Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5215/2025 23.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahından olan xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması və alimentin 2025-ci ilin mart ayından, yəni cavabdehlə faktiki olaraq ayrı yaşadığı tarixdən hesablanması və özü üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulması və alimentin iddiaçının cavabdehə mediasiya təklifi göndərdiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanması və eyni zamanda mediasiya sessiyası üçün ödədiyi 50 manat, həmçinin vəkilə müraciət etmək üçün ödədiyi 200 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə Ağcabədi “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 55 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından bir qız övladı anadan olmuşdur - xx.xx.2024cü il təvəllüdlü X4. Cavabdehlə 5 aydır ki, faktiki olaraq ayrı yaşayır. Buna səbəb cavabdehin anasının – yəni qaynanasının cari ilin mart ayında onu evdən səbəbsiz yerə qovması, cavabdehin isə gəlib onları hazırda qaldığı atasıgildən götürüb öz evinə aparmamasıdır. Cavabdehlə ayrıldıqdan sonra uşağın saxlanılmasına görə özünə dəfələrlə müraciət edilib, lakin o nə uşağa, nə də ona maddi yardım edir. Bir valideyn kimi uşağının maddi və mənəvi tələbatlarını ödəmək cavabdehin də vəzifəsidir. Təkbaşına övladının tələbatlarını ödəyə bilmir. Eyni zamanda, körpə övladına baxır. Cavabdeh Müdafiə Nazirliyində işləyir. Onun dediyinə əsasən, 1500 manatdan çox əmək haqqı alır. Qanuna əsasən, xx.xx.2024-cü il təvəllüdlü X4 3 yaşına çatanadək onun da atadan aliment almaq hüququ var. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh, həmçinin iştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul etdilər. Cavabdeh qeyd etdi ki, alimentin qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında tutulmasına razıdır, həmçinin uşaq üç yaşına çatana qədər hər ay 50 manat alimentin tutulmasına etiraz etmir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 579194 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Ağcabədi “Asan Xidmət” X3 18 yanvar 2024-cü ildə bağlanmış və "Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 55 №-si ilə qeyd edilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, 09 sentyabr 2024-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, cavabdehin rəsmi iş yerinin və aylıq gəlirinin olması, habelə iddia tələbi nəzərə alınmalı və saxlanılması üçün xeyrinə aliment tutulan uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Bununla belə, məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, İddiaçı iddia tələbi Cavabdeh "uşaq 3 yaşına çatanadək onun xeyrinə hər ay 200 manat məbləğində alimentin tutulması” hissəsində qismən təmin edilərək, uşaq 3 yaşına çatanadək cavabdehdən iddiaçının xeyrinə hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,125 misli həddində aliment tutulmalıdır. Belə ki, Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. İş materiallarından görünür ki, İddiaçı aliment tələbinə dair iddia ərizəsini 21 avqust 2025-ci ildə məhkəməyə vermişdir. İddiaçı tələbində ¼ hissədə alimentin tutulmasının 2025-ci ilin mart ayından, uşağın 3 yaşa çatanadək saxlanması üçün alimentin tutulmasının xx.xx.2025-ci il tarixdən hesablanmasını xahiş etsə də, tələbini bu hissələrdə əsaslandırmamışdır. Ona görə də, məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərinə uyğun olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli 21 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 avqust 2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında və 09 sentyabr 2024-cü il təvəllüdlü X2 üç yaşına çatana qədər saxlanması üçün hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,125 misli həddində aliment, habelə mediasiya prosesi üçün ödənilmiş 50 manat və vəkil xərci üçün 50 manat olmaqla, cəmi 100 manat pul tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 21 avqust 2025-ci il tarixdən başlayaraq hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulsun. Cavabdeh İddiaçı xeyrinə 09 sentyabr 2024-cü il təvəllüdlü X2 üç yaşına çatanadək saxlanması üçün 21 avqust 2025-ci il tarixdən başlayaraq hər ay hər il sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,125 misli həddində aliment tutulsun. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Mediasiya prosesi üçün ödənilmiş 50 manat və vəkil xərci üçün 50 manat olmaqla, cəmi 100 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-5215/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5215/2025
23.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver