Məhkəmə qərarları › İş №e-2(012)-4291/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4291/2022

05.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4291/2022 05.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin təyin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 08 mart 2006-cı il təvəllüdlü X4, 01 yanvar 2008-ci il təvəllüdlü X3 və 09 sentyabr 2009-cu il təvəllüdlü X1 yetkinllik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 579 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında göstərdi ki, o, Cavabdeh ilə 15 dekabr 2005-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahlarından 08 mart 2006-cı il təvəllüdlü X4, 01 yanvar 2008-ci il təvəllüdlü X3 və 09 sentyabr 2009-cu il təvəllüdlü X2 dünyaya gəlmişdir. Cavabdehlə aralarında olan münasibətlər pozulmuşdur və hazırda ayrı yaşayırlar. Cavabdeh öz anası ilə birlikdə Yardımlı rayonunda yaşayır. Cavabdehin aylıq əmək haqqısı 700-800 manat təşkil edir və 300 manat pensiya alır. O isə 450 manat maaş alır, lakin bu məbləğ üç uşağın saxlanılması və gündəlik ehtiyacların ödənilməsi üçün kifayət etmir. Odur ki, o, iddia ərizəsində hər ay hər uşağa görə 193 manat aliment tələb etsə də, hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat alimentin tutulmasına razıdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, övladlarına görə o, iddiaçı ilə barışmağa cəhd etsə də, heç bir nəticəsi olmamışdır. O, ana dili və ədəbiyyat müəllimi işləyir. Həmçinin gözündə əlilliyi olduğu üçün 300 manat pensiya alır, lakin pensiya kartının müddəti 2 il sonra qurtaracaqdır. Bundan əlavə o, kredit ödəyir. İddiaçı da işləyir və aylıq əmək haqqısı 600 manatdır. Odur ki, o, hər ay hər uşağa görə 130 manat məbləğində aliment ödəməyə razıdır. İş materiallarında olan Yardımlı Rayon Şıxlar Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 204634 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında 15 dekabr 2005-ci il tarixli, 06 saylı nikah bağlanmışdır. İş materiallarında olan Yardımlı Rayon Şıxlar Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 726893 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X4 08 mart 2006-cı ildə Yardımlı rayonu, Şıxlar kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Yardımlı Rayon Şıxlar Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 992922 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X3 01 yanvar 2008-ci ildə Yardımlı rayonu, Bərcan kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Yardımlı Rayon Şıxlar Ərazi Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 347921 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X2 09 sentyabr 2009-cu ildə Yardımlı rayonu, Bərcan kəndində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə alimentin miqdarı ilə bağlı qeyd edir ki, hər ay hər uşağa görə 150 manat alimentin təyin edilməsinə razı olması barədə iddiaçının məhkəmədə verdiyi izahatı və bundan əlavə uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsi nəzərə alınmaqla məhkəmə cavabdehdən tutulacaq alimentin sabit pul məbləğində müəyyən edilməsi və alimentin miqdarı ilə bağlı 150 manat həddində müəyyən edilməsi nəticəsinə gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ona görə məhkəmə hesab edir ki, aliment xx.xx.2022-ci ildən tutulmalıdır. Məhkəmə dövlət rüsumu ilə bağlı hesab edir ki, dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə İddiaçı dövlət rusumunu ödəməkdən azad edildiyindən, Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə əsasən 74 (yetmiş dörd) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, 08 mart 2006-cı il təvəllüdlü X4, 01 yanvar 2008-ci il təvəllüdlü X3 və 09 sentyabr 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Cavabdeh 74 (yetmiş dörd) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Aliment dərhal icraya yönəldilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar