Məhkəmə qərarları › İş №e-2(012)-556/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-556/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-556/2022 23.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh1 və onun vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair qeydin ləğv edilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində 22.04.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, onunla Cavabdeh1 arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində 22.04.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, çıxarış ilə ona məxsus olan ünvan 1i ərazisində yerləşən ərazini satmaq istəmişdir. Belə ki, uzun illərdir çilçıraq mağazasından tanıdığı və ev alqı-satqısı ilə məşğul olan tanışı Həziyeva Günaydan torpağı satmaqda ona köməklik etməsini xahiş etmişdir. Günay bununla əlaqədar sosial şəbəkələrdə elanlar yerləşdirmiş və torpaq sahəsini almaq istəyən bir şəxsin olduğunu, lakin nağd pulu olmadığını bildirmişdir. O, ilk öncə buna razılaşmasa da, Günay ilkin olaraq 3000 manat ödəniş ediləcəyini və qalan 17000 manatın isə 2-3 günə veriləcəyini bildirmişdir. O isə Günaya inandığı üçün bununla razılaşmış və alqı-satqı üçün notariusa getmişdir. İlkin olaraq bildirir ki, Günay vasitəçi olmuş və alqı-satqı ilə bağlı bütün danışıqları etdiyi üçün, o, Cavabdeh1 ilə danışmamışdır. Alqı-satqı zaman notariusda o, Həziyeva Günay, Cavabdeh1, bacısı Süleymanova İradə, Aslanov Rüstəm və Bədəlov Faiq iştirak etmişdir. Müqavilə imzalandıqdan sonra ona 3000 manat verilmiş və qalan pulun isə bir neçə günə veriləcəyi bildirilmişdir. O, cavabdehi tanımadığı və alıcını Günay tapdığı üçün cavabdeh ilə ünsiyyətİ olmamışdır. Eyni zamanda, alqı-satqı zamanı pulun əvəzi olaraq, avtomobil verilməsi barədə ümumiyyətlə danışıq olmamış və o, mübahisə predmeti olan avtomobili görməmişdir. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh1 2021-ci ilin aprel ayında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 23.11.2018-ci il tarixdə verilmiş **********5 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən un məmulatları sexinin 20000 (iyirmi min) manata alqı-satqısı barədə şifahi razılıq əldə etmişlər. Razılığın digər şərtinə əsasən cavabdeh iddiaçıya daşınmaz əmlakın dəyərindən ilkin olaraq 3000 (üç min) manat, daha sonra isə 17000 (on yeddi min) manat ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər 22 aprel 2021-ci il tarixdə Bakı şəhəri 23 saylı Notariat Ofisində alqı-satqı müqaviləsini rəsmiləşdirmiş və cavabdeh iddiaçıya 3000 (üç min) manat məbləğində pul ödəmişdir. Bundan bir müddət sonra iddiaçı cavabdehdən pulun qalan hissəsini tələb etsə də cavabdeh həmin pulu ödəməkdən yayınmış, bir müddət iddiaçının telefon zənglərindən yayındıqdan sonra ona bildirmişdir ki, özünün “Mercedes-Benz” markalı avtomobilini sataraq qalıq borcu bağlayacaqdır. Müqavilənin bağlanmasından altı aya yaxın bir müddət keçməsinə baxmayaraq, iddiaçıya çatmalı olan 17000 (on yeddi min) manat hələ də ödənməmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində 22.04.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, eləcə də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeyd ləğv olunmalıdır. İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində 22.04.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0.02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi və üzərində yerləşən un məmulatlar sexi ona məxsus olmuş və 2018-ci il tarixdə mübahisə predmeti olan yeri alqı-satqı müqaviləsi ilə İddiaçı satmışdır. Bir müddət sonra həmin yerin yenidən satılığa çıxarıldığını eşitmiş və ərazini almaq qərarına gəlmişdir. Belə ki, torpağın alqı-satqısına dair bütün məsələləri Günay adlı şəxs ilə danışmışdır. Torpağı 28000 manata danışmışlar, Günaya 11000 manat nağd pulu olduğunu və qalan məbləği isə 17000 manat bazar dəyəri olan Hyundai Tucson markalı minik maşını ilə əvəzləşdirə biləcəyini bildirmişdir. Qarşı tərəf razılaşdıqdan sonra 23 saylı notariusa getmişlər, o, Günay, iddiaçı, iddiaçının bacısı İradə, Rüstəm və Faiq adlı şəxslərin iştirakı ilə alqı-satqı müqaviləsi bağlamışlar. Onun notariusa İddiaçı ilə heç bir ünsiyyəti olmamış və alqı-satqı ilə bağlı Günayı tanıdığı üçün, yalnız onunla ünsiyyəti olmuşdur. Alqı-satqı zamanı İddiaçı 3000 manat əlbəəl pul vermiş və Hyundai Tucson markalı maşına görə İddiaçı adamı olan Rüstəm adlı şəxsə baş etibarnamə vermişdir. Notariusdan çıxdıqdan sonra İddiaçı maşına baxmış və halallaşmışdır. Daha sonra iddiaçı və iddiaçının bacısı Rüstəmin maşınına, Günay isə onun maşınına minmişdir. O həmin gün Bank Respublikanın qabağında bankdan 8000 manat kredit alaraq vasitəçilik etdiyinə görə Günaya pul vermiş və daha sonra maşını Neftçilər ərazisində yerləşən binanın önündə saxlayaraq, maşını Rüstəm adlı şəxs təhvil vermişdir. Hadisədən bir neçə ay sonra telefonuna zəng gəlmiş, zəng edən şəxs İddiaçı yaxın adamı olduğunu və baş etibarnaməni ləğv etməli olduğunu bildirmişdir. O, bununla razılaşmadıqda isə onu məhkəməyə verəcəyini deyərək, telefonu söndürmüşdür. Odur ki, hazırki iddia tamamilə əsassızdır və rədd edilməlidir. Cavabdeh1 vəkili X1 məhkəmə iclasında tərəflər arasında 22 aprel 2021-ci il tarixdə, Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış alqı-satqı müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun olduğunu,həmin müqavilənin etibarsız sayılması üçün heç bir əsasın olmadığını məhkəmənin diqqətinə çatdıraraq,iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 ifadəsində bildirdi ki, o, iddiaçının doğma bacısıdır. Bacısı çıxarışla ünvan 1i ərazisində yerləşən torpaq sahəsini satmaq fikrində olmuşdur. Həmin vaxt evlərinə tez-tez gələn və uzun müddətdir tanıdıqları Günay adlı şəxsdən kömək istəmişlər. Günay bir müddət sonra torpağı 20000 manat istəyən şəxs olduğunu lakin, nağd pulu olmadığını bildirmişdir. İlk öncə razılaşmasa da, ilkin olaraq 3000 manat, qalan pulun isə 1-2 həftəyə verilməsi şərti ilə notariusa getmişlər. Bu danışıqlar aralarında vasitəçi olan Günay ilə olmuş və onların cavabdehlə heç bir ünsiyyətləri olmamışdır. Notarusa o, bacısı, Günay, cavabdeh Əzim, Günayın tanışı Rüstəm və Faiq adlı şəxs iştirak etmişdir. Notariusda Günay cavabdeh ilə danışmaqlarına icazə verməmişdir. Notariusdan sonra taksi kimi fəaliyyət göstərən Rüstəm ilə evlərinə getmişlər. Məlumat üçün bildirir ki, aralarında maşınla bağlı heç bir söhbət və sövdələşmə olmamışdır. Üzərindən uzun müddət keçməsinə baxmayaraq, onlara nə pul nədəki maşın verilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşlar. Məhkəməyə şahid qismində cəlb edilmiş X7 ifadəsində bildirdi ki, o, iddiaçı Quliyeva İradə ilə çılçıraq mağazasında tanış olmuş və evlərinə gediş-gəlişi olmuşdur. İddiaçı ona Fatmayi kəndi ərazisində torpaq sahəsi olduğunu və 60000 manata satmaq istədiyini bildirmişdir. Torpaq çox uzaq yerdə yerləşdiyi üçün, 60000 manata heç kimin ərazini almayacağını bildirəndə torpağı 20000 manata satışa qoymaq qərara gəlmişlər. O, torpaq sahəsində yerləşən sexə nəzarət edərkən yaxınlıqda yaşayan Cavabdeh1 satılığa torpaq olduğunu və alıb-almamaqla maraqlandığını soruşmuşdur. Cavabdeh 20000 manat torpaq almağa razılaşsa da, nağd pulu olmadığı üçün hissəhisə ödəniş edə biləcəyini bildirmişdir. Belə ki, ilkin olaraq 3000 manat və qalan pulun əvəzi olaraq maşını verməkdə razılaşmışlar. Notariusda o, vasitəçilik etdiyi üçün bütün danışıqlarda o iştirak etmişdir. Alqı-satqı zamanı o, iddiaçı, iddiaçının bacısı İradə, Rüstəm, İddiaçı tanışı Faiq və Cavabdeh1 iştirak etmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 iddiaçıya əlbəəl 3000 manat vermişdir. Notariusdan çıxanda isə iddiaçı maşına baxaraq təhvil almışdır. Avtomobili ya o, yada ki, Rüstəm adlı tanışı satmalı idi. Eyni zamanda, Cavabdeh1 Rüstəmə baş etibarnamə vermişdir. Daha sonra İddiaçı və bacısı X9 məxsus avtomobilə minmiş və o isə Cavabdeh1 avtomobilinə minərək sözügedən avtomobili Rüstəmin evinin önündə saxlamışdır. Bundan sonra Cavabdeh1 Sumqayıt şəhərində yerləşən “Göyərçin” abidəsinin önündə vasitəçilik etdiyinə görə ona 8000 manat məbləğində pul vermişdir. Mübahisə predmeti olan avtomobilə bir müddət sonra 17000 manat alıcı tapmışdır. Alıcının adını xatırlamır. Belə ki, alıcının nağd pulu olmadığı üçün maşına görə hissə-hissə ödəniş edəcəkdi. İlkin olaraq 4000 manat pul verilmişdir. Daha sonra isə iki dəfəyə 9000 manat ödəniş edilmişdir. Lakin maşını alan şəxsin imkanı olmadığı üçün və onun pul haqq hesabı olduğuna görə, maşını alan şəxsin yerinə İddiaçı 8800 manatı ödəməyi üzərinə götürmüşdür. Lakin daha sonra uşaq dünyaya gətirdiyi üçün bir müddət işləyə bilməmiş və ödənişdə gecikmələr yaranmışdır. Hazırda özünə məxsus torpaq sahəsini satışa çıxarmış və torpaq sahəsi satıldığı halda İddiaçı borcumu ödəyəcəkdir. Məhkəməyə şahid qismində cəlb edilmiş X8 ifadəsində bildirdi ki, o, çılçıraq ustasıdır, çılçıraq təmiri və quraşdırılması ilə məşğuldur. Həziyeva Günay ilə uzun müddət çılçıraq mağazasında birlikdə işləmişlər. İddiaçı məxsus evə 3 dəfə çılçıraq quraşdırmaq üçün getmişdir. Belə ki, Günay ona zəng edərək, İddiaçı özünə məxsus torpaq sahəsini satmağı tapşırdığını, yeni alıcının ödənişlə yanaşı, maşında verəcəyəni bildirmişdir. Maşına dair ona etibarnamə veriləcəkdi və bu səbəbdən o da notariusa getmişdir. Maşının hansı səbəbdən onun adına verildiyini bilməsə də, iddiaçının maşından məlumatı olmuş və hətta maşına baxmışdır. Alqı-satqı tamamlandıqdan sonra Cavabdeh1 ona baş etibarnamə vermiş, İddiaçı ilə Süleymanova İradəni maşının harada saxlanacağını göstərmək üçün yaşadığı məhləyə aparmışdır. Bu hadisədən iki həftə sonra Günay avtomobilə alıcı tapmışdır. Avtomobilin neçəyə satıldığını bilmir. Məhkəməyə şahid qismində cəlb edilmiş X14 ifadəsində bildirdi ki, o, Cavabdeh1 tanımır. İddiaçını isə illərdir ki, tanıyır. O, alqı-satqı ilə məşğuldur və bu yolla iddiaçı ilə tanış olmuşdur. İddiaçı ona zəng edərək torpağı satmaq istədiyini, bu səbəbdən onunla gəlməsini bildirmişdir. Notariusda alqı-satqıda o, iddiaçı, iddiaçının bacısı, cavabdeh və Günay da iştirak etmişdir. İddiaçı torpağı 20000 manata, cavabdeh isə 3000 manata satdığını bildirmişdir. İddiaçı axşama pulun ona veriləcəyini bildirmişdir. Onun yanında maşınla bağlı danışıq olmamışdır. Lakin torpağın qiyməti 3000 manatdan artıq olmuşdur. Cavabdeh ünvan 2 ünvanlayaraq, ünvan 3sının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə bunun müqabilində 3000 manat məbləğində pulu satıcı İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmədə sübutlar araşdırılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri 23 saylı Notariat Ofisində bağlanmış 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən, satıcı İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,02 ha olan torpaq sahəsini tam mülkiyyət hüququ üzrə alıcı Cavabdeh1 satmağı, alıcı Cavabdeh1 isə bunun müqabilində 3000 manat məbləğində pulu satıcı İddiaçı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmişdir.Bu hal tərəflərin izahatı ilə yanaşı,iş materialları ilə tam təstiq olunur.Bundan əlavə məhkəmədə sübutların tədqiqatı zamanı işin müəyyən edilmiş faktiki hallarından görünür ki, mübahisəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsində rəsmi nəzərdə tutulmuş 3000 manatdan əlavə, 17000 manat ödəniş aparılması barədə tərəflər arasında qeyrirəsmi razılaşma olmuş, qeyri-rəsmi razılaşma İddiaçı özünün, İddiaçı etibar etdiyi və razılığı əsasında hərəkət edən məhkəmədə şahid qismində dindirilmiş X2 iştirakı ilə aparılmışdır. Tərəflərin razılığına əsasən cavabdeh torpağın dəyərinin ödənilməmiş hissəsinin dəyəri olaraq özünə məxsus 17000 manat dəyərində qiymətləndirilmiş Hyundai Tucson markalı minik maşını notariusda iddiaçı tərəfindən iştirak edən, iddiaçı tərəfin razılığı ilə X3 adına baş etibarnamə verməklə cavabdeh qeyri-rəsmi razılaşmaya əməl etmişdir.İddiaçı iddia ərizəsində və məhkəmə iclasında cavabdehə məxsus maşınla bağlı razılaşma olmadığını bildirsədə, onun izahatı məhkəmədə şahid qismində dindirilmiş X2 və X3 ifadələri ilə tam təkzib olunmuşdur. Beləliklə sübutların tədqiqatının nəticəsindən yekun nəticəyə gəlmək olur ki, 22 aprel 2021ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanılarkən tərəflər arasında həqiqi hüquqi niyyət və iradə ifadələrinin əsl məzmunu barədə razılaşma olmuş,həmin razılaşmanın şərtləri cavabdeh tərəfindən icra olunmuş,cavabdeh tərəfindən iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddənin məzmunundan göründüyü kimi, əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Digər tərəfdən Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Yuxarıda,qeyd olunduğu kimi, 22 aprel 2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsi tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmuş və cavabdeh tərəfindən alqı-satqısı müqaviləsi ilə müəyyənləşdirilmiş şərtlər pozulmamışdır. Məhkəmə 17000 manat dəyərində qiymətləndirilmiş Hyundai Tucson markalı minik maşının satışından əldə olunmuş vəsaitin İddiaçı ödənilməməsi ilə bağlı qeyd edir ki,məhkəmədə qeyd olunan maşının X7 tərəfindən satılması, satışdan əldə olunan vəsaitin İddiaçı çatdırılmalı olduğu halda, Günay Həziyeva tərəfindən çatdırılmaması,həmin vəsaiti qanunsuz özündə saxlaması işin faktiki halları ilə müəyyən edildiyindən, İddiaçı pul tələbi ilə bağlı Günay Həziyeva qarşı iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1, AR ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi və Bakı şəhəri 23 saylı Notariat Ofisinə qarşı onunla Cavabdeh1 arasında Bakı şəhəri 23 saylı Notariat Ofisində 22.04.2021-ci il tarixdə bağlanmış və AN-İ №0880105 nömrə ilə qeyd olunmuş alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, eləcə də daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 ünvan 1i ünvanında yerləşən 0,02 ha torpaq sahəsi üzərindəki mülkiyyət hüququna dair qeydin ləğv edilməsi, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı pul tələbi ilə bağlı X4 qarşı iddia qaldırmaq hüququnun olması izah edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar