Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4135/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə1 Novruz oğlunun, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi vəsaiti hesabına alınmış Xırdalan şəhəri, T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi ayış evinin (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) mülkiyyət hüququnun tanınması, həmin evə köçürülməyi barədə qətnamə, Xırdalan şəhəri T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi yaşayış evinin (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz ilkin Dövlət Reyestrindən Çıxarış qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2021) üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1960-cı il tarixində anadan olmaqla ünvan 1 ünvanda yerləşən bir otaqlı yaşayış evində yaşayan zaman Cavabdeh kirayəçi qismində evində qalmışdır. Qartal özlüyündə yaxşı insan olmasa da, ona öz övladı kimi baxmışdır. Hər ay aldığı 300 manat təqaüdünün yarısını və Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi, ev 21, mənzil 8-dən aldığı 250 manat kirayə pulunu ona vermişdir. Qartal özünü yaxşı insan kimi aparmış, onu inandırmişdir. Gələcəkdə qohumları o öləndən sonra Qartaldan mülk tələb etməsinlər deyə, Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi, ev 21, 8 saylı mənzili xx.xx.2021-ci il tarixdə 43.000 manata sataraq təxminən 10 gündən sonra Xırdalan şəhəri, T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü birmərtəbləi evi əvvəlki sahibi Cəlal adlı şəxsə 32.000 manat pul verərək notariat kontorunda bağlanmlış müqaviləyə əsasən Qartalın adına rəsmiləşdirərək almışdır. Həmin evi kirayəyə verərək yenə də Qartal ilə birlikdə yaşamağa davam etmişdir. Bir qədər sonra Qartal evlənmək və dişlərini təmir etmək üçün həmin puldan 7200 manat əlavə xərclər üçün Qartala vermişdir. Qatral evlənmiş və Xırdalan şəhəri, T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü bir mərtəbəli evə köçmüş və 10 gündən sonra onu də oraya aparmışdır. O, Qartal üçün elçi getmişdir, onu evləndirmiş və evinə köçürmüşdür. Bir qədər sonra Qartalın ona münasibəti dəyişmiş, onu ruhi əsəb dispanserinə yerləşdirmək istəmiş, lakin qohumlarının köməyi ilə onun əlindən qurtulub kirayəyə verdiyi evə köçüb yaşamağa başlamışdır. Cavabdeh onu ömürlük saxlamaq adı ilə evini onun adına rəsmiləşdirilməsinə söz versə də, buna əməl etməmişdir. Ona ğörə də məhkəmədə daşınmaz əmlakın alqı-satqısına dair müqavilənin etibarsız hesab olunması, mülkiyyət hüququnun tanınması və ya evin alınmasına ödənilmiş 32.000 manat, təmirinə 12.000 manat sərf olunmuş pulun alınaraq ona verilməsinə dair iddia tələbi verməli olmuşdur. Sosial şəbəkələrdə verilən elandan ona aydın olmuşdur ki, Cavabdeh evi təcili olaraq ucuz qiymətə satmaq istəyir. Hətta bu barədə elan vermişdir. Evi satandan sonra ona bu hal məlum olumuşdur. Dərhal Abşeron rayon Məhkəməsinə ərizə verərək MTT kimi evin üzərinə həbs qoydurmuşdur. Onun iddia tələbi üzrə çıxarılcaq qətnamənin icrasının mümkünsüz olacağını və hüquqlarının qorunmasının mümkünsüz olacağını nəzərə alaraq mübahisə predmeti olan Xırdalan şəhəri, T.Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü bir mərtəbəli evin üzərinə həbs qoyulmalıdır. Xırdalan şəhəri T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi yaşayış evinin (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmalkın Dövlət reyestrindən Çıxarış qeydiyyat nömrəsi **********,qeydiyyat tarixi xx.xx.2021) fərdi yaşayış evinə mülkiyyət hüququ tanınmalı, həmin evə köçürülməyi barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdil. O, bildirdi ki, cavabdehin qardaşı Cavabdeh onun yanında kirayə qalmasını xahiş etmiş, o da razılaşmışdır. Əvvəl ondan 100 manat kirayə pulu almış, 1 ildən sonra təmənnasız yanında yaşamasına icazə vermişdir. O, həmçinin pensiyasını və kirayədən əldə etdiyi pulları da cavabdehə vermişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 Novruz oğlu iddia tələbini müdəfiə edərək, onun təmin edilməsini xahiş etdi. O, bildirdi ki, cavabdeh iddiaçının etibarından sui-istifadə etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə2 iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. O, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ümumi sahəsi 0.0093 ha olan torpaq sahəsi həmin tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPİ-nin cinayət işi başlanılmasının rədd edilməsi haqqında 25 mart 2024-cü il tarixli qərarından görünür ki, Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, ona iddiası ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın təsviri hissəsindən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, o, İddiaçı tanıyır. O, 2020-cı ilin əvvəllərindən İddiaçı ünvan 2 ünvanında yerləşən evinin bir otağında kirayədə yaşamışdır. Həmin vaxtdan o, İddiaçı tək yaşamasını, qohumlarının komək etməməsini və xəstə olmasını görmüşdur. 1 nəfər qadın müqavilə ilə həftədə 2 dəfə gəlib İddiaçı qulluq edirmiş. O, orada yaşadığı müddətdə İddiaçı onunla səmimi münasibət yaratmış və onu övladı gözündə gördüyünü ona baxıb qulluq etməyini, öləndə də evinin onun adına keçməsinə görə vəsiyyətnamə verəcəyini bildirmişdir. O, İddiaçı ilə razılaşmışdır. Elə həmin vaxtdan etibarən o, İddiaçı evində yaşayaraq yeməyi bişirmiş paltarlarının və evinin təmizliyini etmişdir. Xəstəliyi ilə əlaqədar İddiaçı müalicəsi üçün zəruri olan dərmanları almışdır. 2021-ci ilin aprel ayında İddiaçı ünvan 3 ünvanında yerləşən evini satmaq istədiyini bildirmişdir. Səbəb kimi isə evi kirayəyə verdiyi oğlanların ora yüngül həyat tərzi keçirən qadınlar gətirməsi ilə əlaqələndirmişdir. Həmçinin Həmidə adlı qadının İddiaçı evi satmaq barədə məsləhət verdiyini bildirmişdir O, İddiaçı etiraz etməmişdir. Həmin evi İddiaçı 44000 (qırx dörd min) manata satmışdır. Həmin puldan ona 2000 manat yarımçıq qalmış təhsilini bərpa etmək 500 manat isə dişlərinin müalicəsi üçün hədiyyə vermişdir. O, təhsilini bərpa edə bilmədikdə isə 2000 manat məbləğində pulu ona qaytarmaq istəmişdir. Lakin, İddiaçı həmin pulu ona ana hədiyyəsi kimi vediyini demiş və pulu götürməmişdir O, həmin pulu İddiaçı məişət xərclərinə sərf etmişdir. Həmin ərəfələrdə Abşeron rayonu Xırdalan şəhəri, Tofiq Bayramov küçəsində üç otaqlı ev almışdır. İddiaçı ilə yaşadığı üçün həmin evi müvəqqəti yaşaması üçün qardaşı X2 vermişdir. Həmin müddət ərzində İddiaçı ona evlənməyi, ailə qurmağını birlikdə yaşamalarını təklif etmişdir. O, İddiaçı ilə razılaşmışdır Hətta İddiaçı onunla birlikdə bir neçə yerə elçiliyə getmişdir. Sonda hal-hazıra həyat yoldaşı olan X4 ilə evlənməyinə razılıq almaq üçün İddiaçı və bacısı Aynur Səmədova ilə birlikdə elçiliyə getmişdir. Onların evlənməyinə razılıq əldə olunmuş və onlar birlikdə İddiaçı məxsus olan ünvan 4 ünvanında yerləşən evinə getmişdirlər. Bundan sonra X5 ona, bildirmişdir kı, Təranə onun evində yaşmasını və ona qulluq etməsini təklif etmiş və ailə həyatı qurmaq istədiyi qadını bəyənmədiyini onunla eyni evdə yaşaya bilməyəcəyini demişdir Həmin vaxt o, İddiaçı əhəmiyyət verməmişdir. 2023-cu ilin aprel ayında o, evlənmiş və 28 aprel 2023-cü il tarixdən ailəsi ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri, Tofiq Bayramov küçəsində yerləşən 3 otaqlı, kürsülü birmərtəbəli evə köçmüşdür. İddiaçı isə 2023-cü ilin iyun-iyul aylarında onun yaşadığı evə gəlmiş öz yaşadığı evi isə kirayəyə vermişdir. Təxminən 10 gun sonra isə İddiaçı onların həyat tərzi ilə uyğunlaşa bilməmişdir. Belə kı onlar evdə hər musiqiyə qulaq asmadıqlarına, televizora çox baxmadığlarına yad insanlara o cümlədən İddiaçı özünə də "naməhrəm" yəni öz ailəsindən olmayan kimi baxdıqlarına görə Təranə narahat olduğunu demiş və öz yaşadığı evə getmək istədiyini, onunla olan razılığını pozduğunu, evini ona vəsiyyət etməyəcəyini bildirmişdir. O, israrala İddiaçı evdə qalmasını, normal qulluq etdiklərini izah etsə də, Təranə onunla razılaşmamış və getmışdir. O, bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şahəri Tofiq Bayramov küçəsində yerləşən 3 otaqlı kürsülü birmərtəbəli evi öz şəxsi vəsaitilə almışdır. Həmin evi ona heç kim o cümlədən İddiaçı verməmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında ana-oğul münasibətləri olmuş, şifahi razılığa əsasən cavabdeh iddiaçıya ölənə qədər baxmağı, iddiaçı isə adına olan evi ona vəsiyyət edəcəyi barədə razılaşmışlar. Sonradan onların arasında olan münasibətlər pozulmuşdur. Hazırda iddiaçı onun şəxsi vəsaiti hesabına alınmış Xırdalan şəhəri, T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi ayış evinin (Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən Çıxarış qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021) mülkiyyət hüququnun tanınması, həmin evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçı Xırdalan şəhəri, T.Bəhramov küçəsində yerləşən 3 otaqlı kürsülü bir mərtəbəli fərdi yaşayış evinin onun vəsaiti hesabına alınmasını iddia etsə də, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir. İddia tələbinin əsasını təşkil edən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmalkın Dövlət Reyestrindən Çıxarış qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış fərdi yaşayış evinə deyil, torpaq səhəsinə verilmişdir. Həmçinin həmin torpaq sahəsinin onun vəsaiti hesabına alınmasına dair heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı hazırki tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin iddia tələbinin digər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının mübahisə predmeti olan əmlak üzərinə həbs qoyulması barədə xahişi ayrıca icraat qaydasında, müvvəqəti təminat tədbiri kimi baxıla bilər, ona görə də, iddia bu hissədə də, təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması və mənzilə köçürmə tələbi barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-4135/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4135/2024
21.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver