Məhkəmə qərarları › İş №e-2(012)-5202/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5202/2025

16.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5202/2025 16.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 və aylıq xərclərinin ödənilməsi üçün ölkə üzrə uşağın saxlanılması üçün 2025-ci ildə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə uyğun olaraq bir uşaq üçün 246 manat məbləğində aliment müəyyən edilməklə və hər ay Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu ildə rəsmi nikahda daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X3 doğulmuşdur. Övladına 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü ildə atalığın müəyyən edilməsi haqqında şəhadətnamə verilib. Cavabdeh övladının atası kimi şəhadətnamədə qeyd edilib. Uşaq hazırda yuxarıda qeyd etdiyi faktiki ünvanda kirayədə onunla birgə yaşayır. Cavabdehlə artıq 9 aydır ki, faktiki ayrı yaşayırlar. Uşağın hər hansı maddi və mənəvi ehtiyaclarının qarşılanması üçün addım atmır. Uşaqla birgə maddi çətinliklərlə çətin bir durumda olduğu üçün aliment tələbi ilə bağlı qanunamüvafiq formada ilkin olaraq mediasiyaya müraciət etmişdir. Özü heç bir yerdə işləmir və əlavə də heç bir gəliri yoxdur. Uşağın indiki bazar iqtisadiyyatı dövründə məsrəfləri həddindən artıq vəsait tələb edir ki, bunu qarşılamaq onun imkanları xaricindədir. Uşağın bütün qayğı və ehtiyaclarını tamamilə özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat yaransa da, ona qarşı heç bir diqqət, qayğı və nəvaziş göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi ona çox ağır gəlir. Buna görə də “aliment tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qanunun tələblərinə uyğun olaraq mediasiya prosesinin keçirilməsi üçün ilkin olaraq mediasiyaya müraciət etmişdir. Bununla bağlı 50 manat mediasiya xərci ödəmiş, cavabdeh ilkin mediasiyada iştirak etməkdən imtina etmişdir. Bu barədə mediator tərəfindən xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X1 və aylıq xərclərinin ödənilməsi üçün ölkə üzrə uşağın saxlanılması üçün 2025-ci ildə müəyyən edilmiş minimum əmək haqqı məbləğinə indeksasiyasına uyğun olaraq bir uşaq üçün 246 manat məbləğində aliment müəyyən edilməklə və hər ay cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 246 manat və həmin uşağın üç yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Cavabdehdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. İşdən görünür ki, tərəflər rəsmi nikahda olmuşlar və onlar arasındakı nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Onların birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşaq doğulmuşdur. Hazırda İddiaçı uşağı ilə birlikdə cavabdehdən ayrı yaşayır. Cavabdeh uşağa maddi köməklik göstərmədiyindən iddiaçı alimentlə bağlı məhkəmədə hazırki iddianı qaldırmışdır. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) muəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. "Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlara görə 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə almaqla hesab edir ki, uşağın saxlanması hər iki valideynin vəzifəsi olduğundan və bununla bağlı valideynlər bərabər hüquq və vəzifələrə malik olduqlarından uşağın saxlanılması üçün cavabdehdən sabit pul məbləğində aliment tutulmalıdır. Tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti, uşağın mənafeyi nəzərə alınmalı və Ada adlı uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum aylıq əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci və 84.2.2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın, həmçinin zəruri vəsaitə ehtiyacı olan iddiaçının əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Lakin məhkəmə cavabdehdən Ada adlı uşaq 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən Ada adlı uşaq 3 yaşına çatana kimi hər ay 100 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın üç yaşına çatanadək saxlanılması üçün hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,125 misli həddində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı hazırki iddia tələbini məhkəməyə xx.xx.2025-ci il tarixdə, iddia tələbinin həcminin artırılması barədə ərizəni isə xx.xx.2025-ci il tarixdə təqdim etmişdir. Ona görə də məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixlərdən hesablanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən İddiaçı xeyrinə hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,615 misli həddində, həmin uşağın üç yaşına çatanadək saxlanılması üçün hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,125 misli həddində aliment tutulmalı və alimentin tutulmasının əvvəli müvafiq olaraq xx.xx.2025-ci il tarixdən və xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. İddia qalan hissədə təmin olunmamalıdır. Mülki-Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,615 misli həddində aliment, xx.xx.2023-cü il təvəllüdlü X3 adlı uşağın üç yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər il sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,125 misli həddində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar