Məhkəmə qərarları › İş №e-2(012)-5160/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5160/2024

28.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5160/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla cəmi 750 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2014-cü il ildə faktiki olaraq nikaha daxil olmuşdur. Cavabdehlə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X9 adlı uşaqları anadan olmuşdur. Cavabdeh ilə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə münasibətlərinə son qoyulmuşdur. Nikahları formal xarakter daşıyır. Faktiki olaraq ayrı yaşayırlar. Nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2007ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X9 onun himayəsindədir. Onun valideynləri vəfat etmişdir. Bildirir ki, o, şəhid ailəsidir. X1 isə İ Qarabağ Müharibəsi döyüşlərində iştirak edərək 10 aprel 1992-ci il tarixində şəhid olmuşdur. Uşaqların bütün qayğısını, ehtiyacını yalnız o çəkir. Uşaqların həm təlimtərbiyəsi, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün çox çətindir. O, məktəbdə müəllimə işləyir. Aylıq qazancı çox azdır. Əlavə olaraq qeyd edir ki, cavabdeh onun adına bankdan kredit götürmüş, lakin heç bir ödəniş etməmişdir. Buna görə kredit onun maaşına yönəldilərək ondan tutulur. Cavabdeh maddi cəhətdən vəziyyəti olduqca yaxşıdır. Ümumiyyətlə, cavabdeh övladları ilə maraqlanmır və öz doğma övladlarına pul ödəmək istəmir və onun aliment almağa ehtiyacı var. Məlum olduğu kimi sadəcə ayda aldığı maaşla uşaqlarının inkişafına yardım göstərmək qeyri-mümkün haldır. Hal-hazırda uşaqlar təhsil alır. İkinci qızı “psarioz” xəstəliyindən çəkir. O, qızını tez-tez müalicə etdirməli olur. Həmçinin qızı X6 və X9 mədə xorası xəstəliyindən əziyyət çəkirlər. Onları tez-tez müalicə etdirməli olur. Tək valideyn kimi aldığı maaşla uşaqların maddi tələbatını qarşılamaq mümkün deyildir. Maddi vəziyyəti çox ağırdır. Buna görə də alimentin təyin edilməsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Bununla bağlı o, mediasiya təşkilatına müraciət etsə də nəticəsi olmamışdır. Odur ki, uşaqların yetinlik yaşına çatanadək saxlanılmaları üçün aliment tələbinə dair iddia qaldırmaq qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tamamilə yalandır. Belə ki, onu tanıyan bütün qohumlar və yaxınlar bilir ki, o, ailəsinə kifayət qədər maddi yardım göstərir, uşaqlarının ehtiyaclarını ödəyir. Bundan əlavə iddiaçı evdə uşaq hazırlayır və iddiaçının aylıq gəliri 1500-2000 manata yaxındır. Onun rəsmi iş yeri yoxdur, o, taksi fəaliyyəti ilə məşğul olur. Odur ki, onun maddi imkanına uyğun aliment təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 913287 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında xx.xx.2014-cü il tarixli, 17 saylı rəsmi nikah bağlanmışdır. -Tərtər Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İİ 019860 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 514593 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2010-cu il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Beyləqan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ 291000 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh rəsmi iş yeri barədə məlumat aşkar edilməmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı və Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə, qаnunun qеyd еdilən tələbini rəhbər tutub məhkəmə iclаsındа tədqiq еdilən sübutlаrı qiymətləndirərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəflərin birgə nikаhlarındаn оlаn uşаqların mənаfеyini, о cümlədən, tərəflərin diqqətəlаyiq mаrаqlаrını, iddiaçı ilə cavabdeh arasında alimentin ödənilməsinə dair qarşılıqlı razılıq olmamasını, eyni zamanda iddiaçının cavabdehin gəlirləri barədə sübutlarını məhkəməyə təqdim etməməsini, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yеtkinlik yаşınа çаtаnаdək sахlаnılmаsı üçün Ailə Məcəlləsinin 100.2. maddəsinin tələbinə əsasən alimentin iddiaçının məhkəməyə aliment tələbi ilə müraciət etdiyi vaxtdan başlayaraq tutulmalı olduğu tarixdən, yəni xx.xx.2024-cü il tаriхdən bаşlаyаrаq Cavabdeh İddiaçı хеyrinə hər аy hər bir uşaq üçün 150 mаnаt olmaqla, cəmi 450 manat sаbit pul məbləğində аlimеnt tutulmаsını məqsədəmüvаfiq hеsаb еdir. Belə ki, Ailə Məcəlləsinin qeyd olunan maddəsinin göstərişinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq):

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 112.1.3. maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə eyni zamanda, Mülki Prosessual Qanunvericiliyin tələblərinə istinad edərək qeyd edir ki, alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq (450 manat x 12 = 5400 manat) Dövlət rüsumu haqqında qanunvericiliyin 8.1.2. maddəsinə əsasən ödənilməli olan 74 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Aliment dərhal icra olunsun. Cavabdeh dövlət rüsumuna görə 74 (yetmiş dörd) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar