Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4120/2023 28.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili-nümayəndəsi X6 və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər “Bakunews.az” xəbər portalının təsisçisi Cavabdeh3, baş redaktoru Cavabdeh4, şef redaktoru Cavabdeh2 və Cavabdeh1 qarşı “işgüzar nüfuza vurulmuş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla verilmiş videodakı məlumatların şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, onun kütləvi informasiya vasitəsi olan “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” haqqında olan videonun həqiqətə uyğun olmayan yazılar hesab edilməsi, həqiqətə uyğun olmayan məlumatın təkzib olunması, onun yaydığı məlumatlara görə “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində üzr istəməsi, “Bakunews.az” xəbər portalı və Baku_news_az öz tik tok şəbəkəsi, Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə üzr məktubunun göndərilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin işgüzar nüfuzu ləkələyən həqiqətə uyğun olmayan video məlumatları yaydıqlarına görə cavabdehlərdən müştərək qaydada vurduqları 30000 manat mənəvi zərərin əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 1992-ci ildən rəsmi dövlət qeydiyyatdan keçməklə qanuni fəaliyyət göstərir. Cavabdeh1 "xxxx" MMC-nin keçmiş işçisi olmuşdur. Belə ki, o əmək intizamını kobud surətdə dəfələrlə pozduğu və 6 ay saxta xəstəlik vərəqəsi təqdim etdiyi üçün AR ƏM-nin 70-ci maddəinin “Ç” bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. X7 12 dekabr 2022-ci il tarixində onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə xitam verilməsinin dəyişdirilməsinə kömək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti Bakı şəhəri İdarəsinə müraciət etmişdir. Aparılmış yoxlama nəticəsində onun barəsində tam qanuni əsaslarla əmək müqaviləsinə xitam verildiyi məlum olmuşdur. Daha sonra, X7 məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 29 noyabr 2022-ci il tarixli, 183 nömrəli əmrin ləğv edilməsi, yenidən əvvəlki işə bərpa edilməsi, işləmədiyi müddətin orta əmək haqqı və mənəvi ziyana görə 50000 manat və ödənilmiş dövlət rüsumuna görə 135 manat pulun cavabdehdən alınıb, ona verilməsi barədə iddia tələbi təmin edilməmişdir. X1 rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4569/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nizami Rayon Məhkəməsinin 2(007)-1086/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmədə uduzduqdan sonra böhtan və şər yolunu seçən X7 “Bakunews.az” xəbər portalı ilə əlaqəyə girməklə müəssisənin işgüzar nüfuzuna xələl gətirən yalanlarla dolu videoçıxışını xəbər portalı heç bir araşdırma aparmadan, şikayət edilən təşkilatla heç bir əlaqə saxlanılmadan @baku_news_az öz tik tok şəbəkəsində yaymışdır. Həmin videoyaya 68.8 min baxış keçirilmiş, 2040 bəyənmə olunmuş, 466 nəfər tərəfindən şərh yazılmış, 527 paylaşım edilmişdir. X7 xx.xx.2023-cü il tarixində videoçıxışında bildirmişdir ki, “2016-ci ildən 2022-ci ilə kimi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində, eyni zamanda üç vəzifə aparmış laboratoriya müdiri, bakteroloq və baytar vəzifəsində, bundan əlavə həkimlik edirdim, çünki direktorun qardaşı orda həkim idi, lakin o, gün ərzində zavodda olmurdu, həkimliyidə edirdim texnoloqların yazılarını, resepturaları, texniki şərti, texnoloji təlimatları hamısını mən aparırdım. Mən özümün biliyimlə, təcrübəmlə, işimi lazımı səviyyədə aparırıdım, yəni iş vaxtı, heç bir səvhə yol verməmişəm, özüm kimya elmləri namizədiyəm. Qida üzrə 14-cü kateqoridayam, bu müəssisədə yəni təzə bura gələndə başa düşmürdüm ki, burda əti icazə vermirdilər analiz etməyə, bir dəfə mən əti analiz elədim, analiz edəndə ətdə mikrob çıxdı, getdim müdiriyyətə xəbər verdim, müdiriyyət buna çox qeyri-adi bir münasibət bəslədi. Məni daha da təqsirləndirdi və bildirdi ki, əti qida təhlükəsizlik laborotoriyası yoxlayıbdı, sən niyə yoxlayırsan. Mənə qışqırdılar, mən də otaqdan çıxmaq istəyəndə orda direktor vardı mənə sual verdi ki, mal ətində ət olur, elə məni otaqdan çıxardılar və müəssisəyə gələn hər bir ətləri icazə vermədilər yoxlamaya. Mən baytar keçəndən sonra bunu daha kəskin vəziyyətdə mənə işarə elədilər ki, sən əti yoxlamayacaqsan. Heç bir qidadan gələn əti, zavoda gələn məhsulu mənə icazə vermirdilər yoxlamağa, mənim də acığım tutdu ki, mən baytar işləyirəm. Mən baytar işləyə-işləyə məni ətin emalı otağına qoymurdular. Bunun səbəbi nə idi onu da bilmirdim. Daha sonra başa düşdüm ki, onlar ordan-burdan cürbəcür ətlər alırlar, onun içində də leş Tofiqin ətləri olur. Leş Tofiqin ətləri də bu müəssisənin yeri olduğu üçün ordan əti alırdılar. Belə məni sıxışdıra-sıxışdıra bunlarla mənim aramda münasibət kəskinləşdi. Bu yaxınlarda X5 yoxlama aparmışdır, yoxlamanın da nəticələri qurumun saytında dərc edilmişdir. Bu yoxlamaların nəticəsinin qanunauyğunsuzluğu, təhlükəsizliyin qorunmaması da Ovçuların adını qeyd eləmişdi. Lakin iki gündən sonra həmən saytda bu verilən xəbərlər silindi. Mən belə başa düşürəm ki, X2 ilə müəssisənin iş birliyi varmış, yəni orda şöbə müdiri var, həmin şöbə müdiri bizim müəssisə ilə, müdiriyyətlə qardaş, yoldaş, himayədar olduğu üçün iki gündən sonra hamısı qalmışdı bütün müəssisələrin adı qalmışdı, yalnız Ovçuların adı ordan silinmişdir.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti son texnologiyalar tətbiq edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq dövlət orqanlarından qeydiyyatdan və yoxlanışdan keçməklə fəaliyyət göstərir. Cəmiyyətdə müasir dövrün tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir. Lakin “Bakunews.az” xəbər portalında və @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videoda göstərilən faktlar yalan və böhtandır, müəssisənin və adları qeyd edilən əməkdaşların şərəf və ləyaqətinə işgüzar nüfuzuna xələl gətirməklə müəssisədə və şəxslərdə psixoloji gərginliklər yaratmışdır. Cavabdehlər tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində şaiyələrə əsalanan heç bir əsası olmayan, mənbəyi bilinməyən məlumatlar dərc edilməsi müəssisənin işgüzar nüfuzuma böyük əhəmiyyətdə zərər vurmuşdur. Videoda “onlar ordan-burdan cürbəcür ətlər alırlar onun içindədə leş Tofiqin ətləri olur. Leş Tofiqin ətləri də bu müəssənin yeri olduğu üçün ordan əti alırdılar kimi” əsası olmayan şaiyələr, böhtanalar bildirilməsi nəticəsində alıcılıq qabiliyyəti aşağı düşmüş, bununla da "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti on minlərlə manat ziyana uğramışdır. Videoda deyilən dəlillərə uyğun heç bir sübut təqdim edilməmişdir. @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videonu “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla yayımlamışdır. Halbuki “Bakunews.az” xəbər portalında 21 aprel 2023-cü il tarixli məqaləsində qeyd etmişdir ki, Nizami rayon Məhkəməsinin hakimi Ülkər Yusifoava qərəzli qərar qəbul etmişdir. Burdan da görünür ki, xəbər saytı X7 qanunsuz yox qanuna uyğun işdən çıxarılmasına qanuni don geyindirməyə çalışmışdır. Həmin saytı idarə edənlərin cəmiyyətdə mövqeyi və imici zəifdir, sayt heç yerdə qeydiyyatdan keçməmişdir. Onlar Cavabdeh1 kimilərlə əlbir olaraq şantaj yolunu üstün tutmuşdur. @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videonun üzərində “leş ətlərlə məhsul Xalqa təqdimedən Ovçular ət və ət məhsulları MMC” kimi yazı qeyd etmişdir. @baku_news_az öz tik tok şəbəkəsində yayımladığı videonunun üzərində qeyd edilən bu yazının heç bir sübutu olmamaqla yalan və böhtandır. Bu, müəssisənin işgüzar nüfuzuna zərər vurmuş və reytinqini aşağı salmışdır. Cavabdehlər də daxil olmaqla heç kimin müəssisənin işgüzar nüfuzu barədə şaiyələr yaymasına hüuqu yoxdur. Sevinc Qazıyevanın qeyd etdiyi yalandan uydurduğu dəlillər kimlərinsə məsləhəti ilə sonradan düşünülmüşdür. Əgər belə bir hal olmuş olsaydı Sevinc Qazıyeva tərəfindən 12 dekabr 2022-ci il tarixində Əmək Müffətişliyinə, daha sonra birinci instansiya məhkəməsinə ünvanlanmış iddia ərizəsində və məhkəmədə verdiyi izahatlarda öz əksini tapardı. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində yayımladığı “Ovçular ət və at məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqlı videoda gedən məlumatların işgüzar nüfuzu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi, kütləvi informasiya vasitəsi olan “Bakunews.az” xəbər portalında və Baku_news_az öz tik tok şəbəkəsində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti” haqqında olan videonun həqiqətə uyğun olmayan yazılar hesab edilməsi, həqiqətə uyğun olmayan məlumatın təkzib olunması, Cavabdeh1 tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə üzr məktubunun göndərilməsi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan video məlumatları yaydığına görə cavabdeh X3 30000 manat mənəvi zərərin əvəzinin tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinnə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, “Bakunews.az” xəbər portalının təsisçisidir. İddianı portala dair hissədə qəbul edir. Qeyd edilən video portalda yayımlanan zaman MMC-nin məsələ ilə bağlı mövqeyini aydınlaşdırmamış, məlumat portala birtərəfli qaydada yerləşdirilmişdir. O, bu barədə təsisçisi olduğu portalda təkzib verməyə və MMC-nin işgüzar nüfuzunun ləkələnməsinə görə üzr istəməyə hazırdır. Həmçinin Cavabdeh3 bununla bağlı məhkəməyə ərizə də təqdim etmişdir. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Həmin cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan @baku_news_az öz tik tok şəbəkəsində yayımlanan X4 xx.xx.2023-cü il tarixli videoçıxışından ibarəd CD disk məhkəmə iclasında tədqiq edilmişdir. Məhkəmə, ilk olaraq qeyd edir ki, hazırki iddia iki tələbdən-yalan məlumatların yayılmasına görə təkzib verilməsindən və bu məlumatlar nəticəsində işgüzar nüfuza vurulmuş zərərə görə vəsaitin tutulmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarının 3-cü bəndində tövsiyə olunmuşdur ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Şərəf və ləyaqət vətəndaşın yaşadığı cəmiyyətin ona verdiyi obyektiv qiyməti və onun özü-özünə verdiyi qiyməti əks etdirən, bir-biri ilə qarşılıqlı şəkildə əlaqəli və bir birini tamamlayan anlayışlardır. Praktiki cəhətdən şərəf və ləyaqətin müdafiəsi müəyyən məlumatların yayılma faktının və yayan subyektin, onların ləkələyici xarakterinin müəyyən olunmasından tutmuş, ləkələyici məlumatların həqiqətə uyğun olmaması prezumpsiyasının təkzibinə, məlumatların özünün təkzibinə və onları yayan şəxslərin cəzalandırılmasına qədər məntiqi baxımdan əsaslandırılmış model üzərində qurulmalıdır. Bununla da istər məlumatların gözdən salma xarakterinin, istərsə də həmin məlumatların həqiqətə uyğun olmadığının sübut olunmasına faydasız yerə zaman, qüvvə və vəsait sərf olunmasının qarşısı alına bilər. Beləliklə, ilk növbədə zərərçəkmişlə bağlı məlumatların yayılma faktı və onları yayan subyekt müəyyən olunmalıdır. Müdafiə subyektləri həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayılmasına görə mülki-hüquqi məsuliyyətə cəlb olunmalı şəxslər və müvafiq müdafiə hüququ olan şəxslərdir. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddianı barəsində həqiqətə uyğun olmayan ləkələyici məlumatların yayıldığını hesab edən şəxslər qaldıra bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Qeyd edilməlidir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Beləliklə, bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı Qərarına əsasən hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Mülki Məcəllənin 23.1-ci maddəsinə görə fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Eyni Məcəllənin 23.3-cü maddəsinə görə kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində öz cavabının dərc edilməsi hüququ vardır. Mülki Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 23.5-ci maddəsinə görə əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin. Həmin Məcəllənin 23.6-cı maddəsinə görə bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşdən görünür ki, daha əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmiş Cavabdeh1 MMC barəsində “Bakunews.az” xəbər portalı tərəfindən Baku_news_az öz tik tok şəbəkəsində çıxış etmişdir. Videoçıxış xx.xx.2023-cü il tarixində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir”, “AQTA şöbə müdiri ovçuları hansı maraqları qarşılığında himayə edir”, “leş ətlərlə məhsulu xalqa təqdim edən Ovçular Ət və Ət Məhsulları MMC” başlıqlarla yayılmışdır. İş materialları ilə təsdiq olunur ki, Cavabdeh1 MMC barəsində etdiyi çıxışda həmin Cəmiyyətin işgüzar nüfuzuna ləkə gətirən ifadələrdən və əsası olmayan məlumatlardan istifadə etmiş, xəbər portalı tərəfindən isə bu xüsusatlar araşdırılmadan həmin müraciət sosial şəbəkədə kütləvi şəkildə yayılmışdır. Halbuki, “Media haqqında” Qanunun 14.1.7-ci maddəsinə görə mediada dərc olunan və (və ya) yayımlanan informasiyada şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir. Həmin Qanunun 77-ci maddəsinə əsasən bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar. Mediada yayılmış həqiqətə uyğun olmayan məlumata görə redaksiya, eləcə də jurnalist aşağıdakı hallarda məsuliyyət daşımır: 1. həmin məlumat dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri və ya onların mətbuat xidmətləri tərəfindən rəsmi yayılmışdırsa; 2. həmin məlumat informasiya agentliklərindən və ya idarə, müəssisə, təşkilat, siyasi partiya və qeyri-hökumət təşkilatlarının mətbuat xidmətləri tərəfindən yayılmışdırsa; 3. həmin məlumat Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, idarə, müəssisə, təşkilat və qeyrihökumət təşkilatlarının nümayəndələrinin, habelə vəzifəli şəxslərin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; 4. həmin məlumat canlı yayımla efirə gedən çıxışlarda səsləndirilmişdirsə. Məhkəmə iclasında qeyd edilən portalın təsisçisi Cavabdeh3 da etiraf etmişdir ki, Cavabdeh1 tərəfindən verilən məlumatların həqiqətə uyğun olması yoxlanılmamış, bu barədə ona hər hansı sübut təqdim edilməmişdir. Ona qarşı qaldırılan iddianı qəbul edir və bu barədə portalda təkzib verməyə hazırdır. “Media haqqında” Qanunun 18-ci maddəsinə görə media subyekti tərəfindən fiziki şəxsin şərəf və ləyaqətini, fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektində 1 (bir) ay müddətində cavab vermək, habelə media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. Bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulmuş tələblə müraciət edilən zaman, yaxud məhkəmə qərar çıxaran zaman media subyektinin fəaliyyəti (yayımı) müvəqqəti dayandırılmışsa və ya o yenidən təşkil olunmuşsa təkzib, cavab və ya düzəliş həmin media subyektinin və ya onun hüquqi varisinin vəsaiti hesabına iddiaçının istədiyi media subyektlərinin birində dərc oluna (yayımlana) bilər. Media subyekti tərəfindən cinayət işləri üzrə icraatın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə cinayət prosesini aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə həmin media subyektinə müraciət etmək hüququna malikdir. Həmin Qanunun 19-cu maddəsinə əsasən təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin çap mediası subyektində nə vaxt və necə dərc olunduğu göstərilir. Çap mediası subyektində təkzib məlumatın və ya materialın verildiyi səhifədə həmin şriftlə yığılır və “Təkzib” başlığı altında dərc olunur. Gündəlik, günaşırı, həftəlik və aylıq yayımlanan qəzetlər təkzib, cavab və ya düzəliş haqqında tələbin daxil olduğu gündən sonrakı nömrədə, digər dövri-nəşrlər isə hazırlanan və ya yaxın günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. Təkzib, cavab və ya düzəliş audiovizual yayımçı tərəfindən tələbin alındığı gündən sonrakı müvafiq proqramda yayımlanır. Bunu tələb edən fiziki şəxsin və ya onun nümayəndəsinin, hüquqi şəxsin rəhbərinin və ya onun səlahiyyətli nümayəndəsinin proqramda cavabla çıxış etmək hüququ təmin edilməlidir. Təkzib və ya cavab mətnində heç bir dəyişiklik edilmədən verilir. Təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələbləri pozmamalıdır. Təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. Cavab dərc olunan (yayımlanan) nömrədə (proqramda) həmin cavabı şərh etməyə və ya təkzib etməyə yol verilmir. Cavaba cavab sonrakı nömrədə (proqramda) yerləşdirilə bilər. Təkzib, cavab və ya düzəliş rədd edildikdə, bu barədə tələb etmiş şəxsə 3 (üç) gün müddətində əsaslandırılmış məlumat verilməlidir. Aşağıdakılar təkzib və ya cavab mətnini dərc etməkdən (yayımlamaqdan) imtina üçün əsasdır: 1. təkzibi tələb olunan məlumat məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmişdirsə; 2. təkzibi tələb olunan məlumat və ya materialla bağlı media subyekti tərəfindən şikayətçinin müraciəti əsasında artıq təkzib verilmişdirsə; 3. təkzib və ya cavabın mətni bu Qanunun 14.1-ci maddəsində nəzərdə tutulan tələbləri pozursa; 4. təkzib və ya cavabın mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çoxdursa; 5. məlumatın və ya materialın media subyekti tərəfindən dərc edilməsindən (yayımlanmasından) bir ay müddətində üzrsüz səbəbdən müraciət edilməmişdirsə. Təkzib, cavab və ya düzəlişin verilməsinə görə ödəniş tələb edilmir. Haqsız, qeyri-dəqiq və gizli reklam “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla təkzib olunur. Onlayn mediada təkzib və ya cavabın mətni təkzib və ya cavab vermək hüququnun yaranmasına səbəb olmuş materialın yayımı üsuluna uyğun şəkildə yayımlanmalıdır (eyni həcmdə, eyni vaxtda, həmin veb-saytda, veb-səhifədə və ya veb-saytın həmin bölməsində və s.). Bu zaman hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin onlayn media subyektində nə vaxt və necə yayımlandığı göstərilməlidir. Təkzib və ya cavab mətnini orijinal nəşrdə olduğu kimi həmin veb-səhifədə və ya veb-saytın həmin bölməsində yerləşdirmək mümkün olmadıqda, onlayn media subyekti müvafiq materiallar (paylaşımlar) arasında hiperlinklərin yaradılmasını təmin etməli və orijinal mətnin yanında bu materialda (paylaşımda) olan məlumatın təkzib edildiyinə və ya cavab verildiyinə dair bildiriş yerləşdirməlidir. Qeyd olunduğu kimi, Cavabdeh3 təsisçisi olduğu xəbər portalında əsası olmayan məlumatlar verilməsinə şərait yaratdığından o, həmin portalda bu barədə təkzib verməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi cavabdehlər “Bakunews.az” xəbər portalının baş redaktoru Cavabdeh4 və şef redaktoru Cavabdeh2 münasibətdə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycn Respublikası Ali Məhkəməsinin 14 may 1999-cu il tarixli plenum qərarının 9-cu bəndində qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, kütləvi informasiya vasitəsində yayılmış şərəf və ləyaqəti ləkələyən məlumata görə kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi tanınmalıdır. Müəllifin və yaxud redaksiyanın üçüncü şəxs kimi işə cəlb edilməsi qanuna uyğun hesab edilmir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, “Bakunews.az” xəbər portal hüquqi şəxs kimi dövlət qeydiyyatından keçməmişdir. Belə olduqda həmin kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi məsuliyyət daşıyır. Buna görə də iddia tələbi kütləvi informasiya vasitəsinin digər şəxslərinə münasibətdə təmin edilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, @baku_news_az öz tik tok şəbəkəsində yayımlanan X4 xx.xx.2023-cü il tarixli videoçıxışında həqiqətə uyğun olmayan məlumatlar kütləvi şəkildə yayılmış, bunun nəticəsində isə MMC-nin işgüzar nüfuzuna zərər yetrilimişdir. Qida istehsalı ilə məşğul olan müəssisə və onun məhsulları barədə heç bir sənədə əsaslanmadan bu cür məlumatların verilməsi istehlakçılar arasında ona qarşı inamsızlıq yaradır və bu, son nəticədə məhsulların alınmama riskini artırır. Başqa sözlə, bu video nəticəsində iddiaçınnın işgüzar nüfuzu ləkələndiyindən Cəmiyyətə zərər vurulmuşdur və bu zərərin əvəzi X3 tutulmalıdır. Məhkəmə bu zərərin məbləğini 5000 manat həddində dəyərələndirir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, belə tələblər yalnız, müxtəlif orqanlara müraciət olunmasının heç bir əsası olmadığı, hüququn və qanunla qorunan maraqların müdafiəsi məqsədi ilə deyil, yalnız başqa şəxsə ziyan vurmaq məqsədilə müraciət edildiyi, yəni hüquqdan sui-istifadə olunduğu müəyyən edildiyi halda təmin oluna bilər; çünki istənilən subyektiv hüququn hüdudları vardır. İstənilən subyektiv hüququn ayrılmaz xassəsi subyektiv hüququn məzmununa və onun həyata keçirilmə üsuluna aid olan müəyyən sərhədlərin olmasıdır. Subyektiv mülki hüququn xarici və daxili həyata keçirilmə sərhədlərinin yoxluğu onu özbaşınalığa çevirir, buna görə də hüquqdan sui-istifadənin hüquqi mahiyyəti obyektiv olaraq subyektiv mülki hüququn özünün nəzəri konsepsiyasından birbaşa asılıdır. İctimai münasibətlərin mülki-hüquqi tənzimlənməsinin əsas etibarilə dispozitiv təmayüllü olmasına baxmayaraq, belə azadlıq imperativ hüquq normalarının köməyi ilə əmlak dövriyyəsinin digər iştirakçılarının subyektiv maraqlarının sərhədini tanımalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində də təsbit edilmişdir ki, hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Hüquqdan sui-istifadə (lat.aemulatio) vətəndaşların öz hüquqlarından hüququn təyinatına zidd şəkildə, yolverilməz üsullarla istifadə etməsi şəklində xüsusi hüquqi davranış növüdür ki, bunun da nəticəsində cəmiyyətə, dövlətə, konkret şəxsiyyətə zərər vurulur. Beləliklə, hüquqdan sui-istifadə olunması hüququn başqa şəxsə ziyan vuran yolverilməz konkret davranışda təzahür edən və yaxud özgəsinin hüququ üçün təhdid yaradan anormal (faydasız, qeyri-adi, zərərli,) həyata keçirilməsi deməkdir. Bir qayda olaraq, hüquqdan sui-istifadə subyektiv hüquqdan bu hüququn sərhədlərini pozmaqla istifadə etməkdir. Subyektiv hüququn qanunla müəyyən olunmuş təsir hüdudlarından kənara çıxma müəyyən hüquqi nəticələrə gətirib çıxarır, bir şərtlə ki, səlahiyyətli hüquqmühafizə orqanları bu faktı müəyyən etmiş olsun. Hüquqdan sui-istifadə kompleks hüquqi hadisə kimi qəbul olunmalıdır. Bir tərəfdən, bu hüquqi məhdudiyyət subyektiv mülki hüquqdan sui-istifadənin qadağan olunması şəklində yaradılmış hüquqi tənzimləmə elementidir. Bu qadağanın məzmunu heç nəyə baxmayaraq baş verməsi mümkün olan müəyyən davranış variantının hüquqi cəhətdən yolverilməzliyini göstərir. Mülki hüquqda bu hüquqi məhdudiyyət hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi şəklində öz ifadəsini tapır. Digər tərəfdən, bu fenomenin hüquqi təbiəti hüquqdan sui-istifadənin subyektiv mülki hüquq məhdudiyyətlərinə aid olunmasına dəlalət edir. Son kontekstdə hüquqdan suiistifadə mülki hüquq subyektinin sosial və hüquqi məhdudiyyəti (buraya əxlaqi və hüquqi prinsipləri də aid etmək olar) subyektiv dərk etməsinə uyğun olaraq öz xüsusi hüquqi marağının təmin olunması üçün mülki hüququnu həyata keçirmə variantını seçərkən, yol verilən hərəkət sərbəstliyinin həddi rolu oynayır. X4 verdiyi məlumatları təsdiq edən hər hansı mötəbər sübut iş materiallarında mövcud deyildir, bu baxımdan həmin müraciət söz azadlığının predmeti kimi qəbul edilə bilməz. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, qeyd edilən video məlumatlar həqiqətə uyğun olmayan hesab edilməklə təkzib edilmə öhdəliyi “Bakunews.az” xəbər portalının təsisçisi Cavabdeh3 üzərinə qoyulmalı, Cavabdeh1 isə işgüzar nüfuzu ləkələdiyinə görə 5000 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməli, məhkəmə xərcləri iddiaçıya aid edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "Baku_news_az" "Tiktok" SOSşəbəkəsində “Ovçular ət və ət məhsullarının qanunsuz tələblərin icra etməyən elmlər namizədi biabırçı şəkildə qanuna uyğunsuz addımlarla işdən azad edilir” başlıqla verilmiş video məlumatlar “Bakunews.az” xəbər portalı və "Baku_news_az" öz tik tok şəbəkəsində həqiqətə uyğun olmayan məlumatlar hesab edilərək təkzib olunması öhdəliyi “Bakunews.az” xəbər portalının təsisçisi Cavabdeh3 üzərinə qoyulsun. Cavabdeh1 zərərin əvəzi kimi 5000 manat pul tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4120/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4120/2023
28.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver