Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-386/2025 29.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 6030 manat pulun və iddia qaldırılması üçün ödənilmiş 80,30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “OKA” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********4 nömrəli sığorta şəhadətnaməsinin çıxarışından görünür ki, “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. AR DİN BDYPİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba əsasən, “OKA” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ölkəmizdə “Porschenin” rəsmi distribüteri olan "xxxx" MMC tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6030 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" MMC-yə 6030 manat sığorta ödənişini ödəmişdir. İş materiallarına əlavə edilmiş, Cavabdeh özü tərəfindən imzalanmış İXP seriyalı ******* saylı protokolun surətinə əsasən, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. Buna görə də ona qarşı subroqasiya hüquqları yaranmışdır. Həmçinin cavabdeh polisə verdiyi və özü tərəfindən imzalanan izahatında da hadisənin özünün təqsiri ucbatından baş verdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş forma 4 arayışı, hadisənin sxemi də Cavabdeh təqsirli olmasını sübut edir. Yuxarıda dediklərimizlə birlikdə hesab edirik ki, 6030 manat pul Cavabdeh iddiaçı »Atəşgah» Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə xx.xx.2026-cı il tarixində ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair keçiriləcək məhkəmə iclaslarında icraatında olan işlərin çoxluğu və uzaq məsafə səbəbi ilə üzrlü səbəblərdən iştirak edə bilməyəcəklər. İş materiallarında iki ayrı ekspert tərəfindən qiymətləndirmə rəyi mövcuddur. xx.xx.2025-ci il tarixli X2 rəyinə əsasən, nəqliyyat vasitəsinə 4001 manat, sonuncu rəy ilə isə 3900 manat zərər dəymişdir. Bildirmək istəyir ki, birinci qiymətləndirmə rəyi ilə razıdırlar. Ekpsert rəyinin əvvəlcədən müəyyən edilmiş qüvvəsi yoxdur. İşə baxan hakimin mülahizəsinə əsasən, qiymətləndirilir. İş materiallarında olan qüsur aktından görünür ki, nəqliyyat vasitəsi öz rəsmi servisi tərəfindən baxış keçirilib qiymətləndirilmiş və təmir edilmişdir. Ekspertlər isə sadəcə internet saytından əldə etdikləri məlumatlara əsasən qiymətləndirmə aparmışdır. Buna görə də, ən azından iddiaçının iddia tələbinə və rəsmi servisin dəyərləndirməsinə ən yaxın olan rəyin nəzərə alınmasını, iddia tələbinin 4001 manat həcmdə qiymətləndirilməsini və təmin edilməsini məhkəmədən xahiş edirlər. X1 tərəfindən məhkəməyə təqdim edilən ekspert rəyinin 1-ci səhifəsindən də görünür ki, ekspertizanın aparılması üçün 300 manat xərc iddiaçı tərəfindən ödənilmişdir. Buna görə də, qətnamə çıxarılarkən həmin ekspertiza xərcinin də nəzərə alınmasını məhkəmədən xahiş edir. Mülki iş üzrə keçiriləcək bütün məhkəmə hazırlıq və baxış iclaslarının onla iştirakımız olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini, ekspertiza xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məhkəmədən xahiş edirlər. Belə olan halda məhkəmə, işə iddia tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, digər avtomobil cavabdehin idarə etdiyi nəqliyyat vasitəsini dayandığı vəziyyətdə vurmuşdur. Həmçinin bildirir ki, cavabdeh inzibati xəta haqqında protokolda qeyd edilən cəriməni də ödəmişdir. Odur ki, maddi vəziyyətlərinin də nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh öz nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli **********4 nömrəli sığorta şəhadətnaməsinin surətindən görünür ki, “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. -İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 129108 nömrəli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “OKA” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və İddiaçı Sığorta Şirkəti ASC tərəfindən zərərçəkmişə 6030 manat ödənilmişdir. -xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" MMC-yə 6030 manat sığorta ödənişini ödəmişdir. -Xəzər Rayon DYPŞ tərəfindən tərtib edilmiş İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmiş və İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinmişdir. -“Porschenin” rəsmi distribüteri olan "xxxx" MMC tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair aktdan görünür ki, sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6030 manat ziyan dəymişdir. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -“X3” MMC-nin xx.xx.2025-ci il tarixli 119 saylı rəyindən görünür ki, «Porsche Cayenne» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4001 manat müəyyən edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, «Porsche Cayenne» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3900 manat müəyyən edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra Yol hərəkəti haqqında Qanun adlanacaq): 34-cü maddəsinə əsasən sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “OKA” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Porschenin” rəsmi distribüteri olan "xxxx" MMC tərəfindən təqdim olunmuş zərərin qiymətləndirilməsinə dair akta əsasən, sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 6030 manat ziyan dəymişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Porsche Cayenne” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinə görə "xxxx" MMCyə 6030 manat sığorta ödənişini ödəmişdir. Hazırda, İddiaçı Sığorta Şirkəti ASC 6080,30 manat dəymiş zərərin subroqasiya qaydasında cavabdehdən tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. -332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək qeyd edir ki, iddiaçı tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində «Porsche Cayenne» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiə vurulmuş maddi zərər isə 6030 manat zərər hesablanmışdır. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. “X3” MMCnin xx.xx.2025-ci il tarixli 119 saylı rəyindən göründüyü kimi «Porsche Cayenne» markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4001 manat, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyindən göründüyü kimi isə 3900 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli rəyində göstərilən 3900 manat dəymiş zərər məbləği işin ədalətli və düzgün həlli üçün daha əsaslıdır. Bu səbəbdən dəymiş zərər məbləğinin 3900 manat müəyyən edilməklə, göstərilən məbləğdə iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş 80,30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 3900 (üç min doqquz yüz) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 80,30 (səksən manat otuz qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov.