Məhkəmə qərarları › İş №e-2(012)-4165/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4165/2025

29.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4165/2025 29.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin növünün dəyişdirilərək artırılması və uşağın təhsil haqqının alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin növünün dəyişdirilərək artırılması və uşağın təhsil haqqının alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması, 25500 manat ödənilmiş təhsil xərclərinin ödənilməsi və hər növbəti təhsil ili üçün 7500 ABŞ dolları (ödəniş gününə müəyyən edilmiş valyuta kursuna müvafiq olaraq Azərbaycan Respublikası manatı ilə) təhsil haqqının İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə iddiaçının vəkili-nümayəndəsi Nümayəndə elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş hissəsinin “Abşeron Rayon Məhkəməsinin 2(012)-3119/2018 nömrəli məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin dəyişdirilməsi, Cavabdeh yetkinlik yaşına çatmayan 02 mart 2017-ci il təvəllüdlü X1 üçün hər ay qazancının dörddə bir hissəsi miqdarında aliment tutulması, 2023-2024-ci tədris ili üzrə 7500 ABŞ dollar, 2024-2025-ci tədris ili üzrə 7500 ABŞ dollar, 2025-2026-cı ili üçün 9200 ABŞ dollar, ümumilikdə 24200 ABŞ dollar (ödəniş gününə müəyyən edilmiş valyuta kursuna müvafiq olaraq Azərbaycan Respublikası manatı ilə) təhsil haqqının İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə birgə nikah dövründə xx.xx.2017-ci ildə bir övladı X6 doğulmuşdur. Tərəflərin arasında olan nikah xx.xx.2018-ci il tarixdə ləğv edilmişdir. Yetkinlik yaşına çatmayan uşaq iddiaçının himayəsində olmaqla onun yanında yaşayır. Cavabdeh uşağın maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. Cavabdeh "xxxx" MMC-də direktor müavini vəzifəsində işləyir və yüksək əməkhaqqı alır, həmçinin başqa gəlirləri vardır. xx.xx.2017-ci il tarixli X3 təhsil alınması üçün iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” 104 nömrəli Müqavilə bağlanmışdır. Müqaviləyə görə iddiaçı cavabdehlə birgə nikahdan olan qızları X3 təhsilinə görə hər il 7500 ABŞ dolları təhsilhaqqı ödəyir. İddiaçı həmin təhsil müəssisəsinə 2 illik təhsil haqqı olaraq 15000 ABŞ dolları, yəni 25500 manat pul ödəmişdir. Bundan əlavə hər il 7500 ABŞ dolları məbləğində təhsil haqqı ödəniləcəkdir. Buna görə cavabdeh qızı - X3 təhsil haqqı xərci olaraq 25500 manat iddiaçıya ödəməli və hər təhsil ili üçün 7500 ABŞ dolları ödəməlidir. İddia ərizəsinə əlavə edilən mediator X7 xx.xx.2025-ci il tarixli, MŞB/16/2025-00634 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışa əsasən Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 11:00-11:30 saatlarında keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya dair xərci ödəmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbini alimentlə bağlı hissədə qəbul edir, lakin əlavə pul vəsaitlərinin tələb edilməsini qanunsuz hesab edir. Alimentlə bağlı məhkəmə qətnaməsi var. Cavabdeh MMC-də işləyir, əməkhaqqı məbləği təxminən 2000-3000 manat təşkil edir. Uşaqla cavabdeh arasında əlaqə olmamış, bununla belə indiyədək bütün alimentlər ödənilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -xx.xx.2017-ci il tarixli, AZ-İİİ 932406 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1712 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, anası X5, atası Cavabdehdur. -xx.xx.2018-ci il tarixli, AZ-İ 302277 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 313 nömrə ilə qeyd edilmişdir. -Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3119/2018 saylı qətnaməsində görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X5 arasında 19 mart 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində bağlanmış və 62 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olan 02 mart 2017-ci il təvəllüdlü X6 anası X2 yanında saxlanılması və Cavabdeh 02 mart 2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 05 aprel 2018-ci il tarixdən başlayaraq hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. -"xxxx" Ümumi Təhsil Müəssisəsi MMC və İddiaçı arasında bağlanılmış “Təhsil Xidmətlərinin Göstərilməsi Haqqında” xx.xx.2023-cü il tarixli, 104 saylı müqavilədən görünür ki, İddiaçı övladı X3 2024-2025-ci illər üzrə təhsil haqqı məbləği olan 6000 (altı min) manat pulu "xxxx" Ümumi Təhsil Müəssisəsi MMC-nin bank hesabına ödəmişdir. -“Elektron Məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Cavabdeh "xxxx" MMC-də müəssisə direktoru vəzifəsində işləyir, rəsmi əməkhaqqı məbləği 5000 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun: 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, cavabdehin razılığını, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda iddiaçı hər ay 154 manat miqdarında aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 1.2.5-ci bəndinə əsasən 1.2.3-cü bəndinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınının 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilmişdir: “Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli qərarının 1.2.5-ci bəndinə əsasən “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarınının 8.14-cü bəndində “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilməsi qərara alınmışdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin növünün dəyişdirilməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda birgə nikahdan doğulmuş Nigar adlı uşağın saxlanması üçün kifayət etmədiyini iddia edir. Birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsindədir və onun maddi ehtiyacları artmaqdadır. İddiaçı alimentin miqdarının sabit məbləğdə deyil, cavabdehin aylıq gəlir və qazancının ¼ hissəsi miqdarında artırılmasını tələb edir. Məhkəmə Nigar adlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün halhazırda minimum yaşayış həddinin məbləğini, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarını, həmçinin cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, iddia alimentin növünün dəyişdirilərək artırılması hissəsində təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3119/2018 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin növü dəyişdirilməli, hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli məhkəməyə müraciət edildiyi tarixdən, xx.xx.2025-ci ildən hesablanmalıdır. Məhkəmə hesab edir ki, əvvəlki qaydada tutulan aliment miqdarı uşağın tələbatlarının ödənilməsinə kifayət etmədiyi və uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğu üçün alimentin növü dəyişdirilərək cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında tutulmalıdır. Bundan əlavə məhkəmə iddianın 2023-2024-ci tədris ili üzrə 7500 ABŞ dollar, 2024- 2025-ci tədris ili üzrə 7500 ABŞ dollar, 2025-2026-cı ili üçün 9200 ABŞ dollar, ümumilikdə 24200 ABŞ dollar təhsil haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində qeyd edir ki, Azərbaycan Respublikasında icbari təhsil pulsuzdur və dövlət tərəfindən təmin edilir. Özəl müəssisələr isə valideynin (iddiaçının) şəxsi seçimi olmaqla şəxsi qərarına əsaslanır. Bu baxımdan cavabdehdən həmin məbləğin tələb olunması əsassız olduğundan iddia həmin hissədə təmin edilməməlidir Belə ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Təhsil cəmiyyətin və dövlətin inkişafında mühüm rol oynayan, strateji əhəmiyyəti ilə fərqlənən fəaliyyət sahəsidir. Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Belə ki, Konstitusiyanın 42-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. “Təhsil haqqında” Azərbaycan Respublikasının 2009-cu il 19 iyun tarixli Qanununun (bundan sonra - “Təhsil haqqında” Qanun) 19.4, 19.14 və 19.18-ci maddələrinə əsasən, Azərbaycan Respublikasında ümumi təhsil ibtidai təhsil, ümumi orta təhsil və tam orta təhsildən ibarətdir, ümumi orta təhsil icbaridir. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Dövlət təhsil müəssisələrində tam orta təhsil pulsuzdur. Ailə Məcəlləsinin 58.4-cü maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. “Uşaq hüquqları haqqında” Qanunun 22-ci maddəsi uşaqların icbari ümumi orta təhsildən yayındırılmasını qadağan edir. Valideynlərin uşağın təhsilində iştirakı ilə bağlı hüquqları və vəzifələri “Təhsil haqqında” Qanunda da göstərilmişdir. Həmin Qanunun 34-cü maddəsinə görə valideynlərin aşağıdakı hüquqları vardır: uşaqları üçün təlim-tərbiyə müəssisəsini seçmək, uşağının tərbiyəsi və təhsili ilə bağlı dövlət orqanlarına müraciət etmək, təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək və s. Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Göründüyü kimi, valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda, Mülki Prosessual qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni (1250 (5000 manatın ¼ hissəsii) – 154 = 1096 manat, 1096 manat x 12 ay = 13152 manat) ödənilməli olan 129.46 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Beləliklə, məhkəmə şərh olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3119/2018 saylı qətnaməsi ilə tutulan alimentin növü dəyişdirilməli, xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment cavabdehdən tutularaq İddiaçı ödənilməli, Cavabdeh tutulan alimentin növünün dəyişdirilməsinin əvvəli ərizə verildiyi xx.xx.2025-ci il tarixdən hesablanmalı, ödənilməli olan 129.46 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-3119/2018 saylı qətnaməsi ilə tutulan alimentin növü dəyişdirilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment cavabdehdən tutularaq İddiaçı ödənilsin. Cavabdeh tutulan alimentin növünün dəyişdirilməsinin əvvəli ərizə verildiyi xx.xx.2025ci il tarixdən hesablansın. Ödənilməli olan 129.46 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar