Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-419/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “təhsil haqqının” tutulması tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə görə 2022-2023-cü təhsil ili üzrə 500 manat təhsil haqqı, 840 manat servis xidmətləri üzrə borc və 2023-2024-cü təhsil ili üzrə 8500 manat təhsil haqqı olmaqla, ümumilikdə 17040 manat məbləğində təhsil haqqı borcu və ona uyğun hesablanmış 12470 manat dəbbə pulu borcu, 179 manat dövlət rüsumu, yekunda 29689 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 21810 manat borc, ona uyğun ödənilmiş 155 manat dövlət rüsumu olmaqla, cəmi 21965 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X2 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli müqavilə üzrə illik təhsil haqqı 7500 manat, xx.xx.2023-cü il tarixli müqavilə üzrə illik təhsil haqqının məbləği 8000 manat olmuşdur. Şagird 26 aprel 2024-cü il tarixədək Liseydə təhsil almışdır. 2023-2024-cü təhsil ili üçün təhsil haqqı məbləği müqavilə üzrə 8000 manat təşkil edir və həmin müqavilənin 6.4-cü maddəsinə əsasən müqaviləyə valideynin öhdəliklərini yerinə yetirməməsinə görə xitam verildikdə ödənilmiş təhsil haqqı geri qaytarılmır. Valideyn uzun müddət ödəniş həyata keçirməmiş, öhdəliyini yerinə yetirməmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə əsasən valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey Müqaviləyə birtərəfli qaydada xitam verə bilər. (Müqavilənin 6.3-cü maddəsi) Valideynin əsas təhsil haqqı üzrə 2022-2023-cü il üçün 500 manat, 2023-2024-cü təhsil ili üçün 8000 manat borcu qalmışdır. Digər bir tərəfdən cavabdeh 2022-2023-cü təhsil ili üzrə 7000 manat məbləğində ödəniş etmişdir ki, həmin ödənişlərlə bağlı çeklərin surəti cavabdeh tərəfdə mövcuddur. Həmçinin məhkəmənin nəzərinə çatdırırlar ki, hazırda tərəflərindən ödənilmiş vəsait mübahisələndirilmir. Cavabdehin 2022-2023-cü il üzrə 7500 manat illik təhsil haqqından 7000 manat ödəniş həyata keçirmiş olduğunu qəbul və etiraf edirlər. Hesab edirlər ki, sözügedən ödənişlərlə bağlı ödəniş çeklərinin işin mahiyyəti üzrə həll edilməsi üçün hər hansı sübuti əhəmiyyəti mövcud deyildir. Dəbbə pulu məbləği xx.xx.2022-ci il tarixli müqavilə üzrə 2022-2023-cü təhsil ili üçün hər gecikdirilən gün üzrə borc məbləğinin 2.0 faizi, xx.xx.2023-cü il tarixli Müqaviləyə görə isə 2023-2024-cü il üzrə gecikdirilən məbləğin 0.2 faizi olmuşdur. Dəbbə pulu hesablanarkən Lisey tərəfindən gecikdirilən məbləğin 0.2 faizi hesablanmışdır. Gecikdirilən təhsil haqqı borcu 8500 manatdan ibarət olmaqla iki ildən artıq müddətdə, yəni təqribən 733 gün müddətində gecikdirilmişdir. 8500 manatın 0.2 faizi 17 manat təşkil edir. Beləliklə, 733 gün üçün 17 manatdan hesablanmaqla dəbbə pulunun məbləği 12470 manatdan ibarətdir. Bununla yanaşı, şagirdə 2022-2023-cü təhsil ilində sentyabr-mart ayları ərzində servis xidmətləri göstərilmiş, servis xidmətinin aylıq qiyməti 120 manatdan ibarət olmuşdur. Valideyn tərəfindən həmin 7 ay üzrə də hər hansı ödəniş edilməmiş, nəticədə 840 manat miqdarında servis haqqı borcu ödənməmiş qalmışdır. Servis xidmətinin göstərilməsi ilə bağlı aralarında şifahi razılıq olmuşdur və Lisey faktiki olaraq həmin xidmətləri yerinə yetirmiş, cavabdeh isə bu xidmətlərdən yararlanmışdır. Bu, tərəflərindən məhkəməyə təqdim edilmiş ərizə ilə də sübut olunur. Həmin ərizədə cavabdeh təhsil borcu ilə yanaşı, servis xidmətlərinin göstərilməsinə görə 840 manat borclu olduğunu etiraf edir. AR Mülki Prosessual Məcəlləsinin 324.5-ci maddəsinə görə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Aydındır ki, tərəflərin iradə ifadəsinin mahiyyəti servis xidmətlərinin göstərilməsi olmuşdur. Beləliklə, valideynin İddiaçınə olan yekun borcu isə 2022-2023-cü il üzrə 500 manat, 2023-2024-cü il üçün 8000 manat əsas təhsil haqqı ödənişi, ona uyğun günlük 0,2 faiz dərəcəsindən hesablanmış 12470 manat miqdarında dəbbə pulu və 2022-2023-cü təhsil ili üzrə 840 manat servis borcu olmaqla, ümumilikdə, 21810 manat təşkil edir. İddiaçı tərəfindən valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunun ödənilməsini xahiş olunmuşdur . Bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair xəbərdarlıqlar ünvanlanmışdır. Lakin xəbərdarlıqlara baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Qeyd edilənlərə əsasən iddiaçı təşkilatın nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 12 sentyabr 2022-ci il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı Ümum Təhsil müəssisəsi (İddiaçı) ilə şagird X1 mənafeyini təmsil edən valideyn Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı Ümum Təhsil müəssisəsi (İddiaçı) şagird X2 rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn Cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən İddiaçı Ümum Təhsil müəssisəsi (İddiaçı) tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün 7500 manat təşkil edir. Valideyn Cavabdeh göstərilən təhsil haqqını köçürmə yolu ilə ödəməlidir. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı Ümum Təhsil müəssisəsi (İddiaçı) ilə şagird X1 mənafeyini təmsil edən valideyn Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən müqavilədə nəzərdə tutulmuş qaydada İddiaçı Ümum Təhsil müəssisəsi (İddiaçı) şagird X2 rus bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn Cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən İddiaçı Ümum Təhsil müəssisəsi (İddiaçı) tərəfindən bu müqavilə üzrə göstərilən xidmətlərə görə təhsil haqqı 1 tədris ili üçün 8000 manat təşkil edir. Valideyn Cavabdeh göstərilən təhsil haqqını köçürmə yolu ilə ödəməlidir. İş materiallarında olan 13 yanvar 2025-ci il tarixli, xx/xx-1763 nömrəli maliyyə arayışından görünür ki, valideyn Cavabdeh İddiaçınə olan borcu 2022-2023-cü il üzrə 500 manat, 2023-2024cü il üçün 8000 manat əsas təhsil haqqı ödənişi, ona uyğun günlük 0,2 faiz dərəcəsindən hesablanmış 12470 manat miqdarında dəbbə pulu və 2022-2023-cü təhsil ili üzrə 840 manat servis borcu olmaqla, yekun borcu ümumilikdə, 21810 manat təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci, 442ci, 445.2.1-ci və 448.1-ci maddələri təşkil edir. Məhkəmədə işin müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında 12 sentyabr 2022-ci il tarixli və 04 sentyabr 2023-cü il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələr imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İdrak” Liseyi ilə Cavabdeh ilə aralarında bağlanmış müqaviləyə görə sonuncunun iddiaçı təşkilata 2022-2023-cü təhsil ili üzrə 500 manat və 2023-2024-cü təhsil ili üzrə isə 8000 manat ödənilməmiş təhsil haqqı mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. 12 sentyabr 2022-ci il tarixli və 04 sentyabr 2023-cü il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələr üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış cərimə məbləğini Təhsil xidmətlərinin göstərilməsinə dair müqaviləyə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin 12 sentyabr 2022-ci il tarixli və 04 sentyabr 2023-cü il tarixli Təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələrə əsasən hesablanmış 12470 manat məbləğində cərimənin azaldılması cavabdehin maddi durumunu daha da yaxşılaşdıra biləcəyinə görə iddia tələbi qismən təmin edilərək cərimə pulu 200 manat məbləğində olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan əlavə məhkəmə iddia tələbinin 2022-2023-cü təhsil ili üzrə yaranmış 840 manat servis borcunun Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasında servis xidmətlərinin göstərilməsinin İddiaçı ilə Cavabdeh arasında olan şifahi razılığa əsaslandığını bildirmiş, həmçinin iddiaçı təşkilat tərəfindən məhkəməyə iddia tələbinin bu hissəsinin təmin edilməsinə əsas ola biləcək hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinin 2022-2023-cü təhsil ili üzrə yaranmış 840 manat servis borcuna aid hissədə təmin edilməsini mümkün hesab etmir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 155 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 62 manat cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2022-2023-cü il və 2023-2024-cü il üçün ödənilməmiş təhsil haqqına görə ümumilikdə 8500 manat, 200 manat dəbbə pulu və 62 manat dövlət rüsumu olmaqla, cəmi 8762 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi 2022-2023-cü təhsil ili üzrə yaranmış 840 manat servis borcunun Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməsi hissəsində rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-419/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-419/2025
03.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver