Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4389/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh və onun vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment və maddi yardım tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər uşağa görə hər ay 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin, xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşı tamam olanadək, yəni xx.xx.2024-cü il tarixədək Cavabdeh hər ay sabit pul şəklində 200 manat məbləğində alimentin və X5 müalicə olunması üçün cavabdehdən hər ay sabit pul şəklində 300 manat məbləğində əlavə xərcin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 21 iyun 2018-ci il tarixdə Cavabdeh ilə Qəbələ Regional “ASAN” Xidmət Mərkəzində rəsmi nikaha daxil olmaqla ailə qurmuş və nikah 168 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki övladları var. Ər-arvad münasibətlərinə faktiki olaraq xitam verərək ayrı yaşadıqlarından və azyaşlı övladları onunla birgə yaşadıqları üçün uşaqların saxlanılması, eləcə də xx.xx.2021-ci il təvəllüdlü X6 üç yaşına çatandək saxlanılması üçün aliment ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Çünki Cavabdeh faktiki olaraq ona aliment ödəməkdən imtina etmişdir. X2 nitq inkişafı geriliyi və autizm xəstəliyindən mualicə olunur və onun hər ay mualicə və müayinəsi üçün 300 manat məbləğində vəsait tələb olunur. Cavabdeh X5 müalicəsi ilə əlaqədar yaranmış xərclərin ödənilməsi üçün əlavə xərclərə də cəlb olunmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. O bildirdi ki, cavabdeh fərdi sahibkardır, meyvə satışını təşkil edir. İddiaçı isə işləmir və uşaqlara baxır. Məhkəmə iclasında Cavabdeh və onun vəkili Vəkil2 iddia tələbini qismən qəbul etdilər. Cavabdeh bildirdi ki, birgə nikahdan doğulmuş uşaqların saxlanmaları üçün aliment ödəməyə razıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan AZ-İİ 243467 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 arasında nikah Qəbələ Regional “ASAN” Xidmət Mərkəzində nikahın bağlanması haqqında akt qeydləri kitabında 168 nömrəsi ilə 21 iyun 2018-ci il tarixdə qeydə alınmışdır. Nikahdan sonra arvada Musabəyli soyadı verilmişdir. İşdə olan AZ-İV 335904 və AZ-İV 727240 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 adlı iki uşaqları olmuşdur. İşdə olan diaqnostika barədə arayışlardan görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 “X4” müayinə olunmuşdur. İşdə olan ƏƏSMN 6 saylı DOST Mərkəzinin 07 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh mərkəzləşdirilmiş elektron informasiya sisteminin “əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İşdə olan bir sıra müayinə kartlarından görünür ki, Cavabdeh bir neçə dəfə ultrasəs müayinəsindən keçmişdir. "Uşaq hüquqları haqqında” Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 81-ci maddəsinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır. Lakin məhkəmə cavabdehdən Mələk adlı uşaq 3 yaşına çatana kimi hər ay 200 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə alimentin tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən Mələk adlı uşaq 3 yaşına çatana kimi hər ay 200 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən hər ay tutulan vəsaitin məbləği 50 manat məbləğində müəyən edilməlidir. Cavabdehin xəstəliklə bağlı xərclərə cəlb edilməsi barədə tələb isə əsassızdır, çünki iddiaçı Miral adlı uşağın ağır xəstəliyi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Təqdim edilmiş arayışlar isə azyaşlı Miralın ağır xəstə olmasını təsdiq edə bilməz, çünki bu arayışlar ixtisaslı tibbi qurum tərəfindən verilməmişdir. Alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2022-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh iki uşaq üçün hər ay cəmi 386 manat, o cümlədən Mələk adlı uşaq 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2021-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat, habelə xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulmalı və alimentin tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat, habelə xx.xx.2021-ci il təvəllüdlü X6 3 yaşına çatanadək saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tutulmasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4389/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4389/2022
28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver