Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4099/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı uşağın ananın himayəsində saxlanılması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi nikahdan xx.xx.2023-cü ildə anadan olmuş X4 onun yanında saxlanılması, uşağın 18 yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 246 manat miqdarında alimentin tutularaq ona ödənilməsi, xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşınadək saxlanılmasına görə 100 manat alimentin hər ay tutularaq ona ödənilməsi, mediasiya sessiyasının keçirilməsi üçün tələb olunan 60 manat məbləğində mediasiya haqqının və vəkilə ödənilmiş 300 manat xidmət haqqının Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o cavabdehlə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahı 5 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat Şöbəsində rəsmiləşdirmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında AZ İİ 548352 nömrə ilə qeyd edilmiş və nikah haqqında şəhadətnamə verilmişdir. Rəsmi nikahdan xx.xx.2023-cü ildə X9 anadan olmuşdur. Ailə qurduqları vaxtlardan mehriban şəraitdə yaşasalar da, sonradan cavabdehlə xasiyyətləri uyğun gəlməmiş, ailədaxili sözsöhbətlər yaranmış, iddiaçı o evdən çıxaraq atasının evinə qayıtmışdır. Cavabdeh övladının maddi məsrəflərinin qarşılanmasında iştirak etmədiyindən və uşağı ilə maraqlanmadığından alimenti məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, uşaq ananın yanındadır. Cavabdeh şirkətdə işləyir. Tərəflər faktiki olaraq birlikdə yaşamır, lakin iddiaçı ailənin pozulmasını istəmir, sadəcə cavabdehə qarşı aliment tələbi var. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, aralarında problemlər olmamışdır. Lakin iddiaçı valideynlərinə görə boşanmaq istəyir. Birgə nikahdan 1 uşaqları dünyaya gəlmiş, 1 uşaqları da dünyaya gələcəkdir. Ümumilikdə 4 dəfə ailəni bərpa etmək üçün cəhd etmişdir. 3-4 aydır ki, iddiaçı ilə ayrı yaşayırlar. Ayrı yaşadıqları müddət istisna olmaqla, hər zaman övladına maddi cəhətdən köməklik göstərmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, AZ-İİ 548352 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 5566 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Həmidli” soyadı verilmişdir. -5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli, AZ-İV 958265 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 8400 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -X5 1 saylı X3 Mediasiya Sessiyasında iştirak edilməməsi barədə MŞAB/MT041/2025-00545 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 Aysel Nizami qızı iştirak etmiş, Cavabdeh isə iştirak etməkdən imtina etmişdir. X6 50 manat və 10 manat poçt xərci olmaqla, ümumilikdə, 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. -Qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən Universal Vəkil Bürosuna (Vəkil) 300 manat ödəniş edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iş yeri Cavabdeh “X1 "xxxx" ASC-də kompüter texniki kimi fəaliyyət göstərir, rəsmi əməkhaqqı məbləği 544 manat təşkil edir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, uşaqların anaya bağlılığı, yaşı və mənafeyi nəzərə alınmaqla, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2023cü ildə anadan olmuş X9 İddiaçı (ananın) himayəsində saxlanılması və birgə nikahdan doğulmuş Yağmur Həmidlinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulması məqsədəuyğundur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilməsi, 1.2.8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4- 3-cü yarımbəndlər “8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirləri əlavə edilməsi qərara alınmışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından – uşağın saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh xx.xx.2023-cü təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Məhkəmə cavabdehdən Yağmur Həmidlinin 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutulması ilə bağlı hesab edir ki, həmin məbləğdə alimentin tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən Yağmur Həmidlinin 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulan vəsaitin məbləği minumum əmək haqqının 0.075 misli (30 manat) həddində müəyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025ci il tarixdən hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin 60 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya verilməsi hissəsində qeyd edir ki, cavabdeh mediasiya prosesində iştirak etmədiyindən bu hissədə tələb təmin edilməli və ödənilmiş 60 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir Həmçinin Mülki Prosessual Məcəllənin: 115.0.5-ci maddəsinə əsasən, nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. 121.1-ci maddəsinə əsasən, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilən 300 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X9 anasının (iddiaçının) himayəsində saxlanılmalı və onun saxlanılması üçün xx.xx.2025-ci ildən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində və uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay 0.075 misli həddində sabit pul məbləğində aliment, həmçinin mediasiya xərcinə görə 60 manat, vəkil xərcinə görə 300 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X9 yеtkinlik yаşınа çаtаnаdək anası (iddiaçı) İddiaçı himayəsində saxlanılsın. xx.xx.2025-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.615 misli həddində sabit pul məbləğində aliment, həmçinin uşağın 3 yaşına çatanadək saxlanması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.075 misli həddində sabit pul məbləğdə aliment (maddi yardım), həmçinin mediasiya xərcinə görə 60 manat, vəkil xərcinə görə 300 manat pul vəsaiti tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4099/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4099/2025
29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver