) əsasə xitam verilmişdir. İş materiallarında olan 06 mart 2020-ci il tarixli, MN ******* №-li inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» MMC-nin direktoru V.Bağırov Əmək Məcəlləsinin 832-ci maddəsinin tələblərini pozmuş və İddiaçı son haqq-hesabları ödənilməmişdir. Nəticədə «xxxx» MMC-nin direktoru V.Bağırov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə işdə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, cavabdeh təşkilat «xxxx» MMC İddiaçı işdən azad olunan zaman son haqq-hesabını, yəni ümumilikdə 10056 manat pulunu ödəməmiş və cavabdeh təşkilatın nümayəndəsi də məhkəməyə yazılı ərizə təqdim edərək iddianın son haq-hesab hissəsini qəbul etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsaslanaraq hesab edir ki, iddia tələbi son haq-hesab hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Lakin məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə istinad edərək hesab edir ki, cavabdeh «xxxx» MMC-nin iddiaçıya son haqq-hesabı ödəməsini qəsdən gecikdirməsini və ya üzrlü səbəb gecikdirməsini İddiaçı tərəfindən sübuta yetirilmədiyindən idda tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinin tələbinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə məcəllənin “əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bundan əlavə İddiaçı iddia tələbində 500 manat məbləğində mənəvi zərərin əvəzinin «xxxx» MMC-dən alınaraq ona ödənilməsi tələbi irəli sürmüş, lakin bununla bağlı iddiaçı tərəfindən əsaslı sübutlar təqdim edilmədiyindən məhkəmə AR MPM-nin 77.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsinin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı işdən azad olunarkən son haqq-hesab olan ümumilikdə 10056 manat pul cavabdeh «xxxx» MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi 345 gün son haqq-hesabın gecikdirilməsinə görə hər gün 1 faiz olmaqla 36225 manat pulun və 500 manat mənəvi zərərin cavabdeh «xxxx» MMC-dən tutularaq İddiaçı ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar