Məhkəmə qərarları › İş №e-2(012)-5538/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5538/2022

21.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5538/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Neft Kəmərləri İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********12 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən koordinatları cədvəldə qeyd olunduğu kimi olan 1 (bir) hektar (100 sot) torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsi və sahənin hasarlanması işlərinin aparılmasına maneə törətməməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 1 (bir) ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən **********12 reyestr nömrəli çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyətdə olmasına baxmayaraq, cavabdeh təşkilat həmin torpaq sahəsində tikinti aparmağa qanunsuz olaraq mane olur. Hesab edir ki, cavabdeh təşkilatın mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə olan hərəkətləri qanunsuzdur və həmin maneələrə son qoyulmalıdır. Ona görə də iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, ərizədə koordinatları qeyd olunmuş torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla bu barədə çıxarışı vardır. İddiaçı konstitusion hüquq olan mülkiyyətin toxunulmazlığı prinsipini əsas tutaraq ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən yaradılan qanunsuz maneələrin aradan qaldırılmasını istəyir. Belə ki, cavabdeh təməl prinsiplərdən biri olan mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədərək tikinti işlərinin aparılmasını əngəlləyir. Qanunsuz maneə cavabdehin əməkdaşları tərəfindən həmin ərazidə ərazinin hasarlanmasının, ərazidə ən kiçik işlərin belə aparılmasının, yardımçı, ərazinin təyinatı üzrə lazımi işlərin aparılmasının qarşısını alır. Halbuki, iddiaçının həmin işləri görməsi kimsəyə zərər vermir, əksinə, mənafeyinə uyğundur. Torpaq sahəsində xırda yardımçı kənd təsərrüfatına yardımçı olan tikililər vardır. Daha dəqiq şəkildə isə, quraşdırılmış kontinyerlər inşa edilmişdir. Tikintiquruculuq işləri dedikdə isə, başa düşülür ki, ərazinin quruluşu, oradakı vəziyyət nəzərə alındıqda, ərazi hasarlanmasa, orada torpaq bərkitmə, quruculuq abadlaşma işləri aparılmasa, hətta təyinatı üzrə fəaliyyət göstərmək mümkün olmayacaqdır. Təbii şərait, təbii şəraitin verdiyi çətinlik (yağış, su və sairə) və yaxud digər təsərrüfat-mal-qara, heyvanlar, vəhşi çöl heyvanlarının girişi, başqa şəxslərin qanunsuz girişinin qarşısının alınması baxımından zəruridir. Fotodan da göründüyü kimi, yağış yağan kimi gölməçə yarana bilir. Əsas hissə isə hasarın çəkilməsi, darvazanın qoyulmasından tutmuş yardımçı təsərrüfat binasının tikilməsi önəmlidir. Başqa sözlə, əraziyə maneəsiz giriş-çıxış mümkün deyildir. Həmin ərazidə başqa tikili mövcud deyil və təyinatı üzrə iddiaçı istifadə etmək istəyir. Yaxınlıqda isə tikili mövcud deyildir. Həmçinin, qeyd etməyi zəruri hesab edir ki, inşa edilmiş yarımtikili-hasarın müəyyən bir qismi mühafizə zonasına düşmüş olsa da, həmin tikili kənd təsərrüfat təyinatlı olmaqla, əsas məqsəd torpağın sərhədlərini müəyyən etməklə yanaşı torpağa suların dolmasının qarşısını almaqdır. Məhkəmə iclasında cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi X2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, həmin kəmərlər Neft kəmərləri idarəsinin istismarında olmaqla kəmərlərdən 50 m. kənarda mühafizə zonasına düşür. Torpaq sahəsi mühafizə zonasının müəyyən bir hissəsinə düşür, lakin çox yaxın məsafədə deyildir. Təxminən 30-35 m. məsafədə yerləşir. Həmin torpaq sahələrində hasarlar mövcuddur. Torpaq sərhədlərinin müəyyən edilməsi üçün isə hasarlar mövcuddur, lakin yaşayış üçün hər hansı bir infrastruktur mövcud deyildir. Neft kəmərinin texniki təhlükəsizlik qaydalarına uyğun olaraq, mühafizə zonasının məsafəsi 50 metr təşkil edir. Burada şəxsin mülkiyyətinin olub-olmamasının hər hansı bir əhəmiyyəti yoxdur. Torpaq sahəsinin mühafizə zonasına düşüb-düşməməsi barədə akt təqdim edə bilər. Lakin əsas mübahisə bu deyildir. Belə ki, cavabdehin mühəndisləri həmin torpaq sahəsində olmuş, mühafizə zonasına düşməyən hissədə hasar inşa edilmiş, həmin zonaya düşən hissədə isə hasar yarım saxlanılmışdır. Baxış zamanı iddiaçı yarım qalan hissənin artırılaraq giriş hissədə naves qoyulmasını bildirmişdir. Kənd təsərrüfat təyinatlı tikili mühafizə zonasından kənardadır. Sadəcə olaraq, bu kimi işlərdə formalaşmış Ali Məhkəmənin mövqeyi vətəndaşın mülkiyyət hüququnun daha üstün tutulmasıdır. Cavabdeh təşkilat buna etiraz etməsə də, çıxarışı olmayan vətəndaşlar tərəfindən də etirazın olacağı istisna edilmir. Nəticədə, Socar tərəfindən vətəndaşa məhkəməyə müraciət etmək tövsiyyə olunur. Əks halda, cavabdeh təşkilat koordinatları çərçivəsində çıxarış olduğu təqdirdə buna etiraz etmir. Cavabdehə maneə törədən hissələr Abşeron rayonu ərazisində kəmərin üzərində yerləşən fərdi yaşayış evləridir ki, həmin evlərin mövcudluğu risk daşıyır. Həmin ərazidə iddiaçıya məxsus torpaq sahəsində tikili inşa edilməmiş, ərazi boşdur. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 1 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 9 saylı reyestr kitabının 137 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********12 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli plan və ölçünün notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 1 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas: xx.xx.2006-cı il tarixli **********2000031 nömrəli torpaq sahəsinin təsdiq edilmiş plancizgisi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2006-cı il tarixli 2484 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı, Abşeron rayon Məmmədli bələdiyyəsi olmuşdur. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 ədəd fotodan görünür ki, torpaq sahəsinin yerləşdiyi ərazidə inşası tamamlanmamış hasar inşa edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 89 saylı evin 19 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı 1 ha torpaq sahəsi İddiaçı mülkiyyətində olmaqla bu barədə iddiaçıya daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsində tikinti, abadlıq-quruculuq işlərinin aparılmasına maneə törədildiyindən və torpaq sahəsindən təyinatı üzrə istifadə etmək mümkün olmadığından həmin maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı). Burada həmçinin, nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.1. maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra mətndə Torpaq Məcəlləsi adlanacaq): 9-cu maddəsinin 1. hissəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 9-cu maddəsinin 2. hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları kənd təsərrüfatı təyinatlı, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları kateqoriyalarına bölünür. 10-cu maddəsinin 1. hissəsinə əsasən, torpaqların məqsədli təyinatı torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. 13-cü maddəsinin 1. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmitədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. 13-cü maddəsinin 2. hissəsinə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Qanunun tələblərindən göründüyü kimi, daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli MH seriyalı ******* saylı çıxarış əsasında, Abşeron rayonu Məmmədli kəndində yerləşən 1 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, həmin torpaq sahəsi kateqoriyasına görə kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş və iddiaçı tərəfindən torpaq sahəsinin məqsədli təyinatı uyğun olaraq orada abadlıq işlərinin aparılması və fərdi yaşayış evinin inşa edilməməsi tərəflərin izahatı əsasında öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, kənd təsərrüfat təyinatlı torpaqlar kateqoriyasına aid edilmiş İddiaçı mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş yarımtikilinin-hasarın az bir hissəsinin mühafizə zonasına düşdüyü, mühafizə zonasına düşən hissəsinin isə sərhədlərin müəyyən edilməsi və torpağın yararsız vəziyyətə gətirəcək sulardan qorunması məqsədi ilə tikilməsi tərəflərin izahatında və şəkillərdə öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq hər hansı tikilinin kənd təsərrüfat təyinatlı torpağın istifadəsi üçün nəzərdə tutulması və təsərrüfat təyinatlı tikililərin olması iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur və həmin tikililərin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus torpaqda tikilməsi digər şəxslərin hüquqlarını pozmur və qanunvericiliyə zidd deyildir. Ona görə də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadə edilməsinə maneələr yaradıldığından və göstərilən hallar iddiaçının qanunla qorunan konstitusion hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən iddia ərizəsi qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 1 ha torpaq sahəsində tikinti, quruculuqabadlıq işlərinin görülməsi və sahənin hasarlanması işlərinin aparılmasına maneələr cavabdeh X5 İdarəsi tərəfindən aradan qaldırılmalı, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulmasını xahiş etsə də, həmin qanunsuz müdaxilələrin nədən ibarət olduğunu qeyd etməmiş, həmin hallara dair mötəbər sübutunu isə məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyü halda iddiaçı son qoyulmasını xahiş etdiyi qanunsuz müdaxilələrin nədə ifadə olunduğunu sübut etməmişdir. Bu səbəbdən də iddia ərizəsi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X3 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236 maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən kənd təsərrüfat təyinatlı ümumi sahəsi 1 ha torpaq sahəsində tikinti, quruculuq-abadlıq işlərinin görülməsi və sahənin hasarlanması işlərinin aparılmasına maneələr cavabdeh X5 İdarəsi tərəfindən aradan qaldırılsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar