Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5057/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəhimli Zərnişan Ağarəhim qızının katibliyi, İddiaçı və onun vəkili Nümayəndə1, Cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı qərarın etibarsız hesab edilməsi, ödənilməmiş əmək haqqının və əmək haqqının gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı ödənilməmiş əmək haqqı, mükafat və istifadə edilməyən məzuniyyətə görə pul və həmin vəsaitin gecikdirilməsinə görə ödəncin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqı, mükafat və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 9010 manat pulun və həmin pul vəsaitinin gecikdirilməsinə görə 15677 manat, cəmi 24687 manat məbləğində pul vəsaitinin Abşeron rayon Xırdalan Bələdiyyəsindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 05 dekabr 2022-ci il tarixindən 17 fevral 2025-ci il tarixədək X2 Xidmətində rəis vəzifəsində çalışmışdır. İşlədiyi müddət ərzində öz vəzifə səlahiyyətləri çərçivəsində qanunvericiliyə, Bələdiyyə Nizamnaməsinə və rəhbərliyin göstərişlərinə uyğun olaraq məsuliyyətlə fəaliyyət göstərmiş, xüsusi ilə əmlak və torpaq vergilərinin yığımı sahəsində sistemli və məqsədyönlü iş prinsipi tətbiq olunmuş, nəticədə əvvəlki illərlə müqayisədə bələdiyyə büdcəsinə daxilolmalar əhəmiyyətli dərəcədə artmışdır. Bütün bu əldə olunan nəticələrə görə, ona Abşeron rayon Xırdalan Bələdiyyəsinin kollegial qərarları ilə dövri mükafatlar təyin olunmuşdur. Mükafatlandırmalar Bələdiyyənin kollegial orqanı tərəfindən rəsmi iclas protokolları əsasında təsdiq olunmuş, həmin protokollar Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil edilmiş və hüquqi qüvvəyə minmişdir. Ona təyin olunmuş mükafatlar rəsmi əmək haqqı ilə birlikdə kartına köçürülmüş, lakin işdən çıxdıqdan sonra ona təyin olunmuş mükafatlar yeni seçilmiş Bələdiyyə sədri tərəfindən müxtəlif bəhanələr gətirilməklə ödənilməkdən imtina olunmuşdur. Bununla bağlı aidiyyatı orqanlara şikayət etmiş, şikayət əsasında araşdırma aparılmış və araşdırmanın nəticəsi olaraq ƏƏSMN yanında DƏMX Abşeron rayon Xızı regional şöbəsi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “əmək müqavilənizə xitam verilərkən, son haqq-hesabınız, işdən çıxdığınız sonuncu iş günü ödənilməmiş və işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83.2 və 172.4cü maddələrinin tələbləri pozulmuş və İXM-nin 192.4-cü maddəsinə əsasən X4 barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuş və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.”. Beləliklə, qeyd olunanlardan göründüyü kimi, Xırdalan Bələdiyyəsi tərəfindən ona qarşı qanunsuzluğa yol verilmiş, işdən çıxdığı gün son haqq-hesabı bu günə kimi ödənilməmişdir. Göstərilənlərə görə iddia təmin edilməlidir. Məhkəmə gedişində İddiaçı MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayon Xırdalan Bələdiyyəsindən ödənilməmiş əmək haqqına, mükafata və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 9010 manat və həmin pul vəsaitinin gecikdirilməsinə görə 15677 manat, İddiaçı tərəfindən hüquqlarının məhkəmədə müdafiə olunması üçün ödənilmiş 600 manat olmaqla, cəmi 25287 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə gedişində İddiaçı yenə də MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, ödənilməmiş əmək haqqı, mükafat və istifadə edilməyən əmək məzuniyyəti günlərinə görə 9010 manat, həmin pul vəsaitinin gecikdirilməsinə görə 15677 manat, hüquqlarının məhkəmədə müdafiə olunması üçün ödənilmiş 600 manat olmaqla, cəmi 25287 manat pulun Abşeron rayon Xırdalan Bələdiyyəsindən tutularaq ona ödənilməsi və Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 19 saylı iclasının 02 saylı qərarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2, habelə iştirak etdiyi məhkəmə iclasında Abşeron rayon Xırdalan Bələdiyyəsinin sədri Anar Abbasov iddianı qismən qəbul edərək, iddianın qismən təmin edilməsini xahiş etdilər. Nümayəndə2 qeyd etdi ki, Bələdiyyənin cavabdehə cəmi 3025,36 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 45 nömrəli xx.xx.2020-ci il tarixli əmrlə Abşeron rayon Xırdalan Bələdiyyəsinə Tikinti və Ərazi İdarəetmə şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmiş, xx.xx.2021-ci il tarixli 20 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilmiş, 124 nömrəli xx.xx.2022-ci il tarixli əmrlə Abşeron rayon Xırdalan Bələdiyyəsinə vergi xidməti orqanının rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2025-ci il tarixli 48 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, əlavə veriləcək məbləğ kimi 12010,36 manat hesablanmış, 3000 manat ödənilmiş, qalıq borc 9010,36 manat təşkil edir. İş materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 4 saylı protokolundan görünür ki, İddiaçı öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyinə görə fevral ayı üçün 7000 manat mükafat hesablanmışdır. İş materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 43 saylı əmrindən görünür ki, X2 orqanın rəisi İddiaçı öhdəliklərini yüksək səviyyədə yerinə yetirdiyinə və bələdiyyə büdcəsinin gəlirlərinin artırılmasına görə fevral ayı üçün 7000 manat mükafatın hesablanıb verilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN X6 Xidməti Abşeron Xızı X5 Tural Cəmil oğluna ünvanladığı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 329 saylı məktub və ona əlavə edilmiş sənədlərə baxış keçirilmiş, baxış zamanı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə qanunamüvafiq qaydada xx.xx.2025-ci il tarixdə xitam verildiyi, lakin son haqq-hesabın ödənilmədiyi müəyyən edilmiş, bununla bağlı Abşeron rayon Xırdalan Bələdiyyəsinin sabiq sədri X7 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 19 saylı iclasının 02 saylı qərarından görünür ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 4 saylı protokolunun 02 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 19 saylı protokolundan görünür ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli iclasının 4 saylı protokolunun 02 saylı qərarı ləğv edilmişdir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin məhkəməyə ünvanladığı məlumatdan və hesab cədvəlindən görünür ki, İddiaçı 2025-ci ilin 17 fevral tarixinə işlədiyi 11 iş gününə düşən 577,50 manat, son haqqı-hesab məbləği 6453,33 manat, ümumilikdə 7030,83 manat təşkil edir. Belə olduğu halda əmək haqqının hesablanması qaydası dəyişmiş, 7030,83 manat məbləği 10%, 3%, DSMF 0.5%, işçilik fondu 2%, icbari sığorta 1%, silahlı qüvvələr 1%, 1% YAP tətbiq olunduqda ümumi tutqu cəmi 1005,47 manat təşkil etmiş olur. Ümumi məbləğ olan 7030,83 manatın tərkibində hesablanmış 1005,47 manat çıxıldıqda işçiyə borc məbləğ 6025,36 manat təşkil edir. İddiaçı xx.xx.2025-ci ildə avans olaraq ödənilən 3000 manat hal hazırda borc olan 6025,36 manat məbləğlə əvəzləşdirilməsi nəzərə alınmaqla, işçiyə müəssisə tərəfindən qalıq borc məbləğ 3025,36 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinin tələblərinə görə hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hüququ vardır. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əmək Məcəlləsinin 143.1-ci maddəsinə əsasən, müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. Həmin Məcəllənin 143.2-ci maddəsinə əsasən, işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. Əmək Məcəlləsinin 144.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Əmək Məcəlləsinin 156.1-ci maddəsinə əsasən, əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir. Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü bəndinə əsasən əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Həmin maddənin 6-cı bəndinə əsasən mükafat - əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. Əmək Məcəlləsinin 172.1-ci maddəsinə əsasən, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172.2-ci maddəsinə əsasən, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172.3-cü maddəsinə əsasən, əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. Əmək Məcəlləsinin 172.4-cü maddəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək Məcəlləsinin 195-ci maddəsinin d) bəndinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq vermədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə Abşeron rayon X3 Xidməti Orqanının rəisi vəzifəsinə təyin edilmiş və xx.xx.2025-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 ”a” bəndinə əsasən, öz təşəbbüsü işdən azad edilmişdir. İddiaçı qeyd edir ki, ona cavabdeh təşkilat tərəfindən 2024-cü ilin fevral ayından xx.xx.2025-ci il tarixədək 12010,36 manat əmək əmək haqqı, məzuniyyət və mükafat pulu hesablanmış, həmin məbləğdən cəmi 3000 manat iddiaçının hesabına köçürülmüş, qalan 9010 manat pul ona ödənilməmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iddiaçıya Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 04 saylı protokolunun 02 saylı qərarı əsasında xx.xx.2025-ci il tarixli 43 saylı əmrlə hesablanmış 7000 manat mükafat Bələdiyyənin xx.xx.2025-ci il tarixli, 19 saylı iclasının 02 saylı qərarı ilə ləğv edildiyini, cəmi 6025,36 manat ödənilməmiş borcdan 3000 manat pulun iddiaçıya ödənildiyini və hazırda Bələdiyyənin iddiaçıya cəmi 3025,36 manat borcunun qaldığını bildirmiş və bu barədə zəruri olan sənədləri təqdim etmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən bu halları, habelə əmək haqqını vaxtında ödəməməsinin qanuni əsasını sübutetmə yükü cavabdehin üzərindədir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf əmək haqqından qalan 3025,36 manat məbləğin ödənilməməsini etiraf etmiş və bununla bağlı məhkəməyə sübutları təqdim etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı ona ödənilməli olan lakin ödənilməmiş qalan əmək haqqının ödənilməsini tələb etməkdə haqlıdır. İddiaçıya ödənilməli olan, lakin ödənilməyən əmək haqlarının məbləği isə İddiaçı hesabından çıxarışa əsasən cəmi 3025,36 manat təşkil edir. Ona görə də, iddiaçıya ödənilməmiş 3025,36 manat əmək haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əmək haqqının vaxtında verilmədiyi üçün hər gecikdirilmiş günə görə hesablanmış məbləğin ən azı bir faizi həcmində gündəlik ödəncin verilməsi ilə bağlı tələblər də əsaslıdır. Belə ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddənin “Qeyd” hissəsinə əsasən, bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. İddiaçıya ödənilməli olan 3025,36 manat əmək haqqının xx.xx.2025-ci il tarixdə verilməli olduğunu nəzərə aldıqda və həmin tarixdən iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixə, yəni 12 avqust 2025-ci il tarixə hesablandıqda müəyyən olunur ki, iddiaçıya ödənilməli olan əmək haqqı 174 gün gecikdirilmişdir. İddiaçının cavabdeh təşkilatda işlədiyi müddətdə ona ödənilməli olan əmək haqlarının gecikdirildiyini nəzərə alaraq və Əmək Məcəlləsinin 172 və 195-ci maddələrinə əsaslanaraq məhkəmə hesab edir ki, hər itirilmiş gün üçün əmək haqqının 1%-i həcmində ödənc hesablanmaqla, vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi cəmi 5264 manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmin məbləğ isə aşağıda göstərilən qaydada hesablanmışdır: 174 gün x 3025,36 manat = 526412,64 x 1% = 5264,12 manat; Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 3025,36 manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 5264,12 manat, pul vəsaiti cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsindən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 19 saylı iclasının 02 saylı qərarının etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən (fərdi əmək mübahisələri anlayışı) fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinin “d” bəndinə əsasən (fərdi əmək mübahisələrinin predmeti) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsinin və hesablanmasının, yaxud ödənilməsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Maddənin 2-ci bənidən əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. “Bələdiyyələrin statusu haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə formasıdır. Bələdiyyənin öz mülkiyyəti və yerli büdcəsi olur və o, Azərbaycan Respublikasının Konstitusiyası ilə və bu qanunla səlahiyyətlərinə aid edilmiş yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edir. Bələdiyyələr bərabərlik əsasında qurulur və fəaliyyət göstərirlər. Qanunun 36.1-ci maddəsinə əsasən bələdiyyələrin digər hüquqi və fiziki şəxslərlə münasibətləri müqavilələr əsasında qurulur. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunun 8-ci madəsinə əsasən yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır. Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əmək haqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz. Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər. Məhkəmə qeyd edir ki, bələdiyyələr hüquq subyekti olaraq iştirak etdiyi münasibətlərdə öz adından iştirak edir. İddiaçının etibarsız hesab edilməsini iddia etdiyi xx.xx.2025-ci il tarixli, 19 saylı iclasının 02 saylı qərarı hazırkı Bələdiyyə sədri Anar Abbasov tərəfindən imzalanmışdır. Bu onun şəxsi öhdəliyi deyildir. Qanunun tələblərinə əsasən yerli büdcənin ayırmaları və təsdiqi bələdiyyə iclasının qərarı ilə həyata keçirilir. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq hesab edir ki, Xırdalan Bələdiyyəsinin sədri tərəfindən xx.xx.2025-ci il tarixli iclas keçirilmiş və Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 04 saylı iclasının 02 saylı qərarının ləğv edilməsi məsələsi iştirakçılarla birlikdə müzakirə edilərək, qanunamüvafiq qaydada ləğv edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 600 manat məbləğində pul vəsaiti Abşeron rayon Vəkil Bürosunun hesabına köçürülmüşdür. Məhkəmə, iş üzrə konkret halları nəzərə almaqla hüquqi xidmət haqqı üzrə 400 manat pulu ağlabatan məbləğ hesab edərək, 200 manat məbləğin cavabdeh Abşeron rayon X1 Tural Cəmil oğlunun xeyrinə tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 3025,36 manat məbləğində ödənilməmiş əmək haqqı və vaxtında ödənilməyən əmək haqqına görə hesablanmış ödənc kimi 5264,12 manat, cəmi 8289,48 manat və hüquqi xidmət haqqı üzrə 200 manat pul vəsaiti Abşeron rayon Xırdalan Bələdiyyəsindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5057/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5057/2025
12.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver