Məhkəmə qərarları › İş №e-2(012)-4895/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4895/2024

15.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4895/2024 15.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının iştirakı ilə, İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının Cavabdeh qarşı alimentin müəyyən olunmuş məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı Cavabdeh qarşı alimentin müəyyən olunmuş məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, xx.xx.2024-cü il tarixdə iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş edirəm hissəsinin “Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 2374/2024 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması” kimi nəzərə alınmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin 2(012)-4026/2023-cü il tarixli qətnaməsinə əsasən xitam verilmişdir. Birgə nikahdan anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ilk olaraq 220 manat olmaqla, cəmi 660 manat, sonuncu Abşeron Rayon Məhkəməsinin 2(012)-2374/2024 saylı qətnaməsi ilə isə hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilmişdir. Qeyd olunan məhkəmələr gedişində məlum olmuşdur ki, cavabdeh X9 Mərkəzində direktor vəzifəsində çalışaraq 4760 manat rəsmi əmək haqqı alır. Bununla belə cavabdeh öz uşaqlarına olduqca biganə yanaşır. Hətta mediasiya prosesi zamanı cavabdeh iddiaçıya iddiaçı ərizəsindəki tələb olunan aliment məbləğindən 200 manat artıq aliment ödəyəcəyi təqdirdə iddiaçının iddia tələbini geri çəkməsini təklif etmişdir. İddiaçının hər 3 uşağı yaşça böyük olduqları üçün ehtiyacları artmış, bu baxımdan iddiaçı bir ana kimi övladlarının tərbiyəsi, qidalanması və digər ehtiyaclarını təkbaşına qarşılayarkən çətinlik çəkir. Odur ki, göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı övladları - xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 ilə birlikdə kirayədə yaşayır. Kommunal xərclərin təkbaşına ödənilməsi, uşaqların yaşı ilə əlaqədar təhsillə bağlı xərclərin artması səbəbindən iddiaçı uşaqlarına baxa bilmir. Bundan əlavə, böyük qızı - xx.xx.2015-ci il təvəllüdlü X2 anadangəlmə xəstə olduğu üçün dərmanlarına çoxlu miqdarda pul vəsaiti lazım olur. Beləliklə, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsinə əsasən 3 uşaq üçün müəyyən edilmiş 705 manat aliment məbləği uşaqların saxlanılması üçün kifayət etmir. Qeyd olunan qətnamə ilə alimentlə bağlı qərar çıxdıqdan sonra iddiaçıya cavabdehin maddi vəziyyətində, gəlirlərində dəyişikliklər olması, maaşının olduqca yüksək olması məlum olmuşdur. Ona görə də, aliment miqdarının dəyişdirilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Dediklərinə əsasən iddianın təmin edulməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirib məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı tərəfindən Abşeron rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizədən müəyyən olunur ki, iddia ərizəsinin xahiş edirəm hissəsinin “Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə təyin olunmuş aliment miqdarı dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulması barədə qətnamə çıxarılması” kimi nəzərə alınması məhkəmədən xahiş edilmişdir. -Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, AZ-İİ 257173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1787 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızıdır. -Abşeron rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZ-İİİ 263497 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 240 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızıdır. -2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2016cı il tarixli, AZ-İİİ 683784 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 118 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızıdır. -Abşeron rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 469028 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında bağlanmış nikah Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarına əsasən pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 530 nömrəsi ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Tomuyev, qadına Rəsulova soyadı verilmişdir. -Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsindən görünür ki, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə ödənilməsi qət edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksində dövlət qulluqçusu, məsləhətçi kimi fəaliyyət göstərir, rəsmi əmək haqqı 4624 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı və Tomuyev X3 rayonu, Masazır ərazi dairəsi, Masazır kəndi, İstiqlaliyyət küçəsi, ev 12, mənzil 14 ünvanda qeydiyyatdadırlar. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahından anadan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 iddiaçının himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.3. maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda 3 və daha çox uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının birgə nikahdan 3 övladı - xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X2 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin gəlir və qazancında dəyişiklik olduğundan, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə aliment miqdarı müəyyən edildikdən sonra cavabdehin maddi vəziyyətində, gəlirlərində dəyişiklik olmuşdur. Belə ki, hazırda Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “İstisu” Müalicə-İstirahət Kompleksində dövlət qulluqçusu, məsləhətçi kimi fəaliyyət göstərir, rəsmi əmək haqqı 4624 manat təşkil edir. Hazırkı şəraitdə birgə nikahdan olan uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını, eyni zamanda, müəyyən edilmiş aliment miqdarının cavabdehin gəlir miqdarına nisbətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, qət edilmiş aliment məbləği uşaqların saxlanması üçün yetərli hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, cavabdehin gəlir və qazancının dəyişməsini, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin artırılmış qiymətinə mütənasib olaraq, yəni, (2312-705=1607 manat, 1607 manat x 12 ay = 19284 manat) ödənilməli olan 147.85 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2374/2024 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Rəsulova (Tomuyeva) Samirə Eyvaz qızının xeyrinə hər ay cavabdehin qazancının (əmək haqqının) və başqa gəlirlərinin yarısı (50 %-i) məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Cavabdeh dövlət rüsumuna görə 147.85 (yüz qırx yeddi manat səksən beş qəpik) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar