Məhkəmə qərarları › İş №e-2(012)-4237/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4237/2025

29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4237/2025 29.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə faktiki nikahdan olan övladları – xx.xx.2018-ci il tarixdə anadan olmuş X12 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər biri üçün 350 manat, cəmi 700 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2005-ci ilin mart ayında ailə qurmuş, rəsmi nikah qeyd etdirməsələr də, dini kəbin kəsdirmişlər. Bir neçə ay bundan əvvələ kimi cavabdehə məxsus Xırdalan şəhərində yerləşən mənzildə yaşamışlar. Faktiki nikahdan iki övladı - X12 17 mart 2018-ci il tarixdə, X10 isə 07 sentyabr 2019-cu il tarixdə anadan olmuşlar. Ailə qurduqdan sonra az bir müddət onların münasibətləri normal olmuş, lakin bir müddət sonra cavabdehin ona, ailə dəyərlərinə qarşı münasibəti dəyişmiş, daima ona şiddət göstərmiş, yerli-yersiz təhqirlərə məruz qoymuşdur. Cavabdehin ona və övladlarına qarşı normal olmayan, aqressiv, qeyri-adekvat münasibəti ailə münasibətlərinin bərpa edilməyəcək dərəcədə pozulmasına gətirib çıxarmışdır. Artıq xeyli müddətdir ki, cavabdehlə münasibətləri tamamilə kəsilmişdir. Hazırda övladları ilə birlikdə kirayədə yaşayır. Ayrı yaşadıqları müddətdə cavabdeh övladları ilə maraqlanmamış, onların maddi tələbatı üçün heç bir maddi köməklik göstərməmişdir. Faktiki nikahda olduqları dövrdə cavabdeh biznes, inşaat işləri və sair işlərlə məşğul olmuşdur. Rəsmi iş yeri olmasa da, kifayət qədər gəlirə malik olmuşdur. Cavabdehin Abşeron rayonu, Hökməli qəsəbəsində 7 sotun içində villası var. Bundan başqa villanın yanında 2 fərdi yaşayış evi tikərək kirayəyə vermişdir. Villanın darvazasının çöl tərəfində isə obyekt-mağazası fəaliyyət göstərir. Bundan əlavə münasibətləri pozulmamışdan əvvəl cavabdehin Xırdalan şəhərində onların yaşadıqları yeni tikilən binada 1 otaqlı mənzili var. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, tərəflərin birgə nikahdan 2 övladı var. Uşaqların maddi yardıma ehtiyacları var. Cavabdehin isə kifayət qədər gəliri var. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, o, 2-ci qrup əlildir, əmək qabiliyyəti yoxdur, səhhəti ilə bağlı heç yerdə işləmir. Yeganə gəliri 390 manat təqaüddən ibarətdir. Aliment ödəməkdən boyun qaçırmır, lakin imkan daxilində - təxminən bir uşağa 80 manat ödəmək iqtidarındadır. Ümumilikdə 8 övladı var, onlardan 1-i yetkinlik yaşına çatmış və ailəlidir, 5-i azyaşlıdır, 2-i isə tələbədir. Heç bir qadınla rəsmi nikahı yoxdur, lakin iddiaçı faktiki olaraq ikinci həyat yoldaşıdır. İddiaçı uşaqlara görüşməyə imkan vermir. Əlavə olaraq qeyd etmişdir ki, qarşı tərəf işləyir, həmçinin sosial yardım da alırdı. Keçən ay isə evdə yaşayan adam xanımın evdə yaşamadığına dair ərizə verdiyi üçün sosial yardımı dayandırılmışdır. Sosial yardım kartı cavabdehin adına olmuş, bir müddət cavabdehdə qalsa da, mütəmadi karta köçən məbləğləri iddiaçı almışdır. Hökməlidəki evində uşaqları yaşayır, arada onları görməyə gedir. İmkanı zəifdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, mülki iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, AZ-İ 352383 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə İddiaçı doğulmuş X4 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 111 nömrəsi ilə qeyd edilmişdir. -3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İ 379080 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmiş, bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 307 nömrəsi ilə qeyd edilmişdir. -3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018ci il tarixli, AZ-İV 099883 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2065 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019cu il tarixli, AZ-İV 346854 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 6378 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarılmış pensiya haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.2006-cı il tarixdən əlilliyə görə aylıq 393.34 manat məbləğində pensiya alır. -xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh ailə tərkibi xx.xx.1996-cı il təvəllüdlü X6, xx.xx.2002-ci il təvəllüdlü X11, xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X8, xx.xx.2020-ci il təvəllüdlü X9 ibarətdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair xx.xx.2025ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh ikinci dərəcəli əlilliyi olan şəxsdir, ona epilepsiya generalizə olunmuş qıcolma tutmaları və ağıl zəifliyi diaqnozu qoyulmuşdur, o, yüngül işlərdə işləyə bilər. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-207/2025 saylı qərardadından görünür ki, ərizə qismən təmin edilmiş, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul olunanadək tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. ”Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Həmin Qanunun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilməsi, 1.2.8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4- 3-cü yarımbəndlər “8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirləri əlavə edilməsi qərara alınmışdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il Qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişikliklər edilməsi, 1.2.8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4- 3-cü yarımbəndlər “8.4-1-ci bəndində qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirləri əlavə edilməsi qərara alınmışdır Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və uşağın saxlanması ilə bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından – uşaqların saxlanması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)- 207/2025 saylı müvəqqəti təminat tədbiri barədə qərardadı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Odur ki, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddia qismən təmin edildiyi üçün iddia tələbi üzrə ödənilməli olan 68 manat məbləğində dövlət rüsumu (400 manat x 12 ay) cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X2 üçün xx.xx.2025-ci ildən başlayaraq cavabdehdən iddiaçının xeyrinə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.5 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (sonrakı artımlar nəzərə alınmaqla) 0.5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentin hesablanması zamanı Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(012)-207/2025 saylı qərardadı nəzərə alınsın. Qətnamə dərhal icra edilsin. Ödənilməli olan 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar