Məhkəmə qərarları › İş №e-2(012)-5037/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5037/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5037/2025 24.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşaq üçün 280 manat məbləğində, cəmi 840 manat alimentin və ödənilmiş 60 manat mediasiya rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2007-cu il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq tamamilə kəsilmiş və o, boşanma üçün müraciət etmişdir. Nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-3163/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Ayrı yaşayırlar, yetkinlik yaşına çatmayan uşaqları isə analarının himayəsindədirlər. Cavabdeh onların maddi vəziyyəti ilə maraqlanmır, heç bir kömək göstərmir. İddiaçı qazancı ilə uşaqların təminatını ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı iştirak etdiyi məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il tarixdə X6, xx.xx.2015-ci il tarixdə X9 və xx.xx.2017-ci il tarixdə X7 adlı uşaqlar doğulmuşlar. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3163/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X2 ilə Cavabdeh arasında 10 avqust 2007-ci il tarixdə Bakı Şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsində bağlanmış 1143 saylı nikahın pozulması, 02 fevral 2012-ci il təvəllüdlü X6, 05 aprel 2015-ci il təvəllüdlü X9 və 14 mart 2017-ci il təvəllüdlü X4 anaları X1 yanında qalmaları qət edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər xx.xx.2007-ci il tarixdə nikaha daxil olmuşlar. Onların nikahı Abşeron Rayon Məhkəməsinin 2(012)-3163/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı övladlarının ananın yanında saxlanmaları qət edilmişdir. Hazırda iddiaçı üç övladına təkbaşına baxır. Cavabdeh uşaqlarına maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşaqların saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşaqların saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşaqların mənafeyi, iddiaçının mübahisə üzrə fikri nəzərə alınmalı və uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 mislində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsini məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 misli həddində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması məqsədilə hər ay hər uşaq üçün hər il sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0,5 misli həddində aliment xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar